Əfqanıstanın ilk və yeganə kosmonavtı

Diplomları Kabildə qaldığından surətini almaq üçün yenə Rusiyaya müraciət edir və yenə mənfi cavab alır.

Foto: Meydan Tv


Əbdül Əhəd Momand bir gün Əfqanıstana qayıdacağına ümidini itirmirdi

Dünyanın ilk kosmonavtı Yuri Qaqarin öz uçuşundan qısa müddət sonra dünya ölkələrini gəzməyə başladı. İlk səfər 1961-ci il aprelin 28-də Çexoslovakiyaya oldu. Daha sonra Bolqarıstan, Finlandiya, Böyük Britaniya, Polşa ziyarət edildi. İyulun sonlarında və avqustun əvvəllərində bir neçə Amerika ölkəsinə turne baş tutdu. Macarıstan səfərindən sonra isə üç aylıq fasilə yarandı.

Noyabrın sonlarında Asiya turnesi başladı. Hindistan və Şri-Lankadan sonra Qaqarin dekabrın 12-də Məhəmməd Zahir şahın dəvətilə Əfqanıstana gəldi. Kosmonavt buradakı çıxışlarının birində “vaxt gələcək bir əfqan da kosmosa uçacaq” dedi. Həmin vaxt Əfqanıstanın gələcək kosmonavtının 3 yaşının olmasına sayılı günlər qalırdı.

***

Əbdül Əhəd Momand 1959-cu il yanvarın 1-də Qəzni vilayətinin Sarde kəndində puştun ailəsində anadan olub. Atası əfqan meyarlarına görə savadlı idi, yazıb oxumağı bacarırdı. Əbdül Əhədin də oxumağa həvəsi vardı və o, yaxşı təhsiil alır. Orta məktəbi bitirəndən sonra 1976-cı ildə Kabil Politexnik İnstitutuna daxil olur. Amma buranı bitirə bilmir.

1978-ci ilin aprelində Əfqanıstanda fəsadları indiyə qədər davam edən hadisə baş verdi. Hərbi çevriliş nəticəsində marksist Xalq Demokrat Partiyası hakimiyyətə gəldi. Momand hərbi xidmətə çağrıldı və daha sonra oxumaq üçün SSRİ-yə göndərildi. O, burada Krasnodar və Kiyev hərbi aviasiya məktəblərində təhsil alır.

Vətəninə qayıdan gənc zabit hərbi-hava qüvvələrində xidmət etməyə başlayır. Xidmət dövründə yaşlı zabitlərdən birinin Bibigül adlı qızını sevir və onunla evlənir. Bir qədər sonra yenidən SSRİ-yə qayıdan Momand 1987-ci ildə Qaqarin adına hərbi-hava akademiyasını bitirir.

***

SSRİ və səkkiz sosialist ölkələri 1967-ci ildə “İnterkosmos” deyilən təşkilat təsis etmişdilər. Qurumun məqsədi kosmosun birgə öyrənilməsi idi. Bunun üçün SSRİ iştirakçı dövlətlərin elmi avadanlıqlarını kosmik texnikaya yerləşdirməyi öhdəsinə götürürdü. 1976-cı ildə isə proqramı daha da genişləndirmək, birgə uçuşlar təşkil etmək qərara alındı.

İlk belə uçuşda Çexoslovakiya nümayəndəsi iştirak edirdi. Vladimir Remek SSRİ və ABŞ vətəndaşı olmayan ilk kosmonavt oldu. Onun seçilməsində yəqin ki, atasının slovak, anasının çex olması rol oynamışdı. Beləcə, Çexoslovakiyanı təşkil edən hər iki etnos məmnun oldu.

1978-1981-ci illərdə sovet kosmonavtları ilə Polşa, Şərqi Almaniya, Bolqarıstan, Macarıstan, Vyetnam, Kuba, Monqolustan və Rumıniya vətəndaşlarının birgə uçuşu baş verdi. Sonrakı illərdə artıq sosialist olmayan ölkələrlə də əməkdaşlıq edildi, Fransa (1982) və Hindistan (1984) vətəndaşlarına kosmosa uçmaq imkanı yaradıldı. Üç illik fasilədən sonra birgə uçuşlar bərpa olundu. Suriya və bir daha Bolqarıstandan sonra növbə Əfqanıstana çatdı.

