“Ecofront”: Ətraf mühitin mühafizəsində

“Ecofront”: Ətraf mühitin mühafizəsində


Azərbaycanda eko-aktivizm güclənməkdədir. Yaxın zamanlara qədər su hövzələrini zibillərdən azad etmək istəyənlərin, meşələrin qırılmasına etiraz edənlərin sayı yalnız bir neçə nəfər idisə, bu gün belələri yüzlərlədir. Onlar cəmiyyətin diqqətini cəlb edə və getdikcə daha çox həmfikir insanları öz tərəflərinə çəkməyi bilirlər. Meydan TV-nin bu materialında “Ecofront” hərəkatından bəhs olunur.

Azərbaycanda əvvəllər də ətraf mühit problemlərinə dair bir sıra QHT-lər tərəfindən layihələr icra edilib və müəyyən kiçik vətəndaş təşəbbüsləri də olub. Lakin “Ecofront” hərəkatının yaranmasına qədər ekoloji problemlər bu qədər cəmiyyətdə diqqət mərkəzində olmurdu və ciddi müzakirə mövzusuna çevrilmirdi. Hərəkatdakı gənclər hesab edir ki, müvəffəqiyyətlərinin düsturu ondadır ki, onlar ətraf mühitə qayğının vacibliyini və bunu necə etməyin mümkünlüyünü öz şəxsi nümunələri ilə göstərirlər.

“Qlobal düşün, lokal hərəkət et”

“Ecofront” təxminən iki il öncə, cəmi bir neçə fəalin təşəbbüsi ilə yaranıb. Lakin bu gün hərəkatın yüzdən çox fəal üzvü var və o öz sıralarında ətraf mühitin mühafizəsi üzrə mütəxəssislərdən, zooloq və bioloqlardan tutmuş ən adi sakinlərə qədər müxtəlif insanları birləşdirə bilib.

“Əslində hər kəs yerli səviyyədə hansısa lokal bir problemi həll etməklə ümumilikdə ətraf mühitə öz töhfəsini vermiş ola bilər. Bizim əsas şüarlarımızdan biri belədir: “Qlobal düşün, lokal hərəkən et”, – hərəkatın təşəbbüskarlarından olan eko-aktivist Cavid Qara deyir.

O, yerli səviyyədə həll edilən problemlərə misal olaraq, “Ecofront”un Azərbaycanın Qax və Şəki rayonlarında meşələrin qırılmasına qarşı keçirdiyi kampaniyaları nümunə gətirir. “Məsələn, hər hansısa bir ərazidə meşələrin kütləvi məhvi ümumilikdə ekosistemə təsir edir, bu isə daha geniş ərazidə sellərə və torpaq sürüşmələrinə səbəb olur, nəticədə insanların həyatına birbaşa təsirsiz ötüşmür”, – Cavid izah edir. “Ecofront” qısa zamanda ətraf mühitin mühafizəsi ilə bağlı müxtəlif kampaniyalar həyata keçirərək ekoloji problemlərə ictimaiyyətin diqqətini cəlb edə və onların həllinə nail ola bilib. Cavid Qara hesab edir ki, onların uğur qazanmasında sosial şəbəkələrin rolu böyükdür: “Bizim ən uğurlu və məşhur aksiyamız olub – “meşələri kürümə” və “ceyranları qoruyaq” kampaniyaları. Onlar Qaxda və Şəkidə qış otlaqlarının zəbt olunmasına və meşələrin kürünməsinə qarşı idi” – deyir eko-aktivist.

image00019.jpeg
“Ecofront” hərəkatının fəaliyyəti

Bu kampaniyalara yüzminlərlə insan qoşulması sayəsində hərəkat ciddi nailiyyətlər əldə edə bilir. Şəki və Qaxdakı meşə ərazilərdə yerli şirkətlərdən biri ağacları kökündən çıxarıb yerində fındıq bağları salmaq istəyirdi. Ceyranların olduğu Qax Dövlət Təbiət Yasaqlığında isə, digər bir şirkəti 7 min 500 hektardan ərazidə taxıl əkməyə hazırlaşırdı. “Həmin əraziyə ceyranlar gətirilmişdi və artıq neçə illər orda sayları xeyli artmışdı. Biz ceyran amilindən orda yaxşı istifadə edə bildik, karikaturalarla göstərdik, traktorun önündə qaçan ceyran… Vizual olaraq çox təsirli idi və nəticəsi də olmuşdu, həmin kampaniya birə beş maraq cəlb eləmişdi”, – “Ecofront”un digər təşəbbüskarlarından olan Elvin Məmmədsoy belə deyir və əlavə edir ki, onlar həm də məsələlərə daha yaradıcı yanaşmağa və maraqlı təqdimatlar etməyə çalışırlar.

Real kömək

Bu ilin yayından “Ecofront” göllərin zibillərdən təmizləməsinə başlayıb. Hərəkat üzvləri yerli sakinlərlə birgə artıq üç gölü təmizləyə biliblər. Onlardan ən sonuncusu və ən irisi Bakının Binəqədi qəsəbəsində yerləşir. Bu gölün təmizlənməsi üçün “Ecofront”a yerli sakinlər özləri müraciət ediblər.

