Durov ilk dəfə bəyanat yaydı: ““Telegram” “Anarxist cənnət” deyil”

Pavel Durov. Foto: Reuters

O, ittihamlardan təəccübləndiyini deyib

“Telegram” yaradıcısı Pavel Durov Fransada həbsi ilə bağlı ilk dəfə bəyanat yayıb.

O bildirib ki, əgər hansısa ölkə xidmətdən narazıdırsa, o zaman şirkəti məhkəməyə verməlidir, rəhbərini təqib etməməlidir.

“Ötən ay Fransaya gəldikdən sonra 4 gün polis tərəfindən dindirildim. Mənə dedilər ki, başqa adamların “Telegram”dan qanunsuz məqsədlər üçün istifadə etməsinə görə şəxsən məsuliyyət daşıya bilərəm, çünki Fransa hakimiyyəti onlarla bağlı “Telegram”a göndərdiyi sorğulara cavab almayıb”, – Durov yazır.

Durovun sözlərinə görə, bir neçə səbəbdən ittihamlar onu təəccübləndirib:

“Birincisi, “Telegram”ın Avropa İttifaqında (Aİ) “Aİ-dən gələn sorğuları qəbul edən və cavablandıran” rəsmi nümayəndəsi var. İkincisi, Fransa hakimiyyəti mənimlə müxtəlif yollarla əlaqə saxlaya bilərdi. Çünki mən Fransa pasportu ilə Dubaydakı Fransa konsulluğuna tez-tez baş çəkirəm”.

Durov qeyd edib ki, o, Fransa hakimiyyət orqanlarından müəyyən sorğu alıb və buna cavab olaraq “terror təhlükəsi ilə mübarizədə qarşılıqlı fəaliyyət üçün” messencerlə əlaqə kanalı təşkil etməyə kömək edib:

“Bəzən biz məxfilik və təhlükəsizlik arasında düzgün balansla bağlı ölkənin tənzimləyicisi ilə razılaşa bilmirik. Bu hallarda biz belə bir ölkəni tərk etməyə hazırıq. Rusiya istifadəçiləri izləmək üçün bizdən şifrələri tələb etdikdə biz imtina etdik və “Telegram” Rusiyada bloklanmağa başladı. İran dinc nümayişçilərin kanallarının bloklanmasını tələb edəndə biz bundan imtina etdik. “Telegram” İranda bloklandı. Prinsiplərimizə uyğun gəlməyən bazarları tərk etməyə hazırıq, çünki bu işdə pul üçün deyilik”.

Durov “Telegram” “Anarxist cənnət” olması fikri ilə razılaşmır.

O, komandasının hər gün milyonlarla zərərli yazı və kanalı sildiyini deyib.

Eyni zamanda, sui-istifadə hallarına qarşı mübarizəni gücləndirəcəyini vəd edib.

Pavel Durov 2024-cü il avqustun 24-ü axşam saatlarında Paris hava limanında saxlanılıb.

Avqustun 28-də fransalı hakim Durovla bağlı rəsmi araşdırmaya başlayıb və onun 5 milyon avro girov müqabilində azadlığa buraxılmasına razılaşıb.

Onun Fransanı tərk etməsi qadağan edilib.

Durov 6 maddə, o cümlədən mütəşəkkil qrupun fəaliyyətində iştirak, qanunsuz əməliyyatların aparılması üçün onlayn platformanın idarə edilməsi, səlahiyyətli orqanların sorğusu əsasında məlumat verməkdən imtina, habelə çirkli pulların yuyulması ilə ittiham olunub.

KİV-in məlumatına görə, işdə rəsmi orqanlara məlumat verməkdən imtina, dələduzluq və narkotik vasitələrin satışında şəriklik, uşaq pornoqrafiyasının saxlanmasında iştirak və çirkli pulların yuyulması daxil olmaqla ümumilikdə 12 epizod var.

Fransa Prezidenti Emmanuel Makron Durovun saxlanmasının davam edən istintaqla bağlı olduğunu və “siyasi qərar olmadığını” bildirib.

“Fransa ifadə və ünsiyyət azadlığına, innovasiyalara və sahibkarlığa hər zamankındən daha sadiqdir”, – Makron bildirib.

Bir gün əvvəl, sentyabrın 5-də Rusiya prezidenti Vladimir Putin Durovun saxlanmasına ilk dəfə münasibət bildirib.

“Telegram”ın əvvəllər Rusiyada bloklanmasına və Durovun ölkəni tərk edərək Dubaya getməsinə baxmayaraq, Putin Rusiya hakimiyyətinin “heç bir şikayətinin olmadığını” iddia edib.

Ana səhifəDünyaDurov ilk dəfə bəyanat yaydı: ““Telegram” “Anarxist cənnət” deyil”