“ABŞ vətəndaşlarının hüquqlarını təmin etmək üçün mümkün konsul tədbirlərinin detallarını açıqlaya bilməz”
Rəsmi Vaşinqton ABŞ vətəndaşı Səid Nurinin Bakıda saxlanmasına reaksiya verib.
Əslən Azərbaycandan olan 32 yaşlı S.Nuri xəstə atasına baş çəkmək üçün Bakıya gəlib. Lakin geri qayıdarkən Bakı aeroportunda saxlanılıb. Azərbaycana səfər üçün vizanı bu ölkənin Vaşinqtondakı səfirliyindən alıb.
“Hava Limanının işçiləri səbəblərini açıqlamadan bildirdilər ki, ölkəni tərk edə bilmərəm. Onlar Milli Təhlükəsizlik Nazirliyinin və Baş Prokurorluğun bu barədə qadağasına istinad etdilər”, – S.Nuri “Turan İA” agentliynə bildirib.
Hakimiyyət ABŞ səfirliyinin sorğusuna cavab olaraq bildirib ki, S.Nuri Azərbaycan vətəndaşıdır və Amerika səfirliyi ölkənin daxili işlərinə qarışa bilməz.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən vəziyyəti “Turan İA”-a şərh edərkən bunları bildiriblər: “Bizdə məlumat var ki, ABŞ vətəndaşının Azərbaycandan çıxmasına qadağa qoyulub. Biz xaricdəki ABŞ vətəndaşlarının hüquqlarını təmin etmək üçün mümkün konsul tədbirlərini həyata keçiririk. Keçirilən tədbirlərin detalları açıqlana bilməz”.
Keçmiş siyasi məhbus S.Nuri bir neçə il əvvəl Azərbaycanı tərk edib və 2012-ci ildə Amerika vətəndaşlığını alıb. Bundan sonra Amerika pasportu və Azərbaycan vizası ilə bir neçə dəfə ailəsinə baş çəkməyə gəlib.
“Atam ağır xəstədir, ona baş çəkməyə gəlmişəm. Ama səfirlik mənə viza vermək istəmirdi”, – S.Nuri bildirib və qeyd edib ki, belə vəziyyətdə özünü tamamilə müdafiəsiz hesab edir, vəkil xidmətinə, beynəlxalq hüquq-müdafiə təşkilatlarının yardımına ehtiyacı var.
“Mənə çatan şayiələrə görə, hakimiyyət əsassız ittihamlarla məni həbs etmək istəyir” -o qeyd edib.
Öz növbəsində Vaşinqtonda rəsmi Bakının bu cür hərəkətlərindən hiddətləniblər.
Freedom House hüquq-müdafiə təşkilatının rəhbəri Devid Kramer baş verənləri “Turan İA”-a şərh edib: “Azərbaycan hakimiyyətinin ABŞ vətəndaşı Səid Nurini ölkədən buraxmaqdan imtina etməsi bizim təşkilatı narahat edir. Biz onun dərhal buraxılmasını, bundan öncə isə lazımi tibbi, hüquqi və digər yardımla təmin olunmasını, onun ABŞ səfirliyi, ailəsi ilə və digər əlaqələrinin məhdudlaşdırılmamasını tələb edirik”.
ABŞ-ın Bakıdakı keçmiş səfiri, hazırda Meyson Universitetitinin professoru Riçard Kozlariç baş verənləri şərh edərkən deyib ki, S.Nuri prezident İlham Əliyevin NATO sammitində ABŞ dövlət katibi ilə görüşdüyü gün saxlanılıb.
“Hakimiyyət Azərbaycanda tənqidi səsləri susdurmaq üçün saxlanma və həbsləri davam etdirir. İş o yerə çatıb ki, xəstə atasına baş çəkməyə gəlmiş ABŞ vətəndaşını saxlayırlar. Və bu məqamda da Azərbaycan prezidentinin ABŞ-ın dövlət katibi ilə görüşü keçiriılir. Bu cür hərəkət heç bir izaha, anlama sığmır. Hakimiyyət S.Nurini dərhal buraxmalıdır” – R.Kozlariç bildirib.