”Dörd sələmçi qadın tərəfindən aldadılmışıq”

Nəzakət Hüseynova: “Sələmçilər oxşar üsulla daha 3 nəfəri şərləyib”

Source:


Nəzakət Hüseynova: “Sələmçilər oxşar üsulla daha 3 nəfəri şərləyib”

Bakı sakini Nəzakət Hüseynova sələmçilər tərəfindən tora salındığını söyləyir. O, Meydan TV-yə müraciət edərək ailəsinin və daha 3 rəfiqəsinin aldadıldığını bildirib.

“4 sələmçi qadın və onların qohumları tərəfindən qanunsuzluqlara məruz qalmışıq. Bizə tələ quranlar Aynur Yusifova, Dostxanım Cabbarova, Sara Rüstəmova və Atlas Mirzəyeva adlı qadınlardır. Onlar iddia edirlər ki, mənə pul veriblər. Amma ala bilmirlər. Halbuki onlarla aramızda heç bir borc müqaviləsi bağlanmayıb”.

N.Hüseynova bildirir ki, borc münasibətləri mülki xarakter daşıyır. Bu işə görə onu cinayət məsuliyyətinə cəlb etmək istəyirlər:

“Bu, tamamilə qanunsuzdur, çünki mülki işlərdə cinayət tərkibi olmur. Bunu bilən sələmçi qadınlar – borclu hesab etdiyi insanlara şər-böhtan atırlar. Məsələn, iddia edirlər ki, “mən sənə 10 min manat pul vermişəm və sən də mənə əvəzində maşın, torpaq sahəsi və s. söz vermisən”. Yəni 4-5 nəfər eyni yalançı ifadə verir, şahidlik edir. Belə olan təqdirdə sələmə pul alan insanları cinayət məsuliyyətinə cəlb etmək mümkün olur. Buna hüquq dilində “süni ittiham sübutu”, məişət dilində isə “üzəduranlıq” deyilir. Üstəlik, bu, sadəcə borc pul deyil, bu, qanunsuz sələmçilik fəaliyyətidir, çünki bu iş üçün müvafiq lisenziyaya sahib olmaq lazımdır”.

N.Hüseynovanın oğlu Vüsal Hüseynli isə deyir ki, süni ittiham sübutu yaradılandan sonra cinayət işi açmaq və təqsirləndirilən şəxsi müvafiq maddə ilə dələduzluqda ittiham eləmək mümkün olur:

“Fikirləşə bilərsiniz ki, yalançı onlar deyil, mənim anamdır. Bu insanlar həqiqətən bizə pul verib, əvəzində maşın almaq istəyiblər, yəni dələduzluq həqiqətən də olub. Amma bu 4 nəfər və onların qohumları eyni üsulla daha üç insanı şərləyib. Bu işlərin ikisi Səbail Rayon Polis İdarəsində, biri isə Yasamal Rayon Polis İdarəsindədir və bu işlərə dair sənədlərin surətləri də bizdə var. Dediyim kimi, oxşarməzmunlu, eyni motivli şikayətlərdir. Bizim şikayət etmədiyimiz qurum qalmayıb, amma görünən odur ki, məsələyə cavabdeh şəxslər də qanunla hesablaşmaq istəmir. Ortada olan bütün yazışmalar, sələmçilərin üst-üstə düşməyən yalan ifadələri, eyniməzmunlu digər şikayətləri açıq-aşkar sübut edir ki, sələmçilər şər-böhtanla, özbaşınalıqla və qanunsuz fəaliyyətlə məşğuldur”.

Yazıda adıçəkilən Dostxanım Cabbarovadan məsələyə münasibət öyrənmək mümkün olmayıb. O, bu barədə danışmaq istəməyib.

Ancaq yazıda adıkeçən Aynur Yusifova, Dostxanım Cabbarova, Sara Rüstəmova, Atlas Mirzəyeva öz ərizələrində bildiriblər ki, onlar həqiqətən də Nəzakət Hüseynovaya borc pul veriblər.

Dostxanım Cabbarova bildirib ki, əvvəllər Nəzakət Hüseynova ilə qızıl alveri ediblər:

“Nəzakətə birinci 6 min manat borc pul vermişəm. Bu pulu məndən qızıllarını girovluqdan götürmək üçün alıb. Daha sonra müxtəlif tanışlarımdan Nəzakətə görə pullar götürüb vermişəm. Onun bizə ümumilikdə 20400 manat borcu yaranıb. Nəzakət Hüseynova müxtəlif bəhanələr gətirərək həmin pulları bizə qaytarmayıb”.

Sara Rüstəmova isə ərizəsində Nəzakət Hüseynovaya 6 min manat pul verdiyini söyləyib:

“2015-ci ilin martında əvvəldən də tanıdığım Nəzakət adlı qadına borc pul verdim. Daha sonra Nəzakət həmin pulu qaytarmadı. Gah mənə ev verəcəyini, gah da işə düzəldəcəyi vədi verərək bugünə qədər borcunu verməyib”.

Atlas Mirzəyeva da tanışı Dostxanımın qonşuluğunda yaşayan Nəzakətə borc pul verdiyini bildirib:

“Nəzakət Hüseynova tez-tez Dostxanımgilə gəlib-gedirdi. Məndən borc istədi. 4400 manat verdim. Əvvəlcə qaytaracağını desə də, bugünə qədər pulumu verməyib”.

Aynur Yusifova da Nəzakət Hüseynovaya 5000 min manat pul verdiyini deyib:

“2015-ci ilin martında tanışım Dostxanımın qonşuluğunda yaşayan Nəzakətə 5000 min manat pul vermişəm. Daha sonra Nəzakət müxtəlif bəhanələr gətirərək bugünə qədər pulumu qaytarmayıb”.

Vüsal Hüseynli deyir ki, hazırda iki tərəf arasındakı çəkişmə Yasamal rayon Məhkəməsində araşdırılır. Məhkəmə istintaqı başa çatıb. Prokuror Nəzakət Hüseynovanın 3 il 9 ay azadlıqdan məhrum edilməsini tələb edib.

Nəzakət Hüseynova isə özünü bu işlə əlaqədar günahkar bilmədiyini və sələmçi qadınların onu həbs etdirmək istədiyini iddia edir. Onun barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməyib.

Meydan TV məsələyə Yasamal və Səbail Rayon Polis İdarələrindən münasibət öyrənə bilməyib. Yasamal Rayon Məhkəməsindən isə bildirilib ki, əgər iş məhkəmədədirsə, qərarı gözləmək lazımdır:

“Yoxsa hər məlumat almaq istəyənə proseslə bağlı bilgi vermirik. İş həqiqətən də məhkəmədə baxılırsa, qərardan sonra açıqlama verilə bilər”.

Vüsal Hüseynli sələmçi qadınlarla bağlı hazırladığı videonu social şəbəkələrdə paylaşıb. Həmin paylaşımı öz səhifəsində yayımlayan araşdırmaçı jurnalist Xədicə İsmayılova isə deyir ki, həbsxanada bu qadınların “qurban”ları var:

“Məşhur adlardır. Həbsxanada dələduzluq maddəsi ilə yatan qadınların bir neçəsinin zərərçəkəni bu sələmçilərdir. Babat qarğış yiyəsi idilər deyə adları yaddaşıma həkk olunmuşdu”.

Sələmçilərin qurbanı olan digər qadınlar isə məhkəmənin qərarını gözləyirlər. Ona görə də hələ bu barədə danışmaq istəmirlər.

Ana səhifəXəbərlər”Dörd sələmçi qadın tərəfindən aldadılmışıq”