“Biz tez-tez bura balıq tutmağa gəlirdik, amma ətraf çox zibilli idi. Hərdən zibilləri özümüz də yığırdıq, ancaq bu, bir-iki adamın işi deyildi. – deyir qəsəbə sakini Bəhlul İsmayıllı. – Biz “Facebook”da “Ecofront”un səhifəsinə müraciət elədik, onlar gəlib zibilləri təmizlədilər. Yerli balıqçılar da, biz də kömək elədik”. Göllərin təmizlənməsi cəmiyyətdə xüsusi maraq doğurub. Bu aksiyaların sayəsində hərəkat daha da populyarlaşdı və ətrafına xeyli üzvlər və eləcə də maddi dəstək cəlb edə bildi:

“Təmizlik aksiyaları belədir ki, bunun praktiki tərəfi də var, insanlar yalnız sosial şəbəkədə fikrini bildirmək yox, gəlib praktiki olaraq da iştirak eliyə bilirlər, – Cavid Qara izah edir. – Binəqədi gölündə təmizlik aksiyamız xeyli müddət çəkdi, təqribən bir aydan artıq intensiv şəkildə işlədik, 15 təmizlik aksiyası keçirdik və yüzlərlə insan gəlib orda praktiki olaraq işlədi. Daha çox sayda media qurumları gəlib aksiyalarımızı işıqlandırdı. Televiziyaya dəvət olunduq və buna görə də daha böyük kütləyə çıxa bildik”.

2.jpeg
“Ecofront” hərəkatının fəaliyyəti

Davamlı yanaşma və yaxşı nəticə

Eko-aktivistlər geniş kütləyə çıxmağa bilməyin əsas prinsiplərindən biri də ardıcıl, davamli fəaliyyət olduğuna inanırlar.

“Yalnız bir neçə dəfə aksiya keçirməklə kifayətlənmək lazım deyil. İnsanlar nəticəni görməyi sevirlər. Necə ki, burda gölün təmizlənməsində, bundan əvvəlki uğurlu layihələr, kütləvi meşə qırğınının qarşısının alınması, artıq insanlarda bizə bir inam yaradır. Və onlar görürlər ki, biz real iş görə bilirik və buna görə də bizə qoşulurlar, bizim digər ekoloji layihələrimizə də aktiv iştirak etməyə başlayırlar”. Cavid Qara qeyd edir ki, Bakı göllərinin əsas problemi məişət tullatıları və kanalizasiya suaları ilə çirkləndirilməsidir. Binəqədi gölünə də kanalizasiya suları tökülür: “Məsələ ondadır ki, kanalizasiya suları burdan da yaxınlıqdakı Masazır gölünə axıdılır və ordan da duz istehsal olunur. Hazırda bu məsələ, geniş ictimaiyyətin diqqətindədir. Bizdə olan məlumata görə, prokurorluqda bununla bağlı Masazır gölündə fəaliyyət göstərən “Azərduz” müəssisəsinə qarşı işi açıb və ciddi araşdırmalar gedir”.

Bakı göllərinin digər problemləri isə qanunsuz ovçuluq və torla balıq tutmaq kimi fəaliyyətlərdir. “Ecofront” bu istiqamətlərdə də müəyyən işlər görməyə çalışır. Vəhşi quşlara xüsusi maraqlanan Elvin Məmmədsoy deyir ki, Binəqədi gölünün xüsusən köçəri su və bataqlıq quşları ilə bağlı potensialı yüksəkdir. Təmizlik işlərindən sonra hərəkat üzvləri yerli sakinlərlə birgə gölün ətrafında mütəmadi müşahidələr aparmağa, qanunsuz halların qarşısını almağa çalışırlar. Lakin qanunsuz ovçuluq və balıqçılığın qarşısını ala bilmək uzun müddətli mübarizə, əhali arasında davamlı təbliğat işlərinin aparılmasını tələb edir.

1.jpeg
Ərazidə kəsilən ağaclar

“Burda Binəqədi gölündə yetərincə canlı var. Görəndə ki, onlar təmiz şəraitdə yaşayırlar, istər- istəməz adama çox xoş təsir edir”, – deyən Nurlana Şahin Binəqədi gölünün təmizlənməsində ilk gündən iştirak edir. Deyir, ətraf mühitin problemləri onu əvvəllər də narahat edib, “Facebook”da hərəkatın Binəqədidəki aksiyasında iştiraka dair dəvəti görən kimi qoşulub və artıq “Ecofront”un ən fəal üzvlərindəndir.

Sosial media vasitəsi ilə “Ecofront”un keçirdiyi kampaniyalardan xəbər tutaraq onun sıralarına qoşulan digər bir gənc isə, Kənan Xəlilzadədir: “Bu dünyada bizdən başqa da canlılar yaşayır, onu da fikirləşmək lazımdı. Bəzi insanlar həqiqətən də bunun fərqində deyillər. Mən meşə zonasında ağacların qırılması faktlarını Cavidlə birgə toplayararkən də, gölləri təmizləyəndə də bunların fərqinə vardım ki, insanların törətdiyi bu xoşagəlməz hallar, deyək ki, zibilləmək olsun, ağacların kəsilməsi olsun, ovçuluq olsun, bu, nə qədər vəhşi təbiətə zərər vurur”.

Media Şəbəkəsinin dəstəyi ilə

Ana səhifəVideo“Ecofront”: Ətraf mühitin mühafizəsində