“Dövlət başçısının söylədikəri Azərbaycan reallıqlarını əks etdirmir”

“Əslində, gerçək siyasi qüvvələr kommunal, şəxsi məsələlərin müzakirə olunduğu bu görüşlərə qatılmayıb”

Source: Specify Source


İlham Əliyev BMT-nin tribunasından Azərbaycanın demokratik və sabit ölkə olduğunu söyləyib

“Azərbaycan sabit, müasir və demokratik ölkədir. Demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətimizin başlıca prioritetləri sırasındadır. Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir”.

Bu açıqlamanı Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda

səsləndirib

.

Dövlət başçısı xatırladıb ki, bir neçə ay öncə siyasi partiyalarla geniş siyasi dialoq təşəbbüsünü başlayıblar:

“Bütün əsas siyasi partiyalar həmin təşəbbüsü dəstəkləyib. Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir”.

İlham Əliyev Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayaraq bildirib ki, son 17 ildə ümumi daxili məhsul üç dəfə artıb:

“Dayanıqlı İnkişaf Məqsədlərinin icrasında böyük tərəqqi əldə etmiş Azərbaycan qısa vaxt ərzində BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir. “2020-ci il üzrə Dayanıqlı İnkişaf Hesabatı”nda yer almış “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azərbaycan 166 ölkə arasında 54-cü yerdədir”.

Ancaq Bakı İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərli Azərbaycanda insan haqlarının qorunması vəziyyətinin ürəkaçan olmadığını düşünür. Rəsul Cəfərov insan hüquqları məsələsində onların mövqeyinin dövlət başçısının mövqeyindən fərqləndiyini deyib.

O, ölkə başçısının söylədiklərini Meydan TV-yə şərh edərkən deyib ki, siyasi, mülkiyyət, mədəni, sosial-iqtisadi hüquqların təmin olunmasında kifayət qədər ciddi problemlər mövcuddur:

Rəsul Cəfərov
Rəsul Cəfərov

“Bu problemlər uzun müddətdir gündəmin əsas müzakirə mövzusudur. Bəlkə də həmin problemlərin həlli niyyəti var, yaxud eşidilmə istəyi də var. Amma bugünə mövcud olan vəziyyət onu deməyə əsas verir ki, bu məsələlərin həlli üçün fundamental addımlar atılmalıdır. Konkret olaraq, məhkəmə islahatlarına ehtiyac var, mülkiyyət hüquqlarından danışırıqsa, icra hakimiyyətinin səlahiyyətinin məhdudlaşdırılması və ya siyasi iradənin orta qoyulması barədə düşünmək vacibdir. Nəhayət, elə vəziyyət yaranmalıdır ki, siyasi motivli həbslər olmasın”.

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, ölkə başçısının Azərbaycanda siyasi dialoqun olması barədə fikirləri ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı haqqında dedikləri qədər yalandır:

“Azərbaycanda seçkilərin saxtalaşdırılması bütün dünya ictimaiyyətinə məlumdur. Eyni zamanda, onun ölkədə siyasi dialoqun olması iddiası yalandır”.

Arif Hacılı Azərbaycanda siyasi dialoq şəraitinin olmadığını bildirib:

ARIF HAJILI – Musavat (2).jpg
Arif Hacılı

“Müsavat Partiyası olaraq dəfələrlə Azərbaycanın fundamental problemlərini müzakirə etməyə hazır olduğumuzu bildirmişik. Bu müzakirələrə Qarabağ problemi, neftin qiymətinin enməsinin yaratdığı vəziyyət daxildir. Ancaq hakimiyyət bu təkliflərimizdən qaçıb. Faktiki olaraq, ilk başlanğıcda tanışlıq görüşü kimi dedikləri həmin təmsaları siyasi qüvvələrlə dialoq kimi təqdim edirlər. Əslində, gerçək siyasi qüvvələr kommunal, şəxsi məsələlərin müzakirə olunduğu bu görüşlərə qatılmayıb. Çünki həmin görüşlərdə ölkənin qlobal problemlərinin müzakirə olunmadığı və hər hansı qərarların qəbul edilmədiyi üçün hökumətin gerçək dialoqdan yayınmaq məqsədiylə deyilən təmaslardan istifadə etməsi qənaətindəyik”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Anar Məmmədli dövlət başçısının söylədikərinin Azərbaycan reallıqlarını əks etdirmədiyini düşünür.

Anar Məmmədli deyir ki, Azərbaycan hakimiyyəti üçün insan hüquqları və demokratiyanın inkişafı prioritet məsələ deyil:

“Əgər prioritet olsaydı, insan hüquqlarının durumu baxımından daha fərqli ölkə görərdik. Amma 2020-ci ilin parlament seçkiləri ATƏT-nin və Avropa Şurasının məruzəçilərinin ciddi tənqidinə məruz qaldı. Hər iki təşkilatın birgə bəyanatında qeyd ounurdu ki, siyasi azadlıqlar kobud şəkildə pozulub, ölkədə demokratik mühit olmayıb. Bundan əvvəl Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslarla bağlı qətnaməsi yayılmışdı. Bu sənədlər göstərir ki, Azərbaycanda son illər siyasi azadlıqlar və siyasi repressiyalarla bağlı vəziyyət daha da ağırlaşıb”.