***

Əfqanıstan hökuməti yüzlərlə namizədi gözdən keçirdikdən sonra uçuşa hazırlaşmaq üçün Moskvaya iki nəfəri göndərdi: kapitan Əbdül Əhəd Momand və polkovnik Məhəmməd Dövran. İkinci də ilkin hərbi təhsilini SSRİ-də almışdı və Qaqarin adına akademiyanın məzunu idi. Namizədlərin hər ikisi rus dilini sərbəst bilirdilər.

Bir neçə ay sürən yoxlamalardan sonra üstünlük Momanda verildi. Bəzi ehtimallara görə, seçimdə Momandın puştun, Dövranın isə tacik olması əsas rol oynadı. Amma rəsmi səbəb olaraq Dövranın bir qədər əvvəl appendiks əməliyyatı keçirməsi göstərilir. Beləcə, Momand əsas, Dövran isə əvəzedici kosmonavt təyin olundu.

scale_1200.jpg
Əbdül Əhəd Momand (solda)

Heyəti Vladimir Lyaxov, Valeri Polyakov və Əbdül Əhəd Momanddan ibarət olan “Soyuz TM-6” kosmik gəmisi 1988-ci il avqustun 29-da start götürdü. Momand özü ilə kosmosa Əfqanıstan Demokratik Respublikasının bayrağını, iki nüsxə Quran və bir neçə poçt markası götürdü. Markalara kosmosda birləşəcəkləri “Mir” orbital stansiyasında olduqlarını təsdiq edən möhür vurulacaqdı. Həmin vaxt Əbdül Əhəd kosmosa uçan ən gənc adam idi.

İki sutka sonra “Mir” ilə birləşmə baş verdi. Həmin vaxt Vladimir Titov və Bakıda anadan olan Musa Manarov 8 aydan çox idi ki, “Mir”də fəaliyyət göstərirdilər. Beş kosmonavt orbital stansiyada birlikdə beş gün keçirdilər. Bu zaman Momand Əfqanıstanın çoxlu şəkillərini çəkir və sonralar bu şəkillər Əfqanıstan atlasının tərtibində böyük rol oynayır.

Uçuş zamanı Momand Qurandan surələr oxuyan zaman videoya çəkilir. Bu vaxt Lyaxov onun ayaqlarından tutub saxlayır ki, çəkisizlik şəraitində bir yerdə qala bilsin. Əfqanıstan prezidenti Məhəmməd Nəcibulla ilə telefon danışığı da baş tutur. Momand sonralar deyirdi, kosmosdan Əfqanıstan çox dinc görünürdü.

Yerə qayıtmağa hazırlaşan Lyaxov və Momand onlardan daha əvvəl gələn “Soyuz TM-5” gəmisinə keçdilər, Polyakov isə Titov və Manarovla “Mir”də qaldı. Gəmi orbital stansiyadan ayrılaraq Yerə doğru istiqamət aldı. Eniş sentyabrın 5-dən 6-na keçən gecə baş tutmalı idi, amma gözlənilməz vəziyyət yarandı. Gəminin orbitdən atmosferə keçidini təmin edən qurğularda nasazlıq yarandı.

Kompüterin proqramında baş verən nöqsan səbəbindən gəminin aqreqat bölməsi vaxtından əvvəl ayrıla bilərdi, bu zaman kosmonavtların Yerə qayıtması mümkünsüz olacaqdı. Amma məhz Momandın sayıqlığı nəticəsində qəzanın baş verməsinə 1 dəqiqə qalarkən qarşısı alınır. Bir sutka kompüterin yenidən proqramlaşdırılmasına sərf olunur, bu zaman kosmonavtlar tərpənmək mümkün olmayan eniş kapsulunda yeməksiz, susuz və tualetsiz keçirirlər. Onların cəmi iki günlük oksigen ehtiyatı vardı. Xoşbəxtlikdən, nasazlıq aradan qaldırılır, Lyaxov və Momand sentyabrın 7-nə keçən gecə Yerə qayıtdılar.

Kosmosa üçüncü dəfə uçan Lyaxov sonralar xatırlayırdı ki, enişdən sonra Momand ona deyir: “Komandir, dördüncü dəfə uçma, Allah bunu sənə bağışlamayacaq. Mən də daha uçmadım”.

