Əfqanıstana sovet təcavüzü

Buna görə də bu dəfə reaksiya tam fərqli oldu. BMT Təhlükəsizlik şurasının 1980-ci il yanvarın 9-da keçirilən iclasında ABŞ-ın təqdim etdiyi qətnamə SSRİ-nin qoyduğu veto səbəbindən qəbul olunmasa da, qurum Baş Assambleyanın fövqəladə sessiyasının çağrılması barədə qərar qəbul etdi.

Source: Meydan Tv


Kremldə “Amerika casusu” hesab edilən Əminin sovetə o qədər etimadı vardı ki, qardaşı oğlunu müalicə üçün təcili Moskvaya göndərdi

Kabulda baş verən və bundan əvvəlki məqaləmdə bəhs etdiyim çevriliş Kremldə ciddi narahatlıq yaratdı. Hakimiyyəti ələ keçirən Hafizullah Əminin bütün sovetpərəst ritorikasına baxmayaraq, Moskva ona etimad göstərmirdi. Brejnevin şəxsi xahişinə rəğmən, Tərakinin öldürülməsindən sonra bu münasibət lap pisləşdi.

KQB şefi Andropovun heç bir fakt olmadan Əmin haqqında çıxardığı “ABŞ casusu” hökmünü sovet rəhbərliyi də qəbul etdi. Tədricən Əmini devirmək haqqında müzakirələr başladı. Amma bunu xüsusi əməliyyatla həyata keçirmək nəzərdə tutulurdu, Əfqanıstana iri qoşun birlikləri göndərmək bir müddət müzakirə mövzusu olmadı.

Əminin Tərakidən fərqli olaraq daha praqmatik siyasət yürütməsi, özünü inanclı müsəlman kimi göstərməsi, ritorikasında Allah kəlməsindən istifadə, eləcə də 1979-cu ilin fevralında ABŞ səfiri Alfred Dabsın ölümü ilə nəticələnən insidentdən sonra Vaşinqtonla demək olar ki, tam kəsilən münasibətləri mülayimləşdirmək cəhdləri Andropovun ona qarşı ittihamlarının sübutu kimi qəbul olunurdu.

Bu arada ABŞ da SSRİ-ni Əfqanıstanda gedən vətəndaş müharibəsinə cəlb etmək üçün müxəlif addımlar atır, müxalifətə hərbi yardım edirdi. O zaman prezident Karterin milli təhlükəsizlik üzrə müşaviri olan Zbiqnev Bjezinski sonralar deyirdi: “Biz rusları məcbur etmirdik, amma onların müdaxilə ehtimalını bilərəkdən artırırdıq”. Vaşinqtonda hesab edirdilər ki, bu müdaxilə SSRİ-nin həm dünyadakı nüfuzuna ciddi zərbə endirəcək, həm də ona kəskin iqtisadi problemlər yaradacaq. Öncədən deyək ki, nəticələr doğrudan da ağır, hətta ABŞ-ın ümid etmədiyi qədər ağır oldu.

***

Əfqan rəhbərliyinin hərbi yardım barədə əvvəlki xahişləri rədd edilsə də, sovet Baş qərargahının 28.04.1979 tarixli sərəncamı ilə hər ehtimala qarşı Orta Asiya xalqlarının nümayəndələri olan hərbçilərdən 154-cü əlahiddə dəstə yaradılmışdı. Müsəlman batalyonu və ya “musbat” adlandırılan bu dəstə dekabrın 7-də Əfqanıstanın Baqram şəhərindəki hərbi bazaya göndərildi.

Qəbul edilən ilk plana əsasən, Əmin onun ətrafına yerləşdirilən və KQB agenti olan aşpaz tərəfindən zəhərlənməli, bundan sonra “musbat” Baqramdan hərəkət edərək onun sarayını tutmalı idi. Amma dekabrın 13-də əfqan liderinə və onun təhlükəsizlik xidmətinin rəhbəri, qardaşı oğlu Əsədullaha verilən zəhər gözlənilən təsiri göstərmədi. Əminə ümumiyyətlə heç nə olmadı, Əsədullahın isə ertəsi gün halı pisləşdi.

