AŞPA məruzəçisi Çeçenistandan olan qaçqınlara münasibətə yenidən baxılmasını istəyir

AŞPA-nın Şimali Qafqazda insan haqları üzrə məruzəçisi Frank Şvabe regionda insan haqları ilə bağlı vəziyyətin müzakirəsi üçün sentyabrın 18-dən 20-dək Moskvada və Qroznıda olub. O, Rusiyaya səfərinin sonuncu günündə Qroznıya gəlib, sentyabrın 20-də “Novosti” Rusiya informasiya agentliyi xəbər verib.

Source: Foto-AG Gymnasium Melle – Eigenes Werk https://de.wikipedia.org

Məqalə

"Кavkazski Uzel"

saytında dərc olunub.

AŞPA məruzəçisi Frank Şvabe Qroznıya bir günlük səfərindən sonra etiraf edib ki, Çeçenistan hakimiyyətinin ona göstərdiyi gerçəklər hüquq müdafiəçilərinin respublikada insan haqlarının pozulması haqda xəbərlərinə ziddir. Amma o, Avropa Şurasına obyektiv məruzə tərtib edəcəyini vəd edib. “Avropa ölkələrinin məmurları Çeçenistandan olan qaçqınlara etinasız münasibətlərinə yenidən göz gəzdirməlidirlər,”- Şvabe deyib.

“Kavkazski uzel”in yazdığı kimi, Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Rusiya hakimiyyətini “Memorial” hüquq-müdafiə mərkəzinin Qroznı ofisinin başçısı Oyub Titiyevə verilən hökmə görə tənqid edib. AŞPA-nın Şimali Qafqazda insan haqları üzrə məruzəçisi Frank Şvabe ehtimal edib ki, Titiyevin işi “insan haqlarının dəhşətli şəkildə pozulmasının ifşasına qisas kimi uydurulub”. 2017-ci ildə AŞPA deputatlarının narahatlığına səbəb Şimali Qafqazda insan haqları ilə bağlı vəziyyət, o cümlədən Çeçenistanda LGBT nümyəndələrinin təqibi haqqında xəbərlər olub.

AŞPA-nın Şimali Qafqazda insan haqları üzrə məruzəçisi Frank Şvabe regionda insan haqları ilə bağlı vəziyyətin müzakirəsi üçün sentyabrın 18-dən 20-dək Moskvada və Qroznıda olub. O, Rusiyaya səfərinin sonuncu günündə Qroznıya gəlib, sentyabrın 20-də “Novosti” Rusiya informasiya agentliyi xəbər verib.

Qroznıda Frank Şvabe ilə görüşdə Dövlət Dumasının deputatı Şamsail Saraliyev, Çeçenistan DİN-in başçısı Ruslan Alxanov, Ədliyyə Nazirliyinin nümayəndəsi Maxsud Taymasxanov, Çeçenistan rəhbərinin köməkçisi Timur Aliyev və Çeçenistandan insan haqları üzrə müvəkkil Nurdi Nuxajiyev iştirak edib, “Çeçenistan bu gün” informasiya agentliyi xəbər verib.

Şvabe qeyd edib ki, bu, onun Rusiya bir neçə il AŞPA ilə işləmədikdən sonra ölkəyə ilk səfəridir. “Mən Çeçenistan Respublikasında və Şimali Qafqaz ərazisində insan haqları sahəsində vəziyyət barədə məruzə yazmalıyam. Bu, həmçinin Avropada xüsusi maraq doğurur. Mənim gəlişim məruzənin hazırlanmasında ilk addımdır. İndiyədək məruzələr regiona gəlmədən hazırlanırdı”, – Şvabe agentliyə söyləyib.

Krım Rusiyaya birləşəndən sonra ölkə nümayəndələrinin AŞPA-da işi dayandırıldığından Assamleyanın xüsusi məruzəçiləri Rusiyaya buraxılmırdı. Bu ilin iyununda Rusiya nümayəndələrinin AŞPA-da səlahiyyətləri tamamilə bərpa olunub, “Novaya qazeta” sentyabrın 19-da xəbər verib.

“Novaya qazeta”nın verdiyi xəbərə görə, Frank Şvabe ilə Avropa Şurasının Moskva ofisində görüşənlər ona Çeçenistana getmək əvəzinə Moskvada qalmağı və Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinlə və Baş prokuror Yuri Çayka ilə Şimali Qafqazda insan haqlarının pozulması barədə danışmağı təklif ediblər.

“Çeçenistana getmək axmaqlıqdır, daha böyük axmaqlıq Ramzan Kadırovun suallarınınza düzgün cavab verəcəyini gözləməkdir”, – o cümlədən Frank Şvabeyə “İşgəncələrə qarşı komitə”nin rəhbəri İqor Kalyapin deyib.

