“Onlar verdiyimizin yardımların qarşılığında bizi nadir torpaq metalları ilə təmin etsinlər”
ABŞ Prezidenti Donald Tramp Ukraynadan Birləşmiş Ştatların maliyyə dəstəyinə qarşılıq olaraq nadir torpaq metallarını istəyib.
Fevralın 3-də Ağ Evdə jurnalistlərə açıqlama verən Tramp Ukraynanın buna hazır olduğunu bildirib. O, əlavə edib ki, Vaşinqtonun 300 milyard dollara yaxın dəstəyinə görə Ukraynadan “bərabərlik” istəyir.
“Biz Ukraynaya onların çox dəyərli nadir metallara malik olduğunu bildiririk. Biz Ukrayna ilə bir razılaşma əldə etməyi planlaşdırırıq ki, onlar verdiyimizin yardımların qarşılığında bizi nadir torpaq metalları ilə təmin etsinlər”, – Tramp deyib.
Nadir torpaq metalları, elektrik nəqliyyat vasitələri, cib telefonları və digər elektronika üçün enerjini hərəkətə çevirən maqnit hazırlamaq üçün istifadə edilən 17 metaldan ibarət qrupdur.
Bir neçə nadir torpaq metalı, nikel və litium da daxil olmaqla, 50-dək mineral ABŞ iqtisadiyyatı və milli müdafiəsi üçün kritik hesab olunur. Ukraynada iri uran, litium və titan yataqları var.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində ABŞ Prezidentinin açıqlamasına münasibət bildirərkən deyib ki, Ukrayna və ABŞ arasında nadir torpaq metalları üzrə əməkdaşlıq ideyası kommersiya əsasında yardım göstərməkdir.
“Yəqin ki, bu, yardım almaq təklifidir. Yəni onu əvəzsiz və ya başqa əsaslarla davam etdirmək deyil, kommersiya əsasında təmin etməkdir. Əlbəttə ki, heç yardım göstərməmək və bununla da bu münaqişənin sona çatmasına töhfə vermək daha yaxşı olardı”,- Peskov deyib.
Rusiya hazırda Ukraynanın cənub-şərqinin böyük hissəsini və Krım yarımadasını nəzarətində saxlayır.
Bu ərazilərin bir qismi 2014-cü ildə, qalan hissəsi isə Rusiyanın 2022-ci ilin fevralında başladığı genişmiqyaslı müharibədən sonra ələ keçirilib.
ABŞ-nin yeni Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini tez bir zamanda bitirəcəyinə söz versə də, tərəfləri bir araya gətirmək üçün mümkün planları barədə hələ ki, heç bir detallı məlumat təqdim etməyib.