Deyirsiniz, barmağı necə kəsməli?

Qafqazda qızları “qadın sünnəti”nə məruz qoymağa davam edirlər. Avropanın 19 ölkəsində bu cür əməliyyatlara qadağa qoyulub, amma Rusiyada hələ də qadağan deyil.

Source: Meydan TV

Məqalə

"Novaya Qazeta"

saytında dərc olunub

Qafqazda qızları “qadın sünnəti”nə məruz qoymağa davam edirlər. Avropanın 19 ölkəsində bu cür əməliyyatlara qadağa qoyulub, amma Rusiyada hələ də qadağan deyil.


«Qışqırırdı, anasını çağırırdı»

Doqquzyaşlı qızı Maqasda,“Aybolit” tibb mərkəzində əlil edən əməliyyata məruz qoyublar. Valideynləri hələ o doğulmamışdan əvvəl ayrılıblar. Atası İnquşetiyada, anası Çeçenistanda yaşayır. Qadın deyir ki, ötən illər ərzində atası qızını cəmi bir neçə dəfə görüb, lakin ötən yay israrla uşaqlarını (qızın böyük qardaşı var) bazar günləri qonaq çağırmağa başlayıb. Anası razılşaıb. Uşaqlar cümə günü gediblər, artıq şənbə günü oğlan anasına zəng edib və bacısına pis olduğunu, səhər onu xəstəxanaya apardıqlarını, sonra atalarının 500 rubl verib marşrut avtobusa oturmalarını və geri Qroznıya qayıtmalarını buyurduğunu söyləyib.

Sonradan aydın olduğu kimi, şənbə günü səhər ögey ana (atanın ikinci arvadı) doqquz yaşlı qızlığını və öz doğma qızını “Aybolit” müalicə-diaqnostika mərkəzinə aparıb. Həmin vaxt klinika açıq-aşkar “qadın sünnəti” üzrə xidmətlər təklif edib (klinikanın saytında dərc edilən prays veb-arxivlərdə qalıb). Əməliyyata əvvəlcə doğma qız, sonra digəri məruz qalıb. İkinci qız “sünnət” edilərkən onu üç böyük adam birdən saxlayıb. Qız ağlayıb, qışqırıb, anası və ya nənəsi ilə əlaqə saxlamalarını yalvarıb. Həkim-ginekoloq İzanya Nalgiyeva (o, klinikada stomatoloji kabinetin tibb bacısı kimi işə düzəlib) hətta qıza deyib ki, bu cür “peyvənd”i hamıya edirlər, əks-təqdirdə o ölə bilər.

Əməliyyatdan sonra qızın qanaxması başlayıb, Qroznıya qayıdandan sonra isə hərarəti qalxıb, təcili yardım çağırıblar. Anası deyir ki, qızına xəstəxanada baxan ginekoloq-uroloq uşağın başına gətirilənlərdən dəhşətə gəlib. “Sünnət” nəticəsində alınan fiziki travmadan savayı, daha sonra qıza travmasonrası pozğunluq diaqnozu qoyulub.

Ana polisə müraciət edib. Həkimə qarşı sağlamlığa qəsdən yüngül xəsarət yetirmək ittihamı irəli sürülüb. Onu gözləyə biləcək ən sərt cəza dörd aylıq həbsdir. Qızı əməliyyata gətirən böyüklərə və klinikanın rəhbərlərinə qarşı cinayət işinin açılması rədd edilib.



Novaya”nın arayışı

Adlarının oxşar olmasına rəğmən, “qadın sünnəti”nin kişi sünnəti ilə, demək olar, heç bir əlaqəsi yoxdur. “Qadın sünnət”i dedikdə, klitorun dəri örtüyündə çərtiklər və ya onun kəsilməsi, klitor başlığının hissəvi və ya tamamilə kəsilməsi, kiçik və böyük cinsiyyət dodaqlarının kəsilməsi və hətta onların tikilməsi nəzərdə tutulur. Məhz buna görə dünyada belə əməliyyatları qadın cinsiyyət orqanlarını şikəst edən əməliyyatlar adlandırırlar.

