DİN: Şəhidin anasından 26 min 800 manat pul alıblar ki, oğlun sağdır

“Onlar ifadələrində törətdikləri qanun pozuntusunu etiraf ediblər”

Source: Specify Source


"Əsirlikdə olduğunu deyərək ölkəyə gətirilməsi üçün 100 min manat istəyiblər"

Daxili İşlər Nazirliyi Xəzər rayon sakinləri İxtiyar Orucova və Balaxan Hüseynliyə cinayət işi açıb.

Onların II Qarabağ müharibəsində həlak olan hərbçinin ailəsini aldadaraq 26 min 800 manat aldıqları bildilir.

Aldadılan ailənin kimliyini açıqlamayan nazirlik bildirib ki, araşdırma zamanı həmin şəhidin döyüşlərdə həlak olandan sonra yaşadığı rayonda dəfn edildiyi məlum olub: "Bundan sonra onun anasının övladının, bəlkə də, ölmədiyini, şəhidin isə başqa birisi olduğunu zənn edərək çıxış yolunu “falçı”lara müraciət etməkdə gördüyü müəyyən edilib. Bu məqsədlə o, Xəzər rayonunda yaşayan və “falçı” kimi tanıdığı bir qadına müraciət edib. Həmin şəxs 100 manat pul müqabilində “fala” baxaraq övladının dünyasını dəyişmədiyini və əsirlikdə olduğunu anasına bildirərək onu aldadıb. Sonradan falçının oğlu İxtiyar Orucov və şəhidin yaxın qohumu Balaxan Hüseynlinin ünsiyyətləri yaranıb. Onlar əlbir olaraq şəhidin ailə üzvlərinə dövlət tərəfindən ayrılan pulu, eləcə də onların əlində olan əlavə maddi vəsaitləri dələduzluq yolu ilə ələ keçirmək barədə razılığa gəliblər".

"Ardınca, onlar öz çirkin əməllərini həyata keçirmək üçün şəhidin fotolarını montaj edərək guya onun əsirlikdə sağ olmasını özündə əks etdirən yeni şəkillər hazırlayıblar. Bu şəxslər hətta qrim ustasının yanına gedərək guya şəhid haqqında sənədli film çəkiləcəyini qeyd ediblər. Balaxan Hüseynlinin qrimdən istifadə edərək şəhidə bənzədilməsinə nail olublar. Balaxan Hüseynlinin qrimlənmiş şəkillərini və videogörüntülərini şəhidin anasına göstərərək onu övladının sağ olduğuna inandırmağa nail olublar. Niyyətlərini həyata keçirmək məqsədi ilə mərhumun qohumu Balaxan Hüseynli öz səsini şəhid qohumunun səsinə bənzədərək bir neçə dəfə İxtiyar Orucovun telefonu ilə şəhidin anası ilə danışıb və sağ olduğuna dair onlarda yalnış təsəvvür yaradıb. Daha sonra onlar şəhidin anasından və qohumlarından pul almaq üçün guya əsirlikdə olan övladlarını qonşu ölkələrdən biri vasitəsilə Azərbaycana gətirəcəkləri adı ilə aldadıb bu məqsədlə 100 min manat pul istəyib. Nəticədə müxtəlif vaxtlarda hissə-hissə şəhidin qohumlarından 26 min 800 manat alıblar", – rəsmi açıqlamada bildirilir.

Nazirlik İxtiyar Orucov və Balaxan Hüseynli haqda həbs-qətimkan tədbiri seçilib: "Onlar ifadələrində törətdikləri qanun pozuntusunu etiraf ediblər. Hazırda həmin cinayət əməlinin digər iştirakçılarının olub-olmamasının müəyyən edilməsi istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir".

2020-ci ilin sentyabrın 27-də başlanan II Qarabağ savaşında Azərbaycan ordusunun 2907 hərbçisi həlak olub, 7 nəfər itkin düşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin son məlumatı iyulun 21-də

yayılıb

.

"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından iyulun 14-dək dəfn edilən 2907 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 7 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub", – nazirliyin rəsmi açıqlamasında belə deyilir.

Nazirlik həmçinin itkin düşənlərin tapılması və identifikasiyası üzrə işlərin davam etdirildiyini açıqlayıb.

Ana səhifəSosialDİN: Şəhidin anasından 26 min 800 manat pul alıblar ki, oğlun sağdır