İctimai fəal, “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədli görmə qabiliyyətini itirə bilər.
Bu barədə fəalın Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.
Komitənin məlumatında deyilir ki, fəalı təcridxanada müayinə edən həkim onun gözünü itirmək riski ilə üzləşdiyini deyib.
Həkimin sözlərinə görə, vəziyyətin daha da pisləşməməsi üçün Əhməd Məmmədlinin immuniteti güclü qalmalıdır. Bu məqsədlə o, hazırda yüksək kalorili yeməklərlə qidalanır və vitaminlər qəbul edir.
Komitə bildirir ki, Məmmədli 2025-ci il mayın 6-da polis tərəfindən saxlanılan zaman işgəncəyə məruz qalıb və aldığı ağır zərbələr nəticəsində onun gözündə ciddi zədə yaranıb:
“Artıq bir ayı keçməsinə baxmayaraq, həmin göz hələ də bulanıq görür. Həmçinin, işgəncə nəticəsində immuniteti çox zəifləyib. Bir neçə il öncə Əhməd Məmmədli gözlərindən iki dəfə əməliyyat keçirib və o, genetik astma xəstəliyindən əziyyət çəkir. Əhməd Məmmədli astma xəstəsi olduğu üçün həbsdə nəfəs almaqda çətinlik yaşayır. Astması üçün həkimin yazdığı dərmanları qəbul edir. Həbsxana şəraiti Əhməd Məmmədlinin səhhəti üçün uyğun deyil, onun tez zamanda ev dustaqlığına buraxılmasını tələb edirik”.
Əhməd Məmmədli barəsində mayın 8-də 4 ay həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (xuliqanlıq: silah və ya silah kimi istifadə edilən əşyaların tətbiqi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Əhməd Məmmədli ittihamı rədd edir və keçmiş siyasi-ictimai və hazırki jurnalist fəaliyyətinə görə cəzalandırıldığını deyir.