“Onu “Yoldaş media” və jurnalist fəaliyyəti ilə bağlı sorğu-sual ediblər”
Bu gün, mayın 8-də barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmiş ictimai fəal, “Yoldaş Media”nın təsisçisi Əhməd Məmmədlinin işgəncələrə məruz qaldığı və ac-susuz buraxıldığı bildirilir.
Bu barədə Meydan TV-yə Əhməd Məmmədlinin həyat yoldaşı Türkan Məmmədli məlumat verib.
“Əhməd iki gün bölmədə ac-susuz saxlanılıb. Bu dəqiqənin özündə də acdır. Sabah Kürdəxanıya gedəcəyəm. Onu “Yoldaş media” və jurnalist fəaliyyəti ilə bağlı sorğu-sual ediblər. Adama ancaq zülm ediblər. Telefonun parolunu vermədiyi üçün elektrik cərəyanına veriblər. Üstəlik, su, yemək verməyiblər ki, bezdirsinlər, dirənişini sındırsınlar”, – Türkan Məmmədli deyib.
Mayın 8-də Əhməd Məmmədli barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma), 221.3 (Xuliqanlıq: Silah və ya silah kimi istifadə edilən əşyaların tətbiqi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Həmin maddələrlə fəala 11 ilə qədər həbs cəzası verilə bilər.
İctimai fəal Əhməd Məmmədli mayın 6-da axşam saatlarında Binəqədi Rayon Polis İdarəsinin polisləri tərəfindən saxlanılıb.
İddia olunur ki, Əhməd Məmmədli mayın 6-da saat 22 radələrində Dünyamalıyev Vüqar adlı şəxsə Biləcəri qəsəbəsində qarın boşluğundan bıçaqla xəsarətlər yetirib.
Yaxınlarının bildirdiyinə görə, Əhməd Məmmədli mayın 6-da gecə saatlarında evinə gedərkən taksiyə minəndə arxasınca başqa adam da minib.
“Həmin adam onu maşında vurmağa başlayıb. Taksini saxlatdırıb, başqa maşına mindirib ərazidən uzaqlaşdırıblar. Başqa yerdə düşürüb döyüblər”.