Kremldə “Amerika casusu” hesab edilən Əminin sovetə o qədər etimadı vardı ki, qardaşı oğlunu müalicə üçün təcili Moskvaya göndərdi. Əsədullah bir müddət müalicə olundu, Əmin devriləndən sonra isə həbs edildi, Kabula göndərildi və ağır işgəncələrdən sonra öldürüldü.

Əminin zəhərlənməsinin baş tutmaması ilə əlaqədar idi, ya yox, elə həmin gün, dekabrın 13-də sovet Kommunist Partiyasının Siyasi Bürosu Əfqanıstana qoşun yeritmək barədə qərar qəbul etdi. İştirakçılardan yalnız Baş nazir, ölkənin iqtisadi vəziyyətinə yaxşı bələd olan Aleksey Kosıgin bu qərarın əleyhinə səs verir.

Sovet siyasi və hərbi rəhbərliyinin toplantılarının birində Baş qərargah rəisi Nikolay Oqarkov da müdaxilənin əleyhinə çıxır və bunun ciddi siyasi nəticələr doğuracağını söyləyir. Andropov onun sözünü kəsərək “Bizdə siyasətlə məşğul olanlar var. Siz işin hərbi tərəfi ilə məşğul olsanız yaxşıdır” deyir. Maraqlıdır ki, siyasətçilərin yox, məhz hərbçinin siyasi proqnozu düz çıxdı.

Devriləcək Əminin yerinə namizədi də KQB və Andropov müəyyənləşdirdi: Pərçəm fraksiyasının lideri Babrək Karmal. Bu daha bir uğursuz addım idi. Çünki Pərçəm XDP-da həmişə azlıqda olan fraksiya idi. Yaranmış vəziyyətdə loyallığına böyük ehtiyac olan əfqan ordusunda mövqeləri də xeyli zəif idi.

Digər tərəfdən, seçim Karmalın şəxsi keyfiyyətlərinə görə də uğurlu sayılmazdı. 1980-1981-ci illərdə Əfqanıstan ordusunun Baş hərbi məsləhətçisi olmuş general Aleksandr Mayorov Karmalı nəzərdə tutaraq yazırdı: “Həyatım boyu axmaqları, tənbəlləri və əyyaşları sevməmişəm. İndi bütün bu keyfiyyətlər bir adamda cəmlənmişdi və bu adam dövlət başçısı idi”.

2.jpg
Hafizullah Əmin (solda)

Karmal 1978-ci ilin avqustanda Çexoslovakiyaya səfir təyin olunmuş, bir neçə aydan sonra da hökumət əleyhinə fəaliyyətdə günahlandırılaraq vəzifəsindən azad edilmişdi. O, Praqada yaşamaqda davam edirdi. Əminin yerinə namizəd seçiləndən sonra Moskvaya çağrıldı, dekabrın 14-də isə KQB əməkdaşlarının nəzarəti altında Əfqanıstana, Baqram bazasına aparıldı. Əminin bundan xəbəri, təbii ki, yox idi.

Baş tutmayan zəhərlənmədən sonra müsəlman batalyonun da dislokasiyası dəyişdirildi. O, Əminin iqamətgahı yerləşən Tacbəy sarayının yaxınlığına yerləşdirildi. Sarayın mühafizəsi üç haqlqadan ibarət idi, “musbat” ikinci halqanı təşkil edəcəkdi. Batalyon guya Əminin mühafizəsini gücləndirmək üçün buraya gətirildi, əslində isə hücumda iştirak edəcəkdi.

Əmin 100 günlük hakimiyyəti ərzində SSRİ-dən 7 dəfə hərbi yardım xahiş etmişdi. Əməliyyat zamanı elə bu xahişlərə istinad etmək qərara alındı. Dekabrın 19-da Baqram şəhərindəki hərbi bazaya təyyarələrlə xüsusi təyinatlı qüvvələr, 25-də isə 103-cü desant diviziyası göndərildi. Elə həmin gün sovet quru qoşunlarının bəzi hissələri sovet-əfqan sərhədini keçməyə başladılar.

