Dini mənsubiyyətinə görə zorakılığa məruz qalanların xatirə günüdür

Müraciətdə bildirilir ki, dünyanın bütün əsas dinləri tolerantlığı və ortaq humanizm ruhunda dinc birgə yaşamı dəstəkləyir.

Source: Specify Source


BMT-nin baş katibi beynəlxalq günlə bağlı müraciət yayıb

22 avqust – Dini mənsubiyyət və inancına görə zorakılığa məruz qalmış qurbanların xatirəsinə həsr olunmuş beynəlxalq gündür.

İlk dəfə qeyd olunan bu günlə bağlı BMT baş katibi Antonio Quterreş müraciət ünvanlayıb.

“Son bir neçə ayda, dini mənsubiyyət və inancına görə hədəfə alınan şəxslərə və qruplara qarşı artan hücumların şahidiyik”.

BMT Baş katibinin müraciətində belə deyilir. Bildirilir ki, yəhudilər sinaqoqlarda qətlə yetirilib. Onların məzarları svastikalarla təhqir olunub. Müsəlmanlar məscidlərdə güllələnib. Onların ibadət yerləri dağıdılıb. Eyni zamanda, xristianlar ibadət zamanı öldürülüb və kilsələri yandırılıb:

“Yeni Zelandiya, Şri-Lanka və Amerika Birləşmiş Ştatlarında olduğu kimi bir çox hücum məqsədyönlü şəkildə ibadət yerlərini hədəfə alıb. Suriyadan tutmuş Mərkəzi Afrika Respublikasına qədər, bir çox münaqişədə bütün icmalar məhz inanclarına görə hücuma məruz qalıblar”.

Müraciətdə bildirilir ki, dünyanın bütün əsas dinləri tolerantlığı və ortaq humanizm ruhunda dinc birgə yaşamı dəstəkləyir. Odur ki, qərəzli şəkildə dindən istifadə edərək yanlış təsəvvürlərin yaradılmasına, ədavətə təşviq edənlərə, qorxu və nifrətin yayılmasına çağıranlara müqavimət göstərilməli, onlar rədd edilməlidir:

“Müxtəliflik zənginliyin və gücün mənbəyidir. O, heç vaxt təhlükə yaratmır. Bu gün, tarixdə ilk dəfə olaraq biz, dini mənsubiyyəti və inancına görə zorakılığa məruz qalan qurbanların xatirəsinə həsr olunmuş Beynəlxalq Günü qeyd edirik”.

Birləşmiş Millətlər Təşkilatı bu sahədə öz səylərini iki yeni təşəbbüs çərçivəsində genişləndirir:

“Nifrət nitqinə dair BMT-nin ilk strategiyası və fəaliyyət planı, eləcə də dini yerlərin qorunması üçün fəaliyyət planı. Dini mənsubiyyətə və inanca görə zorakılıq təhdidini aradan qaldırmağın ən yaxşı yolu səylərimizi birləşdirmək, nifrət mesajlarını sülh mesajları ilə cavab vermək, müxtəlifliyi qəbul etmək və insan haqlarını qorumaqdır”.

Təşkilat bəyan edir ki, dünya antisemitizm, müsəlmanlara qarşı nifrət, xristian və digər dini qrupların təqibi, eləcə də irqçilik, ksenofobiya, ayrı-seçkilik və zorakılığa təhrikin bütün formalarını aradan qaldırmaq üçün səylərini artırmalıdır:

“Bəşər övladı olaraq qarşılıqlı anlaşmanı təşviq etməliyik. Hər kəsin bir-birinə qayğı göstərmək, müxtəlifliyə hörmət etmək və sülh içində birgə yaşamaq məsuliyyəti var”.

Ana səhifəDünyaDini mənsubiyyətinə görə zorakılığa məruz qalanların xatirə günüdür