Mənbə: Meydan Tv

Dünənin təkrarı: Bu günün dünyası

Bizim indi yaşadıqlarımızı 100 il əvvəl yaşayanlar olub, onların təcrübəsi də ortadadır

Görkəmli Avstriya yazıçısı Stefan Sveyqin "Dünənin dünyası" əsərini hər dəfə oxuyanda oradan özüm üçün mütləq yeni nəsə tapıram. İndiyədək azı 10 dəfə oxuduğum bu orta həcmli möhtəşəm kitab mənə hər dəfə yeni nəsə öyrədir, bu günümüzdə baş verən hansısa hadisəyə fərqli bucaqla baxaraq analogiya aparmağımı təmin edir.

Bu kitabın bugünlərdə yadıma düşməsi təsadüf olmadı. Dünyanın demokratik dəyərlərdən geri çəkilməyə başladığı, qaranlıq qüvvələrin hər ötən gün güc qazandığı bir dönəmdəyik.

Bir il bundan əvvəl yazdığım yazılarımdan birində indiki dövrü iki dünya müharibəsi arasındakı dövrə bənzətdiyimi xatırladım. İndi geriyə dönüb baxdıqda görürəm ki, bənzərlik qat-qat artıb, keçən ilkinə nisbətdə xeyli ağır vəziyyətdə olan bir dünyamız var. Xüsusilə də regionumuz.

Rusiya faktiki olaraq Dağlıq Qarabağı işğal edib. Hər ötən gün bizim milli qürurumuza toxunan hansısa cırnatma ilə məşğuldur. Digər tərəfdən də, Dağlıq Qarabağdan istifadə edib Ermənistanın və bizim xirtdəyimizdən elə möhkəm şəkildə yapışıb ki, hər iki ölkənin həm daxili, həm də xarici siyasətində əsas söz sahibinə çevrilib. Və qamarladıqlarını asanlıqla buraxana heç oxşamır.

Rusiya Qafqazda faktiki olaraq diplomatik dalan yaradıb. Və bu diplomatik dalan, miqyas baxımından olmasa da, mürəkkibliyinə görə iki dünya müharibəsi arasındakı dönəmin situasiyasına çox oxşayır.

I Dünya müharibəsindən sonra demokratik qərb ölkələrinə rəhbərlik edən siyasi liderlər bu dalandan baş çıxara bilmədilər və nəticə Avrasiyanın bir ucundan o biri ucuna səpələnən 95 milyon cəsəd oldu.

Əgər bu gün Rusiyanın Qafqazda yaratdığı dalandan çıxa bilməsək, bizim üçün yaxın gələcəkdə miqyas olaraq olmasa da, mahiyyətcə oxşar fəlakət qaçınılmaz olacaq.

Sveyqi oxusanız, nə demək istədiyimi anlayacaqsız, deyərdim, amma təəssüf ki, oxumursuz. Bir çoxunuz informasiyanı “Tik-tok”dan, “İnstagram”dan alırsız. Çoxunuzun beynini "Zəngəzur" populizmi ilə dumanlandırmağı bacarıb hökumət və əlaltıları. Və bu gün ən çox nifrət edilən sözlərdən biridir "oxu".

Sual edə bilərsiz ki, Sveyq axı bu qədər qeyri-adi nə yazıb? İzah edim. Sveyq, kütlələrin necə siyasətçilərin kuklası halına gətirildiyini, beyinlərinin yeyilə bildiyini yazıb, göstərib. Müharibədən sonra cəmiyyətdə yaranan "xain axtaran linç qruplarının" tarixdəki ən qorxunc örnəyi üzərindən bu sosial fenomenin anatomiyasına enib, araşdırıb, detallı şəkildə izah edib.

Məsələn, bu gün bir çoxu sual verir ki, əsl müxalifətlə saxta, cib müxalifətini necə ayırd edək? Əslində normal mütaliəsi olan adam bu sualı verməməlidir.

Və ya başqa bir örnək, dünənə qədər ağlı başında bildiyimiz bir çox adamın bu gün necə asanlıqla xəyallara inandığını, bu nağıllara inanmaq istəməyənləri xain çıxardıqlarını görürük. Beynəlxalq hüquqla qorunan ərazimizə, Xankəndiyə, Xocalıya getmək iqtidarında deyilkən, bu adamların necə Zəngəzur söhbətlərinə inandıqlarını görüb dəhşətə gəlirəm, amma qəti təəccüblənmirəm.

