Dünya Mətbuat Günü: Ötən bir il ərzində nələr yaşanıb?

Təzminatlar, məhkəmələr, həbslər, hədələmələr

Source: Reuters


Təzminatlar, məhkəmələr, həbslər, hədələmələr

Ötən bir il ərzində Azəbaycanda, dünyada jurnalistlər nə yaşayıb? Onlarla bağlı hansı qərarlar qəbul edilib, kimlər saxlanılıb, yaxud təzminat alıb.

2020-ci il mayın 7-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) araşdırmaçı jurnalist Xədicə İsmayılın işi üzrə qərarını elan edib.

İş Xədicə İsmayılın ləyaqətinə qarşı Azərbaycandakı nəşrlərlə bağlı idi. O, 2014-cü ildə şəxsi həyatın toxunulmazlığı (8-ci maddə) və ədalətli məhkəmə araşdırması hüququnun (6-cı maddə) pozulması ilə bağlı şikayət vermişdi. Məhkəmə jurnalistin şikayətini təmin edib və Azərbaycan hökumətinin üzərinə ona mənəvi ziyana görə 4500 avro, vəkil xərclərinə görə isə 1500 avro təzminat ödəmək öhdəliyi qoyub.


Ölkədaxili həbslə bağlı təzminat

Mayın 14-də isə AİHM jurnalist Sevinc Vaqifqızının (Abbasovanın) ölkədən çıxışına qadağa qoyulması ilə bağlı göndərilmiş şikayət üzrə mövqeyini açıqlayıb. Hökumət bu işlə bağlı AİHM-ə müraciət edib, oxşar örnəklərə əsaslanıb ərizəçiyə 5 min avro təzminat ödəməyə hazır olduğunu bildirib. Buna görə işin siyahıdan çıxarılmasını xahiş edib. AİHM hökumətin təklifini əsaslı sayıb və ərizənin baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verib. Bununla da hökumət jurnalistə 5 min avro təzminat ödənməsi öhdəliyi götürüb.


Hadisəni çəkən jurnalisti polis saxladı

İyunun 2-də gənc fəallar Gülnarə Mehdiyeva və Rəbiyyə Məmmədova Təhsil Nazirliyi qarşısında “imtahanları ləğv et”, “ödənişi ləğv et” şüarı altında etiraz aksiyası keçirib. Hadisəni çəkən reportyor Nərgiz Absalamovanı polis saxlayıb. Daha sonra o sərbəst buraxılıb.


Jurnalistə bir illik həbs

Özünü videobloqer kimi təqdim edən Ata Abdullayevə görə “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmli məhkum edilib. İyunun 19-da Xətai Rayon Məhkəməsində çıxarılan hökmə əsasən, o, CM-in 221.1 (xuliqanlıq) maddəsi ilə təqsirli bilinib. Ona 1 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Hökmə əsasən, Təzəxan Mirələmli elektron qolbaqla gəzməli, gecə saat 23:00-dan səhər saat 07:00-a qədər yaşayış yerini tərk etməməlidir.

Təzəxan Mirələmli fevralın 26-da – Xocalı faciəsinin ildönümü ilə əlaqədar “Ana harayı” abidəsinin yaxınlığında A.Abdullayevi vurmaqla xuliqanlıq etməkdə suçlanır. Lakin o, özünü təqsirli bilmir.


Ali Məhkəmə jurnalistin cəriməsini haqlı saydı

Jurnalist Sevinc Vaqifqızının (Abbasova) prezident seçkisində 25 saylı seçki dairəsinin 14, 15 və 16 saylı məntəqələrindəki çəkilişlərinə görə 1000 manat cərimələnməsini Ali Məhkəmə də haqlı saydı. Qurum iyunun 25-də jurnalistin şikayətini təmin etməyərək Bakı Apelyasiya Məhkəməsinin cərimə qərarını qüvvədə saxladı. Bu üç seçki məntəqəsi 251 saylı orta məktəbdə yerləşir. Sevinc Vaqifqızı seçki günü həmin məktəbin direktor müavini Elmira Alandarovanın hərəkətlərini (onun məntəqələrdə davranışı, qrup şəklində səsverməyə gələnlərlə söhbəti və s.) çəkib. Həmin görüntülər “Azadlıq” qəzeti və Meydan TV-nin internet saytlarında, sosial şəbəkələrdə yayımlanıb. Jurnalist, sadəcə, çəkdiyi görüntülərdən ibarət videomaterial hazırlayıb, şərh verməyib.