AŞPA nümayəndəsi etiraz edərək, Çeçenistan səfərindən imtina edə bilməyəcəyini söyləyib. “Heç olmasa ona görə ki, sonra məni hər şeyi öz gözlərimlə görmək imkanından istifadə etməməkdə günahlandırmasınlar. Amma mən kifayət qədər təcrübəli diplomatam və mənə qarşı oyun oynanıldığını anlayıram. Mən bu cür oyunları qadağan edə bilmərəm, amma öz nəticələrimi çıxarmaqda da sərbəstəm”, – “Novaya qazeta” Frank Şvabenin İqor Kalyapinə cavabını yazıb.


Kadırov Şvabenin Çeçenistana səfərində məsafə saxlayıb

Ramzan Kadırov Şvabenin Çeçenistana səfəri ərəfəsində belə bir fikir söyləyib ki, AŞPA və bir sıra digər Avropa təşkilatları Çeçenistanla bağlı məsələlərin müzakirəsində açıq-aşkar qərəz nümayiş etdirir.

view_Snimok.png
Ramzan Kadırovun tviti

“Təcrübə göstərir ki, onları postsovet ərazilərdə misli görünməmiş dəyişiklilər, o cümlədən Çeçenistanda baş verən siyasi, iqtisadi, demokratik və sosial proseslər maraqlandırmır. Onlar haqqında təkcə AŞPA-da deyil, bütün dünyada bilirlər… Onların qarşılarına qəsdən Çeçenistanı, ardından da Rusiyanı qaralamaq məqsədini qoyduqları ehtimalını irəli sürmək üçün əsaslarımız var. Görünür, onlar istəyirlər ki, biz öz mənəvi və milli dəyərlərimizdən məhrum olaq, öz dilini, dinini, mədəniyyətini itirənlərin içərisində əriyib gedək”, – Çeçenistan rəhbəri sentyabrın 19-da öz “Telegram” kanalında yazıb.

Ramzan Kadırov bundan sonra “LGBT problemini” qaldırıb, hərçənd onu da qeyd edib ki, əslində belə bir problem heç mövcud deyil. “Ən azından Çeçenistanda. Bizdə kişilər qadınlarla evlənirlər, qadınlarsa kişilərə ərə gedirlər. Min illərdir bu cür olub və Qərbin bizə nəyi sırımasından asılı olmayaraq, belə də olacaq”, – respublika rəhbəri yazıb.

Bununla yanaşı, Kadırov qeyd edib ki, AŞPA məruzəçisinin səfəri barədə Dövlət Dumasının məlumatından xəbər alıb. “Beynəlxalq təşkilatların nümayəndələrinin Qroznıya gəlişi DİN və digər federal orqanların səlahiyyətindədir,” – Ramzan Kadırov vurğulayıb və əlavə edib ki, Çeçenistan səfəri XİN tərəfindən razılaşdırılmış istənilən nümayəndə heyəti ilə dialoqa açıqdır.


Şvabe Çeçenistandan olan qaçqınlara münasibətə yenidən baxılması zərurətini etiraf edib

Sentyabrın 21-də səfərdən qayıdan Frank Şvabe bəyan edib ki, Çeçenistana bir günlük gedişi zamanı gördüklərindən nəticə çıxarmağa hazır deyil. “Mən hansısa araşdırma aparan jurnalist deyiləm. Mən təklif olunan rəsmi səfərləri təqvimə uyğun həyata keçirməliyəm. Mən Moskvada bir sıra hüquq müdafiəçisi ilə həm də ona görə görüşdüm ki, Oyub Titityev də daxil olmaqla, onlar artıq Qroznıda işləyə bilmirlər. Onlar mənə Çeçenistanda nümayiş etdiriləndən tam fərqli mənzərə cızdılar. Onlar Çeçenistanda gizli həbsxanaların olduğunu, namus məsələsi ilə bağlı qadınların qətlə yetirildiyini və LGBT nümayəndələrinin zorlandığını dedilər. Bunlar olduqca ağır ittihamlardır. Mənim vəzifəm baş verənlərin mənzərəsini yaratmaq və bu haqda Avropa Şurasına məruzə etməkdir”, –“ Deutsche Welle” elə həmin gün Şvabenin söylədiklərini dərc edib.

“Memorial” hüquq-müdafiə mərkəzinin Qroznı filialının sabiq rəhbəri Oyub Titityev Çeçenistanda narkotik işi ilə məhkum olunub. Özü narkotikin onun çantasına gizlincə qoyulduğunu israr edir, “Kavkazski uzel”in “Oyub Titityevin işi haqqında əsas məlumatlar” məqaləsində deyilir. “Memorial” hüquq-müdafiə mərkəzi əvvəllər Titiyevin işinin saxta olması barədə 10 fakt qeyd edib. Hüquq müdafiəçisi iyulun 15-də şərti azadlığa buraxılıb. Elə həmin gün məlum olub ki, o, işinə Moskvada davam edəcək və Rusiyada Çeçenistanın insan haqları məsələləri ilə məşğul olacaq.