Çünki tarixdəki oxşar fenomenlərdın məlumatlıyam. Sveyqin "Dünənin dünyası"nı bircə dəfə oxumaq yetərlidir ki, bu gün "Zəngəzuuuur", "Göyçə gölü" deyib insanların milli hisslərilə oynayanların əslində necə kirli niyyətlərinin olduğunu anlayasan.

Sveyq həm də, xalqlar arasındakı düşmənçiliyin mahiyyətini və bu düşmənçiliyin kimə necə sərf edib-etmədiyini yazırdı.

Qısa bir tarixi arayış verim: 30 illik müharibə (1618-1648) də daxil olmaqla 1648-ci il Vestfal sülh müqaviləsindən sonra, Avropada baş verən bütün müharibələrdə demək olar ki, tərəflərdən biri Fransa olurdu və müharibə Almaniya torpaqlarında gedirdi, nəticədən asılı olmayaraq ən çox öldürülən də, əzilən də alman xalqı idi. Təxminən 300 il davam edən və toplamda 50 milyon alman və fransızın həyatını itirdiyi düşmənçilik, miqyas baxımından bizimlə ermənilər arasında olan düşmənçilikdən qat-qat nəhəng olsa da, mahiyyətcə çox ciddi oxşarlıqlar var.

Dolma və bozbaş söhbətlərinə qədər. Filan yemək alman yeməyidir, Beethoven əslində alman yox, belçikalı olub, fransızlar qorxaqdırlar, almanlar zarafat edə bilmirlər və s. Kənardan əzəmətli görünən bu xalqların I Dünya müharibəsi zamanı, düşmən olarkən hansı səviyyələrdə söhbətlər apardığını Sveyq böyük ustalıqla qələmə alıb və oxuduqca görürsən ki, tarix dəyişsə də, kütlələr dəyişmir.

Bizim cəmiyyətdə, xüsusilə kitab oxumayan kütlə arasında belə bir yanlış fikir var ki, Avropa və şərq kütləsi arasında böyük uçurum var. Fərdi olaraq bəli, böyük ölçüdə geridəyik, amma kütlə hər yerdə oxşardır. I Dünya müharibəsi illlərinin avstriyalı vətənpərvəri ilə bu gün “Tik-tok”da "Zəngəzur" qışqıran azərbaycanlı arasında elə də böyük fərq yoxdur.

Bizim əsas problemlərimiz tarixdə baş vermiş faciələri uzaq, yad nəsnələr kimi görməyimizdən və qərbin, şərqin, bir sözlə, dünyanın uzun tarixi proseslərdən keçərək formalaşdırdığı müasir siyasət sistemini, reallıqları anlamamağımızdan qaynaqlanır.

Başqalarının yaşadığı tarixi faciələr, əslində yaxşı şagird üçün dəyərli materialdır. Oxuyursan və eynisinin baş verməməsinə çalışırsan. Lakin bizdə cəmiyyət, oxumaqla arası olmadığı üçün, 100 il əvvəl alman və fransızın etdiyi eyni səhvləri etməkdə israrlı görünür. Və heç nəyə qulaq asmır. Cəhalətin verdiyi özgüvənlə qaranlığa doğru irəliləyir.

Amma hələ də gec deyil. İndi bizim seçimimiz var. Ya Rusiyanı Qafqazdan qovmağın və daimi sülhün yeganə yolunun bir-birinin xirtdəyindən yapışmağa hazır olan Azərbaycan və erməni xalqlarının barışığından keçdiyini anlayacağıq, ya da, bunu qəbul etməyəcək və bir-birimizdən daha 10-20-50-100 min öldürüb qana doyandan sonra bu nəticəyə gələcəyik.

Birinci, nə qədər qeyri-adi səslənsə də, daha cətin yoldur. Hər xalq bunu etməyi bacarmır. Bizim edəcəyimizə də ümidim çox deyil. Xüsusilə, bugünkü əsas fikir istiqamətlərini və populizmi gördükdən sonra.

Bizim indi yaşadıqlarımızı 100 il əvvəl yaşayanlar olub, onların təcrübəsi də ortadadır. Onların batdığı palçığa batmağa bu qədər həvəsli olmağımızı heç cür qəbullana bilmirəm.

Sadəcə yenə deyirəm, oxuyun. Sveyqi oxuyun. Nə demək istədiyimi anlayacaqsınız.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/2nr9x0

Ən çox baxılan