“Çəkiliş edərkən polis telefonumu və xidmət vəsiqəmi əlimdən alıb”

İyulun 14-də Milli Məclis qarşısında baş verən hadisələr zamanı bir neçə jurnalist fiziki təzyiqə məruz qaldı.

Jurnalistlərdən Xəyalə Ağayeva bildirdi ki, o, vətəndaşların saxlanmasını çəkərkən polisin təzyiqinə məruz qalıb: “Mən çəkiliş edərkən polis telefonumu və xidmət (jurnalist) vəsiqəmi əlimdən alıb. Etirazlarıma baxmayaraq, əşyalarım mənə qaytarılmayıb”.

Jurnalistlərdən Aysel Umudovanın da təzyiqə məruz qaldığı bildirilib. O çəkiliş edərkən polis əməkdaşı onun əlindən vurub və telefonu yerə düşüb.

Hadisəni işıqlandıran reportyorlardan Anar Abdullayev və Firi Səlim saxlanılıb. Onlar bir neçə gün sonra sərbəst buraxılıblar.


Rauf Mirqədirova 20 min avro təzminat

Sentyabrın 17-də isə AİHM “Rauf Mirqədirov Azərbaycana və Türkiyəyə qarşı” işi üzrə qərarını elan etdi. Qərara əsasən, Azərbaycan jurnalistə münasibətdə Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) və 8-ci (Şəxsi həyatın toxunulmazlığı) maddələrinin pozuntusuna yol verib.

Bu pozuntulara görə Azərbaycan hökuməti Rauf Mirqədirova 20 min avro təzminat ödəməlidir.


Daha 40 minə yaxın cərimə tələbi

Oktyabrın 1-də AİHM Azərbaycana qarşı növbəti qərarını elan edib. Qərar jurnalistlər Zamin Hacı, Əfqan Muxtarlı, Həkimeldostu Mehdiyev, İlqar Nəsibov, Ramid İbrahimov, Ehtimad Budaqov, İdrak Abbasov və Tapdıq Quliyevin (Fərhadoğlu) şikayətlərini əhatə edir.

Qərar jurnalistlərin müxtəlif vaxtlarda zorakılıq və işgəncəyə məruz qalması ilə bağlı verdikləri şikayətlərlə bağlıdır. Jurnalistlər şikayətlərində onlara münasibətdə Avropa Konvensiyasının 3-cü (İşgəncəyə məruz qalmamaq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (İfadə azadlığı hüququ) maddələrinin pozuntusuna yol verildiyini iddia ediblər.

Məhkəmə işlər üzrə 3-cü maddəsinin substantiv (maddi) və 10-cu maddəsinin (ifadə azadlığı) pozuntusunu (İdrak Abbasova münasibətdə), İlqar Nəsibova münasibətdə isə Konvensiyanın 3-cü maddəsinin prosessual əsaslarla pozuntusunu və Konvensiyanın 6-ci maddəsinin pozuntusunu tanıyıb. Digər ərizəçilərə münasibətdə məhkəmə yalnız Konvensiyanın 3-cü maddəsinin prosessual əsaslarla pozuntusunu tanıyıb.

Beləliklə, Azərbaycan hökumətinin boynuna İ.Abbasova 15000 avro, İ.Nəsibova 9750 avro, digər ərizəçilərə 7500 avro, məhkəmə məsrəflərinə görə isə hər işə görə 2000-dən 3500 avroya qədər kompensasiya ödəmək öhdəliyi qoyub.

Dekabrın 23-də jurnalist Şahvələd Çobanoğlunun (Namazovun) ölkədən çıxışına qoyulan məhdudiyyət götürülüb. O, qadağaya görə illərlə ölkədən kənara çıxa bilməyib.


