ABŞ səfirliyi

Mənbə: Google

Başlıq: ABŞ səfirliyi

“Dinc nümayişlərə maneə olmaq Azərbaycanın imkanlarını məhdudlaşdırır”

Məqalə yeniləndi:  21 Oktyabr 2019

Amerika səfirliyi 19 oktyabr aksiyası ilə bağlı bəyanat yaydı

ABŞ-ın Azərbaycan səfirliyi oktyabrın 21-də Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) ötən həftənin şənbə günü keçirdiyi aksiya ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Birləşmiş Ştatların Azərbaycandakı Səfirliyi Avropa Birliyinin bəyanatına dəstək verərək oktyabrın 19-u keçirilən dinc etiraz aksiyasının dağıdılması, həmçinin aksiya iştirakçılarının və müşahidə edən insanların həbs edilməsi üçün polis tərəfindən göstərilən zorakılığı qəti şəkildə pisləyir:

“Biz hökuməti polis zorakılığına dair yayılan məlumatları araşdırmağa, aidiyyəti olan şəxsləri məsuliyyətə cəlb etməyə və həbsdə olan şəxlərin tezliklə azadlığa buraxılmasını təmin etməyə çağırırıq. İnsanların azad şəkildə toplaşaraq fikirlərini bildirmək hüququnun təminatı güclü cəmiyyətin zəminini təşkil edir. Hökumətin şəhər mərkəzinə yaxın olan ərazilərdə dinc nümayişlərin keçirilməsinə ardıcıl olaraq qadağa qoyması və ya fikirlərini bildirmək istəyən vətəndaşlara qarşı zorakılıq tətbiq etməsi kimi atdığı addımlar insanların sözügedən hüquqdan yararlanmasına maneə törədir və Azərbaycanı zəiflədir. Etiraz aksiyaları zamanı internetdən istifadə imkanlarını məhdudlaşdırmaq Azərbaycanın maraqlarını qorumur, əksinə Azərbaycanın imkanlarını məhdudlaşdırır. Toplaşmaq və söz azadlıqları Azərbaycanın konstitusiyası tərəfindən təmin olunan fundamental azadlıqlardır və biz hökuməti sözügedən azadlıqları təmin etməyə və qorumağa çağırırıq”.

Birləşmiş Ştatlar Azərbaycan hökuməti və xalqı ilə apardığı tərəfdaşlığı yüksək qiymətləndirir və xalqlarımızın bəhrələnməsinə qulluq edən məsələlərə dair dialoqun dərinləşməsinə ümid edir.

Demokratik Qüvvələrin Milli Şurası oktyabrın 19-da “28 may” metrostansiyası qarşısında mitinq keçirib. Bakı Şəhər Baş polis İdarəsi mitinqin icra hakimiyyətinin razılığı olmadan keçirildiyini qeyd edərək 60 nəfərin saxlanıldığını, onlardan 18-nin inzibati cəza aldığını bildirib. AXCP sədrinin müavini Vahid Məhərrəmli mitinqdən əvvəl və mitinqin keçirildiyi gün 20-dən çox şəxsin İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə azadlıqdan məhrum edildiyini bildirib.

Mitinqin təşkilatçılarından Tofiq Yaqublu 30 sutka inzibati cəza alıb. Vəkili Tofiq Yaqublunun Nəsimi Rayon Polis İdarəsində 1 saat işgəncəyə məruz qaldığını bildirib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  21 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3xscad

Ən çox baxılan