Mənbə: Meydan Tv

“Əcnəbilər kosmosa uçur, biz Xınaxlıya telefon xətti çəkdirə bilmirik”

Kənd sakinləri yolsuzluqdan, qazsızlıqdan da gileylidir

Ağdaş rayonunun Xınaxlı kəndi rayon mərkəzindən təxminən 50 kilometr kənarda yerləşir. Kəndə gedən yol son bir neçə ildir təmir edilib, amma kəndiçi torpaq yollar sıradan çıxıb, qışda palçıqdan, yayda tozdan keçilməz olub.

Kənd sakinləri deyir ki, problemləri təkcə yol deyil. 100-ə yaxın evin yerləşdiyi kənddə qaz da yoxdur.

Sakinlər Meydan TV-yə bildiriblər ki, kəndin yaxınlığındakı digər kəndlər qazla təmin edilsə də, Xınaxlıya mavi yanacaq verilmir. Qışda odundan istifadə edirlər, odun isə son 1 ildə 50 faiz bahalaşıb.

«Kəndimiz Zərdab rayonunun Seyidlər kəndi ilə sərhəddi, o kənddə qaz var. Şikayət edilib, amma deyiblər ki, yaxın gələcək üçün proqrama salınmayıb, gözləyin. Heç olmasa neçə ilə qaz çəkiləcəyini də demirlər», - kənd sakinlərindən biri deyir.

Sakinlərin daha bir dərdi telefon və internet xəttinin çəkilməməsidir. Təhsil Nazirliyi tərəfindən kənddə 40 şagirdlik modul tipli məktəb tikilib. Lakin internet olmadığından uşaqlar tədris mövsümü boyu onlayn təhsilə qatıla bilməyiblər.

Əslən Xınaxlıdan olan Arif Məmmədov deyib ki, kənddə telefon və internet xəttinin çəkilməsi üçün Bakıda döymədiyi qapı qalmayıb.

«İş olmadığından Bakıya köçdüm, amma yaxın qohumlarım bu kənddə yaşayır. Əcnəbilər kosmosa uçur, biz Xınaxlıya telefon xətti çəkdirə bilmirik ki, uşaqlar təhsil ala bilsinlər. Kəndin 3-4 kilometrliyində telefon xətti var, Xınaxlıya çəkilməsi üçün ciddi problem olmamalıdır. Yeganə səbəb oldur ki, kasıb kənddir, sakinlər şikayət etməkdən, dərdlərini danışmaqdan çəkinirlər. Bəzən mobil telefonlar da tutmur, bacı-qardaşlarımla əlaqə saxlaya bilmirəm», - hazırda kənddə olan Arif Məmmədov deyib.

Kənd sakinləri heyvandarlıq və əkinçiliklə dolanırlar. Kəndin içməli su problemi var. 450-500 sakini olan kənddə cəmi 2 artizan quyu var, sakinlər suyu artizandan daşıyırlar. Bu yaxınarda 3-cü artizan quyusunun qazılacağı vəd olunsa da, təxirə salınıb. Həyətyanı sahələr isə arxdan gələn su ilə suvarılır.

Gündüzlər kəndin küçələri boş olur, hamı ya sahədə, ya da evdədır. Axşamlar isə bir yerə yığılaraq eşitdiklərini müzakirə edirlər.

«Bəziləri Rusiyaya qazanc dalınca gedib ki, ailəsinə beş manat çörək pulu göndərə bilsin. Kəndin ən böyük problemi internetdir, son xəbələr belə 10-15 günə çatır. Dağ rayonlarının ucqar kəndlərinə telefon, internet çəkilib, Ağdaşda isə yoxdur»,-adını söyləmək istəməyən sakin deyib.

Ağdaş Rayon İcra Hakimiyyətindən yalnız onu bildiriblər ki, qaz xətti proqrama əsasən mərhələ ilə çəkilir, telefon xətti ilə bağlı maraqlanacaqlar.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə sualı dinləyəndən sonra telefonu məşğula atıblar. Dəfələrlə zəng olunsa da, cavab almaq mümkün olmayıb.

Kənd

Kənd

Mənbə: Meydan Tv

Kənd

Kənd

Mənbə: Meydan Tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0gzhla

Ən çox baxılan