Sərhədsiz Reportyorlar: Jurnalistə təcili tibbi yardım lazımdır

2021-ci il fevralın 9-da Sərhədsiz Reportyorlar Təşkilatı Azərbaycanı həbsdə olan jurnalistə təcili tibbi yardım göstərməyə çağırıb. Həmin vaxt Polad Aslanov aclıq aksiyası keçirir və səhhətində problemlər yaranmışdı.

P.Aslanov ötən il iyunun 12-də saxlanıb. O, CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə suçlanır. Jurnalist ittihamı qəbul etmir, xaricə ziyarətə zəvvarları aparan şirkətlərdən DTX əməkdaşlarının rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını deyir.


“Səndən yaxşı heç kəs İlham Əliyevi təmsil edə bilməz…”

Fevralın 26-da Milli Şuranın rəhbərliyi Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı “Ana harayı” abidəsini ziyarət edərkən özünü jurnalist kimi təqdim edən Ata Abdullayev AXCP sədri Əli Kərimli və partiya üzvlərini təhqir etməyə cəhd edib: “Buna etiraz edən Seymur Həzi Abdullayevə “səndən yaxşı heç kəs İlham Əliyevi təmsil edə bilməz…” deyəndən sonra polis əməkdaşları Seymur Həzini maşına otuzdurub naməlum istiqamətə apardılar”.

Daha sonra o sərbəst buraxılıb.


Jurnalisti öldürənlər Gürcüstanda daşınmaz əmlak almaqla məşğuldur?

Martın 3-də Dünya təhqiqat jurnalistlərinin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (OCCRP) Azərbaycan jurnalisti Elmar Hüseynovun qətlə yetirilməsinin 16-cı ildönümünə həsr olunmuş hesabat tərtib etmişdi

Məqalədə bildirilir ki, jurnalisti öldürənlərin qonşu Gürcüstanda yaşadıqları məlum olsa da, onlara toxunan yoxdur. Onlar hazırda həmin ölkədə müxtəlif daşınmaz əmlak almaqla məşğuldurlar.


Əfqan Muxtarlı yenidən Gürcüstanda

2020-ci il martın 17-də Bakıda həbsdən azad ediləndən sonra Almaniyada yaşayan jurnalist Əfqan Muxtarlı Gürcüstan prokurorluğunda ifadə vermək üçün Tbilisiyə gəlib.

“Bu gün (aprelin 8-də) mən oğurlanmağımın necə baş verdiyi və ondan əvvəl nə baş verdiyi, bu əməliyyatda kimin iştirak etdiyi barədə prokurorluqda ifadə verəcəyəm. Mən qaçırılma yerini, eləcə də məni Azərbaycana necə gətirdiklərini və haradan oğurladıqlarını göstərəcəyəm. Yolun yarısını başıma keçirilən torbadakı dəliklərdən görə bilirdim”, – Ə.Muxtarlı bildirib. Azərbaycan 30 min avrodan çox təzminat ödəyəcək.


Jurnalistin pozulmuş hüquqlarına görə Azərbaycan 13 min avro təzminat ödəməlidir

Aprelin 22-də AİHM Azərbaycandan göndərilmiş bir neçə şikayət üzrə qərarlarını elan edib. Bu şikayətlərdən biri də jurnalist Əvəz Zeynallı ilə bağlı olub.

Qərarda jurnalistə münasibətdə də Avropa Konvensiyasinin bir neçə maddəsinin pozuntusuna yol verildiyi qeyd edilib. Qərara əsasən, hökumət ümumilikdə 13 min avro təzminat ödəməlidir.

Ə.Zeynallı deputat Gülər Əhmədova və digər iddiaçıların şikayəti əsasında zorla pul tələb etmək ittihamı ilə tutulub. 2011-ci ildə külli miqdarda rüşvət alma, vergidən yayınma və başqa ittihamlarla 9 il həbs edilib. 2014-cü ildə prezident İlham Əliyevin əfv fərmanı ilə azadlığa çıxan jurnalist ittihamları qəbul etməyib.