36042829_1572920592834854_2424081934159183872_n.jpg
Anar Məmmədli

Anar Məmmədli hesab edir ki, İlham Əliyevin söylədikləri beynəlxaq aləmdə Azərbaycanla bağlı müsbət imicin yaraılmasına dair cəhddir:

“Ancaq beynəlxalq aləmdə bu kimi çıxışlar o zaman səmərəsini verir ki, dövlət başçılarının fikirləri alternativ hesabatlarda da öz əksini tapsın. Yəni Beynəlxalq Amnistiya Təşkilatı və başqa qurumlar da həmin ölkələr haqqında müsbət rəy ifadə etsinlər. Amma həmin qurumların hesabatlarında Azərbaycanda söz, ifadə, sərbəst toplaşmaq azadlıqlarının boğulduğu göstərilir. Ola bilsin ki, Əliyevin çıxışları daxili auditoriyada tərəfdarlarına yönəlmiş bir mövqedir. Ümumilikdə, Azərbaycanı yaxşı tanıyan qurumlar onun dediklərini həqiqət kimi qəbul etməyəcəklər”.

Siyasi icmalçı Zərdüşt Əlizadənin sözlərinə görə, heç bir dövlət başçısı BMT kimi təşkilatın tribunasından öz ölkəsinin, xalqının məmur özbanalığı və korrupsiya zülmü altında inlədiyini etiraf etməz:

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

“Baxın, Birləşmiş Ərəb Əmirlikləri İsraillə münasibətləri quranda dedilər ki, həm Fələstinlə münasibətləri qoruyaq, həm də bölgədə əmin-amanlığı saxlayaq. Bu, belə deyil, tərsinə oxunmalıdır. Yaxud Rusiya demir ki, Qarabağ münaqişəsindən bölgəni nəzarətdə saxlamaq üçün alət kimi istifadə edirik. Tramp və Avropa dövlət başçıları da danışanda müəyyən bir riyakarlığa yol verirlər. Eləcə də, Azərbaycan müxalifəti, müstəqillik, azadlıq, demokratiya sözləri vəzifə, pul və sərvət kimi tərcümə olunmalıdır. İqtidar da Qarabağı qaytarmaq, Azərbaycanı inkişaf etdirmək istədiyini deyirsə, bu, belə tərcümə olunmalıdır: Rusiyanın sifarişini yerinə yetirmək, Qarabağa toxunmamaq, sərvət toplamaq. Sabiq nazir Əli İnsanov partiyasının adını Haqq və Ədalət qoyub, bunun da tərcüməsi odur ki, vəzifəsini qaytarın, yenidən cibini doldursun”.

İqtisadçı Nemət Əliyev hesab edir ki, dövlət başçısının dayanıqlı iqtisadi inkişaf barədə söylədikləri özünü doğrultmadı:

“Ən azından pandemiya şəraitində hər şey özünü göstərdi. Azərbaycan hökuməti başqa ölkələrdən fərqli olaraq əhalinin durumunun yaxşılaşması üçün təsirli addımlar ata bilmədi. Hökumət 3.5 milyard manat yardım paketindən danışsa da, faktiki olaraq, bugünə qədər 1 milyard manata qədər də vəsait ayrılmadı. Çünki ölkənin iqtisadi imkanları həmin addımları atmaq üçün yetərli deyildi. İkinci, neftin dünya bazar qiymətləri kəskin şəkildə ölkə iqtisadiyyatının dayanıqsız olmasını üzə çıxartdı. Məlum oldu ki, dayanıqlı iqtisadi inkişaf neft gəlirlərindən asılıydı”.

A82F8B1A-9175-445B-A239-525CCA3BB1D9_w1200_r1.jpg
Nemət Əliyev

Nemət Əliyev bildirib ki, prezidentin “son 17 ildə ümumi daxili məhsul üç dəfə artıb” fikri mübahisəlidir. Onun sözlərinə görə, ÜDM-nin həcminin 3 dəfə artması mümkündür:

“Amma bu, nominal göstəricidir. Məsələ ondadır ki, Ümumi Daxili Məhsulun həcminin bu qədər artması həm dövlətin, həm də əhalinin cari xərclərinin sürətlə artmasıyla müşahidə olunmalıdır. Ancaq əhalinin sosial həyatında 3 dəfə yaxşılaşma müşahidə olunmayıb. Ümumi Daxili Məhsulun artması neft amili ilə bağlıdır. Yəni bir müddət neftin hasilatı və qiyməti kəskin artmışdı. Həmin neft iqtisadiyyatının böyük hissəsini xarici şirkətlər daşıyıb aparıb, bir hissəsi isə valyuta şəklində Dövlət Neft Fondundadır. Ona görə Ümumi Daxili Məhsulun 3 dəfə böyüməsi əhalinin həyat səviyyəsinin 3 dəfə yaxşılaşmasına anlamına gəlmədi. Əmək haqqı tempi qiymətlərin kəskin artmasıyla ayaqlaşa bilmədi. Bu baxımdan Ümumi Daxili Məhsulun artması tempiylə manipulyasiya etməyə ehtiyac yoxdur, buna ən yaxşı şəkildə əhalinin sosial duruma diqqət edərək qiymət vermək olar”.

İclasda ümumilikdə 182 ölkənin dövlət və hökumət başçısı videoformatda çıxış edəcək.

Ana səhifəSiyasət“Dövlət başçısının söylədikəri Azərbaycan reallıqlarını əks etdirmir”