“Fırtına-333” adı verilən əməliyyat dekabrın 27-nə təyin olundu. Plana görə, Əmin yenə zəhərlənəcək və bundan sonra Tacbəy sarayına hücum başlayacaqdı. Amma zəhər Əminə tam təsir etmədi. Əfqan həkimlərə etibar etməyən Əmin huşunu itirməzdən əvvəl sovet səfirliyinə zəng edərək həkim istədi. Özlüyündə maraqlı olan bu faktdan daha maraqlısı odur ki, sovet səfirliyi də hazırlanan əməliyyat barədə heç nə bilmirdi və Tacbəyə iki həkim göndərdi, onlar da Əmini özünə gətirdilər. Həkimlərdən biri, polkovnik Kuzneçenkov hücum zamanı sovet hərbçiləri tərəfindən təsadüfən öldürüldü.

Saraya hücum müsəlman batalyonu ilə yanaşı “Qrom” və “Zenit” xüsusi qruplarına, eləcə də bir desant rotasına həvalə olundu. Müdafiəçilərə kənardan kömək gəlməsini önləmək üçün iki tədbir görüldü: telefon xəttinin keçdiyi yeraltı qovşaq partladıldı, nəticədə bütün Kabulda telefon əlaqəsi kəsildi və Baş qərargah rəisi, Əminin yaxın qohumu (bacısının əri), Ryazan hava-desant ali hərbi məktəbinin məzunu Məhəmməd Yaqub öldürüldü.

Hücum axşam saatlarında başladı. Bu zaman artıq özünə gələn Əmin hücum edənlərin islamçılar, ya pərçəmçilər, ya da Təraki tərəfdarları olduğunu güman edərək yavərinə ruslara zəng edib kömək istəməyi tapşırır. Yavər hücum edənlərin ruslar olmasını söyləyəndə ona külqabını tullayaraq “yalan deyirsən, ola bilməz” cavabını verir.

Əməliyyat 43 dəqiqə çəkdi. Əvvəlcə şiddətli müqavimət göstərən əfqanlar hücum edənlərin ruslar olduğunu biləndə təslim olmağa başladılar. Əmin və iki azyaşlı oğlu, eləcə də sarayın 200-ə qədər mühafizəçisi öldürüldü. Öldürülənlər arasında xarici işlər nazirinin arvadı da vardı.

“Fırtına-333” hərbi nöqtəyi-nəzərdən uğurlu keçdi. Xüsusi təlim görmüş (təlimi elə sovet hərbçiləri keçmişdirlər) çoxsaylı hərbçilər tərəfindən mühafizə olunan obyekt qısa müddət ərzində ələ keçirildi və bu zaman 14 nəfər itki verildi. Ölənlərin beşi zabit (bir polkovnik, iki kapitan, iki baş leytenant), qalanları isə serjant və sıravilər idilər.

Babrək Karmal dekabrın 28-nə keçən gecə Baqramdan Kabula gətirildi. Onun rus süngüləri üzərində 7 il davam edən hakimiyyəti başladı. Sovet İttifaqı üçün isə əvvəlcə bir neçə ay sürəcəyini düşündükləri, gerçəklikdə 9 ildən artıq davam edən müharibə başladı.

31.jpg
Əməliyyatın keçirildiyi sarayın son dövrlərdəki vəziyyəti

Fələstin münaqişəsində və İsrail-ərəb müharibələrində tutduğu mövqeyə görə, SSRİ müsəlman dünyasında müsbət nüfuza maik idi. vardı. Lakin Əfqanıstana müdaxilə həmin coğrafiyada olduqca mənfi reaksiya doğurdu, həmin nüfuzu bir daha bərpa olunmayacaq dərəcədə zədələdi.

Sovet rəhbərliyini Əfqanıstana müdaxiləyə həvəsləndirəcək amillərdən biri də, ola bilsin, 1956-cı ildə Macarıstana, 1968-ci ildə isə Çexoslovakiyaya etdiyi müdaxiləyə beynəlxalq reaksiyanın zəif olması idi. Amma indi həmin illərlə müqayisədə xeyi fərqli vəziyyət mövcud idi.