“Azərbaycanda möhkəmlənmiş avtoritar rejim hökm sürür”

“Freedom House” insan haqları təşkilatı aprelin 28-də Avropa və Avrasiya regionunda demokratiyanın vəziyyətinə dair “Keçid Ölkələri 2021" hesabatını açıqlayıb. Hesabatda Orta Asiyadan tutmuş Mərkəzi Avropaya qədər 29 ölkədə demokratik idarəçiliyin vəziyyəti dəyərləndirilir.

Qurum bildirir ki, möhkəmlənmiş avtoritar rejimlər qapalı cəmiyyətlərdir, diktatorlar siyasi rəqabətə və plüralizmə mane olur, təməl siyasi, mülki və insan haqlarının irimiqyaslı pozuntuları üçün məsuliyyət daşıyır.

Azərbaycanla bir sırada Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın adları çəkilir.

Hesabatda deyilir ki, regionda neqativ xəbərlərin üstünlük təşkil etməsinə baxmayaraq, diqqətçəkən dirəniş nümunələri də var. Türkmənistan, Tacikistan və Azərbaycandan mühacirətdə yaşayan jurnalistlər, blogerlər, diaspora fəalları öz ölkələrində baş verənlər haqda məlumatlar yayırlar.

Mediaya sahibliyin dövlət, yaxud özəl əllərdə cəmləşməsi Azərbaycanda, Rusiyada, Türkiyədə və bir sıra digər ölkələrdə media azadlığı və müxtəlifliyinə ciddi əngəl olaraq qalır.


Avropa Şurası mətbuat azadlığının düzəldilməsi üçün siyasi iradə göstərməyə çağırır

Avropa Şurasının Jurnalistikanın Mühafizəsi və Jurnalistlərin Təhlükəsizliyi Platforması aprelin 28-də hesabat açıqlayıb.

“Axtarılır! Avropada media Azadlığı uğrunda real addımlar” adlı hesabat Avropa Şurası və üzvlərini regionda pisləşməkdə olan mətbuat azadlığının düzəldilməsi üçün siyasi iradə göstərməyə çağırır.

Ötən il Azərbaycan, Rusiya və Türkiyə daxil olmaqla bir sıra ölkələrdə dövlət oyunçuları tərəfindən jurnalistlərə qarşı cinayət araşdırmaları, təqiblərin başlandığı, hökmlər çıxarıldığı vurğulanır. Azərbaycanda və Türkiyədə jurnalistlərin dövlət məmurunu təhqir etməkdə, karantin qaydalarını pozmaqda, konfidensial informasiyanı yaymaqda, girov tələblərini pozmaqda, terrorçu təşkilata üzvlükdə suçlandığı bildirilir.

Platforma tərəfdaşları Azərbaycana və Rusiyaya jurnalistlərə qarşı jurnalist fəaliyyətlərinə görə başlanmış araşdırmaları dayandırmaq tövsiyə olunur. Jurnalistlərin Avropa Şurası standartlarına uyğun qorunmasından ötrü bu qurumla əməkdaşlıq, qanunverici, ədliyyə və digər islahatlar həyata keçirmək istənilir.

Hesabatda o da deyilir ki, Azərbaycan, Rusiya və Türkiyə Platformanın göndərdiyi siqnallara reaksiya verməyib, onunla işləməyiblər. Tərəfdaşlar bütün üzvlərə Avropa İnsan Hüquqları Konvensiyası çərçivəsində öhdəliklərini xatırladır.


Müharibədə jurnalistlərin işinə qoyulan əngəl

Hesabatda Azərbaycanla Ermənistanın 2020-ci ildə 44 günlük müharibəsi zamanı hər iki tərəfdə jurnalistlərin işinə qoyulan məhdudiyyətlərdən də söz açılır. Oktyabrın 28-də platforma birgə bəyanatında münaqişəni işıqlandıran jurnalistlərin fiziki təhlükəsizliyi ilə bağlı narahatlıq bildirmişdi. Münaqişədən xəbərlər verən azı 7 jurnalistin xəsarət aldığı qeyd olunur.


Dünyada nə qədər jurnalist həbsdədir?

