Əfqan Muxtarlının vəkili ilə görüşünə imkan verilməyib

Vəkilin bildirdiyinə görə, o, cəzaçəkmə müəssisəsinə Müsavat Partiyasının başqanı Arif Hacılı ilə birlikdə gedib.

Source:


Nemət Kərimli: “Qeyri-iş günü” bəhanəsilə görüş vermədilər”

Həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlı yaxınlarına cəzaçəkmə müəssisəsində ona qarşı təxribat törədilə biləcəyini demişdi. Jurnalistin həyat yoldaşı Leyla Mustafayeva bu barədə mediaya açıqlamasında bildirmişdi ki, Ə.Muxtarlı vəkili Nemət Kərimliyə zəng eləmək istəyib. Lakin buna da imkan verilməyib.

Bu məsələ ictimailəşəndən sonra vəkil N.Kərimli durumu aydınlaşdırmaq üçün özü cəzaçəkmə müəssisəsinə gedib, müvəkkili ilə görüşmək qərarına gəlib. Avqustun 25-də vəkil jurnalistin saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsinə getsə də, onun Ə.Muxtarlı ilə görüşməsinə icazə verilməyib.

Vəkilin bildirdiyinə görə, o, cəzaçəkmə müəssisəsinə Müsavat Partiyasının başqanı Arif Hacılı ilə birlikdə gedib.

“Qeyri-iş günü” bəhanəsilə nə mənə, nə də Arif bəyə görüş verdilər. Qanuna görə, vəkilin öz müvəkkili ilə istənilən qədər və konfidensial görüşmək hüququ var. Əfqan Muxtarlı ilə bağlı yayılan məlumatlar, ona qarşı mümkün təxribat ehtimalı barədə söylədikləri və vəkili ilə əlaqə saxlamasına imkan verilməməsi təbii ki, narahatlıq yaradır. Görüşə imkan verilməməsi isə bu narahatlığı bir qədər də artırdı”, – N.Kərimli bildirib.

Həftəsonu olduğundan Meydan TV Penitensiar Xidmətdən məsələyə münasibət öyrənə bilməyib.

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-u Azərbaycanda həbs edilib. Onun dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.

Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.

Ana səhifəXəbərlərƏfqan Muxtarlının vəkili ilə görüşünə imkan verilməyib