Şvabenin dediyinə görə, Rusiyada bütün həmsöhbətləri onunla AFR bundestaqının deputatı kimi Zelimxan Xanqoşvilinin qətli mövzusuna toxunub. “Amma bu mövzu rəsmi danışıqlarda qaldırılmayıb, çünki bu, Almaniya ilə Rusiya arasında ikitərəfli münasibətlərin predmetidir”, – AŞPA nümayəndəsi dəqiqləşdirib.

Avqustun 23-də Pankisi dərəsinin sakini, ikinci çeçen müharibəsinin iştirakçısı Zelimxan Xanqoşvili Berlində vurulub. Onun qətlində Rusiya vətəndaşı şübhəlidir. Almaniya hakimiyyəti həmçinin Xanqoşvilinin ölümünə görə məsuliyyət daşıyır, belə ki ona sığınacaq verməyib, sentyabrın 4-də Berlində baş tutmuş mitinqin iştirakçıları bəyan edib. Onlar Ramzan Kadırovun tərəfdarları istisna olmaqla, Çeçenistan qaçqınlarının Rusiyaya göndərilməməsini tələb ediblər.

“Çeçenistan ətrafında və çeçenlərin iştirakı ilə olan münaqişələrin başqa dövlətlərin ərazisində çözülməsi və bu münaqişələrin iştirakçılarının nəticələrdən qorxmaması böyük narahatlıq doğurur”, – Frank Şvabe deyib.

Onun sözlərinə görə, Çeçenistandan olan qaçqınlara sığınacaq verilməsi problemi ilə bağlı qərarları “kifayət qədər məlumatlandırılmış, qaçqınların gəldiyi ölkələrin biliciləri” verməlidirlər. “Amma bunu nə miqrasiya və qaçqınların işi üzrə idarələrin əməkdaşlarına, nə də inzibati məhkəmələrdəki hakimlərə şamil etmək olmaz… Bununla belə, onlar ədalətli hökm çıxarmaq üçün əllərindən gələni edilər. Çeçenistan problematikası digər beynəlxalq problemlərlə müqayisədə olduqca qeyri-şəffafdır: bəzən kimin hansı maraqlarının olduğunu, kimin cani, kimin qurban olduğunu müəyyənləşdirmək çətindir”, – Bundestaqın deputatı gileylənib.

Onun fikrincə, Avropadakı məmurlar Çeçenistandakı vəziyyəti yenidən qiymətləndirməli və orda cəmiyyətin hansı qaydalarla yaşadığını daha yaxşı anlamalıdır. “Bizim təqib və ya ölüm təhlükəsi olan adamları geri göndərməmək kimi humanitar öhdəliyimiz var. Odur ki, çox zaman qaçqınları geri göndərməməliyik… Aydındır ki, indi qaçqınlara sığınacaq verilməsi məhdudlaşdırlıb. Amma Çeçenistan məsələsində, təkrar edirəm, mənə elə gəlir ki, orda adamların məruz qala biləcəkləri təhlükələrin yenidən qiymətləndirilməsi tələb olunur. Orda vəziyyət Avropanın digər yerlərindəki münaqişələrdən fərqlidir. Burdan belə çıxır ki, onlara daha çox müdafiə təqdim olunmalıdır”, – Şvabe deyib.

İyulun 15-də “Vətəndaş yardımı” komitəsinin rəhbəri Cvetlana Qannuşkina Moskvada keçirilən mətbuat konfransında “Niyə Rusiya sakinləri Avropada sığınacaq istəyir?” adlı məruzə ilə çıxış edib. Avropaya sığınacaqla müraciət edən Rusiya vətəndaşlarının deportasiyası beynəlxalq qaydalar prinsipinə uyğun deyil, – hüquq müdafiəçisi deyib. Avropa İttifaqının insan haqları pozulmuş qurbanlara münasibətdə miqrasiya siyasəti həm də Suriyadan kütləvi şəkildə qaçqınların gəlməsi və Avropa millətçiliyi ilə bağlıdır, – “Novaya qazeta”nın jurnalisti Yelena Milaşina dəqiqləşdirib.

Xatırladaq ki, hələ 2010-cu ilin dekabrında Avropa Parlamentinin deputatları Rusiyanı insan haqları sahəsində beynəlxalq öhdəlikləri yerinə yetirməyə və Şimali Qafqazda cəzasızlığa son verməyə çağırıb.

Ana səhifəDünyaAŞPA məruzəçisi Çeçenistandan olan qaçqınlara münasibətə yenidən baxılmasını istəyir