2020-ci ildə rekord sayda jurnalist dəmir barmaqlıqlar arxasına göndərilib. Bu, hökumətlərin pandemiyanın işıqlandırılmasını, vətəndaş itaətsizliyini boğmağa çalışdığı dönəmdə baş verib. 2020-ci il dekabrın 15-də Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (JMK) bu haqda hesabat yayıb.

Dekabrın 1-dək azı 274 jurnalistin həbsxanada cəza çəkdiyi bildirilir. Ötən il bu rəqəm azı 250 nəfər idi. Bu, JMK 1990-cı illərin əvvəllərində informasiya toplamağa başlayandan ən yüksək rəqəm sayılır.

Hesabatda deyilir ki, avtoritar liderlər jurnalistləri həbs etdirməklə koronavirus pandemiyasının işıqlandırılmasını nəzarətdə saxlamağa çalışıblar. Azı iki jurnalistin isə COVID-19-a yoluxandan sonra həbsdə öldüyü bildirilir.

“Qlobal pandemiya ilə bir arada rekord sayda jurnalistin həbs olunduğunu görmək sarsıdıcı və qorxuducudur”, – JMK-nın Baş direktoru Coel Saymon bəyanatında deyib.

Həbsdə olan jurnalist sayı ciddi şəkildə artan ölkələr sırasında Belarus da var. Bu ölkədə Alyaksandr Lukaşenka 9 avqust seçkisinin qalibi elan olunandan sonra ölkəni kütləvi etirazlar bürüyüb.

Çində, Türkiyədə, Misirdə və Səudiyyə Ərəbistanında həbs olunan jurnalist sayının artdığı bildirilir. Artıq ikinci ildir Çin ən çox jurnalistin həbs olunduğu ölkə adını qazanır, 47 jurnalistin barmaqlıqlar arxasında olduğu bildirilir. Ötən həftə “Bloomberg” agentliyinin əməkdaşı dövlət təhlükəsizliyinə təhdid yaratmaq şübhəsilə saxlanıb.

Hesabatda bu il 26 jurnalistin qətlə yetirildiyi də bildirilir. Meksika mətbuat üçün ən təhlükəli ölkə adlandırılıb.

Hesabatda Azərbaycanda 4 jurnalistin həbsdə olduğu bildirilir. Onlar Əfqan Sadıqov, Elçin İsmayıllı, İkram Rəhimov və Polad Aslanovdur. Hakimiyyət təmsilçiləri ölkədə heç kəsin jurnalist fəaliyyətinə görə təzyiqə məruz qalmadığını, yalnız konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.


Öldürülən jurnalistlər

2020-ci il dekabrın 10-da Beynəlxalq İnsan Hüquqları Günündə Beynəlxalq Jurnalistlər Federasiyası “Qlobal Jurnalistikanın Ağ Kağızı” adlı sənəd yaydı. Bu federasiya 150 ölkədə 600 min üzvü olan peşəkar jurnalist təşkilatlarını birləşdirir.

Qurum 62 səhifəlik hesabatda bildirir ki, jurnalistlərin yarıdan çoxu 10 ən təhlükəli ölkədə öldürülüb. Həmin ölkələr müharibə, cinayətkarlıq və korrupsiyadan əziyyət çəkir.

1990-cı ildən bəri İraqda 339, Meksikada 175, Filippində 159, Pakistanda 138, Hindistanda 116, Rusiyada 110, Əfqanıstanda 93 jurnalist qətlə yetirilib.

Son birilki qətl sıralamasında birinci yeri 13 qətllə Meksika tutur. Pakistanda 5, Əfqanıstan, Hindistan, İraq və Nigeriyanın hərəsində 3 jurnalist öldürülüb.

Ən çox jurnalistin həbsdə olduğu ölkə isə Türkiyədir – 67 nəfər. Misirdə 21, Çində 23, Səudiyyə Ərəbistanında 14, Belarusda 11 jurnalist dəmir barmaqlıqlar arxasındadır.

1990-cı ildən bəri dünyada 2 min 658 jurnalist öldürülüb.

Ana səhifəXəbərlərDünya Mətbuat Günü: Ötən bir il ərzində nələr yaşanıb?