“DQR”in rəsmilərinə hökm oxunub

Fevralın 5-də Bakı Hərbi Məhkəməsində tanınmayan “Dağlıq Qarabağ Respublikası”nın keçmiş liderləri və onlarla birlikdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmə iclasına hakim Zeynal Ağayev sədrlik edib.

Məhkəmə prosesi 2025-ci il yanvarın 17-də başlayıb. Təqsirləndirilən şəxslərin son sözlərindən sonra, dekabrın 26-da məhkəmə kollegiyası müşavirəyə gedib.

Təqsirləndirilən şəxslər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunları və qaydalarının pozulması, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama kimi ağır cinayətlərdə ittiham olunurlar.  

Bugünkü açıq məhkəmə prosesində Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digər şəxslər barəsində hökm elan olunub.

Məhkəmənin qərarı ilə “Dağlıq Qarabağ Respublikasının keçmiş prezidenti” Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edilib. Həmçinin keçmiş “müdafiə naziri” Levon Mnatsakanyan, keçmiş “parlament sədri” David İşxanyan, “müdafiə nazirinin keçmiş müavini” David Manukyan və keçmiş “xarici işlər naziri” David Babayan da ömürlük həbs cəzasına məhkum ediliblər.

Arkadi Qukasyan və Bako Saakyan ömürlük həbs cəzası nəzərdə tutan cinayətlərdə ittiham olunsa da, hökm çıxarılanadək 65 yaşına çatdığı üçün ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilməyib və məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib. Madat Babayan, Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyean 16 il, Levon Balayan 16 il, Vasili Beqlaryan 15 il, Qurgen Stepanyan 15 il, Erik Qazaryan 15 il azadlıqdan məhrum edilib.

Azərbaycanla Ermənistan arasında münaqişə 1980-ci illərin sonlarında başlayıb. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Hazırda Bakıda mühakimə edilən şəxslər 2023-cü ildəki hərbi əməliyyatlarından sonra həbs olunublar.

2025-ci il avqustun 8-də isə 30 ildən çox davam edən münaqişədən sonra Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıb. 

Ana səhifəSiyasət“DQR”in rəsmilərinə hökm oxunub