1956-cı ildə Britaniya, Fransa və İsrail Süveyş böhranı çərçivəsində Misirə qarşı təcavizə başlamışdılar. 1968-ci ildə isə ABŞ-ın apardığı Vyetnam müharibəsinin qızğın çağı idi. Belə bir vəziyyətdə SSRİ-ni qınamaq məntiqli olmurdu. İndi isə belə hal yox idi. ABŞ hətta İrandakı səfirliyinə hücum və əməkdaşların girov götürülməsi müqabilində hərbi əməliyyatlar üçün bütün hüquqi əsasları olsa da, diplomatik addımlara üstünlük verirdi.

Buna görə də bu dəfə reaksiya tam fərqli oldu. BMT Təhlükəsizlik şurasının 1980-ci il yanvarın 9-da keçirilən iclasında ABŞ-ın təqdim etdiyi qətnamə SSRİ-nin qoyduğu veto səbəbindən qəbul olunmasa da, qurum Baş Assambleyanın fövqəladə sessiyasının çağrılması barədə qərar qəbul etdi. Bu qərarın əleyhinə TŞ-nın 15 üzvündən SSRİ-dən başqa yalnız bir dövlət – Şərqi Almaniya səs verdi, Zambiya da bitərəf qaldı.

Yanvarın 10-14-də keçirilən fövqəladə sessiyada müdaxiləni pisləyən və “bütün xarici qüvvələrin çıxarılması”na çağıran qətnamə 104 səs lehinə və 18 səs əleyhinə kimi böyük bir fərqlə qəbul edildi. Qətnamə məcburi xarakter daşımasa da, SSRİ-nin beynəlxalq arenada məruz qaldığı ən böyük fiasko idi.

Səsvermə zamanı SSRİ-nin mövqeyini yalnız Varşava Müqaviləsi Təşkilatının üzvü olan ölkələr, eləcə də Suriya, Laos, Vyetnam, Monqolustan, Cənubi Yəmən, Kuba, Anqola, Efiopiya, Mozambik və Əfqanıstan dəstəklədi. Hətta Hindistan, Finlandiya, Əlcəzair kimi SSRİ ilə dost ölkələr, sandinistlərin yenicə hakimiyyətə gəldiyi Nikaraqua belə bitərəf qalmağa üstünlük verdilər.

1980-ci ilin yayında Moskvada keçirilən yay Olimpiadasını 66 ölkə boykot etdi. Bu, olimpiya oyunları tarixində görünməmiş boykot hərəkatı idi. Nətcədə Moskva Olimpiadasında cəmi 81 ölkədən idmançılar iştirak etdilər.Bu da ondan əvvəlki beş olimpiya oyunlarında olduğundan az idi. Sonuncu dəfə daha az ölkə 1956-cı ildə Melburnda keçirilən oyunlarda iştirak etmişdi – 67.

Ən son hesablamalara görə, Əfqanıstanda həlak olan sovet hərbçilərinin sayı 26 min təşkil edir. Müharibənin iqtisadi nəticələri isə daha dəhşətli oldu. Həm Kabul rejiminin dəstəklənməsinə, həm də müharibənin aparılmasına nə qədər xərc çəkildiyi dəqiq heç vaxt hesablanmadı. Amma bu rəqəmin onmilyardlarla dollar təşkil etdiyi şübhə doğurmur. Yuxarıda adını çəkdiyim Aleksandr Mayorov müharibənin hər gün 1,5-2 milyon rubla başa gəldiyini yazır.

SSRİ büdcəsinin əsas donoru olan neftin qiymətinin 1980-1982-ci illərdə yüksək olması bir müddət müharibənin iqtisadi ağırlığına davam gətirməyə imkan verdi. Amma qiymətlərin 1982-ci ildən sonra tədricən ucuzlaşması, xüsusən də 1986-cı ildə çökməsi kommunist imperiyasına kollaps yaşatdı və süqutunun əsas səbəblərindən biri oldu.

min.jpg
Qromıko, Taraki və Brejnev
Ana səhifəXəbərlərƏfqanıstana sovet təcavüzü