ECPMF: “Sevinc Vaqifqızı, Elnarə Qasımova və Nərgiz Absalamovanın həyatı təhlükədədir”

Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova. Foto: Meydan TV

Avropa Mətbuat və Media Azadlığı Mərkəzi (ECPMF) “AbzasMedia işi” üzrə həbs olunan jurnalist Sevinc Vaqifqızı, Elnarə Qasımova və Nərgiz Absalamova barəsində bəyanat yayıb.

Bəyanatda bildirilir ki, bir müddət əvvəl jurnalistlərin saxlanıldığı Lənkəran Penitensiar Kompleksində məhbuslara qarşı zorakılıq hallarının yayılmasından sonra ailələri övladları üçün narahat olduqlarını qeyd ediblər. Mərkəz bəyanatda müəssisə rəhbərinin bir qadın məhbusa qarşı fiziki zorakılıq göstərməsi iddiasından bəhs edib.

ECPMF qeyd edir ki, jurnalistlarin zorakılıq göstərən müəssisə rəhbərliyi ilə eyni həbsxanada olması onların həyatı üçün ciddi təhlükə yaradır.

“Qadın jurnalistlərin qadın məhbusla bağlı zorakılıqda ittiham olunan bir şəxsin nəzarət etdiyi bildirən həbsxanaya yerləşdirilməsi onların təhlükəsizliyi və sağlamlığı üçün  risk yaradır. Biz Azərbaycan hakimiyyətini onların təhlükəsizliyini təmin etməyə, müstəqil monitorinqə şərait yaratmağa və zorakılıqla bağlı bütün iddiaların operativ və qərəzsiz şəkildə araşdırılmasını təmin etməyə çağırırıq”, – deyə mərkəz bəyanatda qeyd edib.

Mərkəz qadın jurnalistlərin 2025-ci ilin iyununda məhkəmə prosesində “ciddi prosessual pozuntular”ın olduğu barədə geniş tənqidlər fonunda uzunmüddətli həbs cəzalarına məhkum edildiyini qeyd edib. Onların həbsdə olan müddətdə həbsxana şəraitini sənədləşdirərək jurnalist fəaliyyətlərini davam etdirdiklərini bildiriblər.

ECPMF bəyanatında jurnalistlərin ailələri və müstəqil media ilə həmrəy olduğunu və jurnalistikanın cinayət olmadığını deyib.

“Biz həbsdə saxlanılan jurnalistlərlə, onların ailələri ilə və Azərbaycanda müstəqil media ilə həmrəyik. Jurnalistika cinayət deyil”, – deyə bəyanatın sonunda qeyd edilib.

Fevralın 2-də AbzasMedia-nın qadın jurnalistləri Lənkəran Penitensiar Kompleksinin rəisi Babək İsgəndərovun öz iş otağında qadın məhkumu döyməsi ilə bağlı yazı dərc etmişdi. Bundan sonra jurnalistlərin valideynləri övladlarının həyatlarından narahat olduqlarını qeyd etmişdilər.

“AbzasMedia işi” üzrə hazırda 7 nəfər həbsdədir. 2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə qurumun direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, araşdırmaçı-jurnalist Hafiz Babalı, iqtisadçı Fərid Mehralızadə 9 il, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, direktor müavini Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq və digər cinayətlərdə təqsirli biliniblər.

Jurnalistlər irəli sürülən ittihamları rədd edir, həbslərinin apardıqları korrupsiya araşdırmalarına görə siyasi sifariş olduğunu bildirirlər.

Ötən il sentyabrın 26-da Sevinc Vaqifqızı, Elnarə Qasımova, Nərgiz Absalamova Lənkəranın Qurumba kəndində yerləşən Penitensiar Kompleksə köçürülüb.

Ana səhifəSiyasətECPMF: “Sevinc Vaqifqızı, Elnarə Qasımova və Nərgiz Absalamovanın həyatı təhlükədədir”