Əbdül Əhəd Momand istər SSRİ-də, istərsə də Əfqanıstanda böyük coşğu ilə qarşılandı. O, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən 40-cı nə sonuncu əcnəbi oldu. Kabildə Momand və Lyaxovu qarşılamaq üçün onminlərlə insan küçəyə çıxmışdı, hərçənd bu, xeyli təhlükəli idi. Hökumət onu ƏDR Qəhrəmanı medalı ilə mükafatlandırdı, avtomobil və paytaxtda mənzil bağışladı.

140324164258_ahmad_family_624x351_bbc_nocredit.jpg
Əbdül Əhəd Momand hazırda ailəsiylə Almaniyada yaşayır

1989-cu ilin fevralında SSRİ Əfqanıstandan öz qoşunlarını çıxardı. Bundan sonra Nəcibulla hakimiyyətinin işi xeyli çətinləşdi. 1992-ci ilin aprelində Əhməd şah Məsudun hərbi qüvvələri Kabilə daxil oldular və Xalq Demokrat Partiyasının 14 il davam edən hakimiyyətinə son qoyuldu. Maraqlıdır ki, bu zaman Məsudun hava qüvvələrinə Momandın əvəzedicisi olmuş Məhəmməd Dövran rəhbərlik edirdi.

Momand həmin vaxt 6 ay idi ki, mülki aviasiya nazirinin müavini işləyirdi, amma xoşbəxtlikdən həmin vaxt Hindistanda ezamiyyətdə idi. O, ölkəsinə qayıtmaqdan imtina edir və sığınacaq üçün Rusiya səfirliyinə müraciət edir. Ancaq Moskva Sovet İttifaqı Qəhrəmanı adını daşıyan şəxsə viza verməkdən boyun qaçırır. Arvadını və qızını Hindistana gətirə bilən kosmonavta Almaniya sığınacaq verir.

Sonralar Momand Almaniyaya köçməsi haqqında deyirdi: “Bu, kosmosa uçmaqdan çətin idi. Mən uçuşa hazırlaşa bilərdim, amma Almaniyaya köçməyə hazır deyildim. Burada hər şey – dil, mədəniyyət, qaydalar yeni idi”.

Əfqanıstandan yalnız bir çamadan və bir neçə yüz dollarla gələn Momand Almaniyada hər şeyə yenidən başlamalı olur. Diplomları Kabildə qaldığından surətini almaq üçün yenə Rusiyaya müraciət edir və yenə mənfi cavab alır. Üstəlik, alman dilini də bilmirdi. O, mətbəədə fəhlə işləməyə məcbur olur. Burada qəzet və jurnal qalıqları daşıyır, kağız rulonları itələyir. Tədricən alman dilini öyrənən, adaptasiya olan Momand bir nəfərlə şərik öz şirkətini təsis edir, özü də orada çalışır. Almaniyada daha bir qızı və bir oğlu olur.

Uzun illər diqqətdən kənarda qalan əfqan komonavtı 2013-cü ildə yenidən mətbuatın gündəminə gəldi. O, uçuşunun 25-ci ildönümündə yenidən Rusiyada və Əfqanıstanda oldu. Moskva yaxınlığında bir zamanlar uçuşa hazırlaşdığı Ulduz şəhərciyinə baş çəkdi, komandiri Vladimir Lyaxovla görüşdü.

Kabildə görüşdüyü adamlardan biri isə Əfqanıstanın hərbi-hava qüvvələrinin komandiri, general Məhəmməd Dövran idi. Keçmiş dostlar xatirələrini bölüşdülər. Dövranın qolunda Momandın kosmosa uçuş zamanı taxdığı və sonra ona bağışladığı saat var idi.

Əfqanıstan prezidenti Həmid Kərzai də Momandı qəbul etdi. Görüş zamanı prezident bildirdi ki, o zaman mövcud olan rejimin əleyhdarı olsa da, bir əfqanın kosmosda olmasından qürur duyub. Momand isə özünün yazdığı və uçuşundan bəhs edən kitabı Kərzaiyə bağışladı.

***

Əbdül Əhəd Momand bir gün Əfqanıstana qayıdacağına ümidini itirmirdi. O, güman edirdi ki, əfqan hökuməti onu dəvət edib ixtisasına uyğun olan bir işlə təmin edə bilər. Amma ölkədə baş verən son hadisələr göstərir ki, Əfqanıstanın yeganə kosmonavtı qürbətdə yaşamağa məhkumdur.

Ana səhifəXəbərlərƏfqanıstanın ilk və yeganə kosmonavtı