"Hadisəni törədən İsmayıl Məmmədov saxlanılıb"
Polis əməkdaşının polis idarəsinə şikayətə gedən həyat yoldaşını güllələdiyi bildirilir.
Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda belə deyilir.
Bildirilir ki, hadisə sentyabrın 30-da, səhər saatlarında Nizami Rayon Polis İdarəsinin önündə baş verib.
“Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanın ailə münaqişəsi zəminində ondan 24-cü Polis Şöbəsinə şikayətə getdiyi barədə məlumat alır. O, dərhal şöbəyə gedib və üzərində olan xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı qətlə yetirib”, – məlumatda bildirilir.
DİN İsmayıl Məmmədovun saxlanıldığını bildirir.
Əlavə edir ki, faktla əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.
Daha öncə isə Balakən Rayon Polis Şöbəsinin əməkdaşı xidməti silahı ilə özünü
öldürmüşdü
.
İyunun 21-də polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş xidməti silahla özünə atəş açaraq intihar etmişdi.
Ondan əvvəl isə Yasamal Rayon Polis İdarəsinin 26 yaşlı əməkdaşı Həsən Osmanov tabeliyindəki silahla 25 yaşlı Fatimə Hüseynovanı
öldürmüşdü
.
Hadisə ilə bağlı məlumat yayan Daxili İşlər Nazirliyi (DİN) bildirib ki, Həsən Osmanov daha sonra intihara cəhd edib.
Nazirlik hadisənin qısqanclıq zəminində baş verdiyini düşünür: “Həsən Osmanovun sağlamlıq durumu ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir”.
Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Həsən Osmanov bir neçə gün sonra ölmüşdü.