Qafqazda “qadın sünnəti”Dağıstanın bəzi yüksək dağ rayonlarında və aran kəndlərində yayılıb, İnquşetiyanın ayrı-ayrı icmalarında tətbiq edilir. Onu nadir halda rəsmi tibb müəssisələrində gerçəkləşdirirlər. “Sünnət”, adətən, ev şəraitində bıçaqla, qayçı ilə və ya kustar şəkildə hazırlanmış alətlərlə edilir. Nəticə – həssaslığın itirilməsi, infeksiyalar, sepsis, xroniki ağrılar, sonsuzluq, psixi pozğunluqdur.

Qanunvericilikdə “qadın sünnəti” müəyyən olunmayıb, lakin Cinayət Məcəlləsində cinsiyyət toxunulmazlığının sağlamlığına zərər vurmaq və qəsd etmək haqda maddə var. Hazırda Rusiyada ilk və yeganə bu cür əməliyyat barədə işə İnquşetiyada baxılır.



Müstəntiq cinsiyyət funksiyalarının qalıb-qalmadığını soruşdu»

“Aybolit” klinikasının, ümumiyyətlə, qıza münasibətdə heç bir tibbi manipulyasiya gerçəkləşdirməyə haqqı yox idi, çünki bunun üçün uşağın qanuni nümayəndəsinin razılığının alınması lazım idi, lakin nə ata (onun adı uşağın doğum haqqında şəhadətnaməsinə yazılmayıb), nə də onun arvadı zərərçəkənin qanuni nümayəndəsi olub, “- Hüquqi təşəbbüs” layihəsinin baş hüquqşünası Tatyana Savvina izah edib. O, qızın və anasının maraqlarını təmsil edir.

“İstintaqöncəsi yoxlama mərhələsində həm qızın atası, həm həkim Nalgiyeva uşağa “dini baxışdan qadın sünnəti” edildiyini söyləyib, lakin sonra öz ifadələrini dəyişiblər”, – Savvina deyir. İndi həkim uşaqda vulvit (xarici cinsiyyət orqanlarının iltihabı) aşkar edildiyini və tibbi göstərişlə əməliyyatın zəruri olduğunu təsdiqləyir.

Tatyana Savvina ümumilikdə istintaqı “qeyri-effektiv” qiymətləndirir: sağlamlığa ziyanın qiymətləndirilməsi üçün bütün lazım olan ekspertizalar keçirilməyib, faktiki olaraq əlbirlərə – ataya, arvadına və uşağı tutub saxlayan tibb bacısına qarşı istintaq aparılmayıb. Üstəlik klinika rəhbərliyinin məsuliyyətə cəlb olunması məsələsinə baxılmayıb. Sonradan İnquşetiyanın İstintaq Komitəsi yenə də “Aybolit”i yoxlayıb, lakin cinayət işinin açılmasını rədd edib.

İşdə cəmi bir ekspertiza var, lakin o da Savvinanın dediyinə görə, “çox pis” keçirilib. “Müstəntiq cinsiyyət funksiyalarının qalıb-qalmadığını soruşub, lakin bu sual sağlamlığa dəyən ziyanın ağırlıq dərəcəsini müəyyənləşdirən metodikalara tamamilə uyğun gəlmir. Biz sağlamlığa dəyən ziyanı müəyyənləşdirəndə təkcə cinsiyyət funksiyalarının deyil, həm də cinsi əlaqə və döllənmə qabiliyyətinin qalıb-qalmadığını qiymətləndiririk. Müstəntiqin niyə təkcə cinsiyyət funksiyasının qalması məsələsini irəli sürməsi anlaşılmazdır, – Savvina izah edir. – Bərbad keçirilmiş ekspertizanın nəticəsinə görə, bu, sağlamlığın 6 gündən 21 günədək qısamüddətli pozulmasıdır. Faktiki olaraq sanki barmaqdakı yaranı qiymətləndiriblər. Belə çıxır ki, barmaqdakı yara ilə klitordakı yara eynidir”.

Artıq, demək olar, bir ildir ki, “sünnət” haqqında iş baxılmaq üçün İnquşetiya Respublikasının 15-ci məhkəmə sahəsinin barışdırıcı hakimi İsa Daurbekova həvalə olunub.

«Burada hansısa irəliləyişlərin olacağına ümid bəsləmək olmur, – Savvina hesab edir. – İşin perspektivi olsa-olsa Avropa İnsan Haqları Məhkəməsinə şükayətdir”.

“Hüquq nəzəriyyəsinin nöqteyi-nəzərindən baxsaq, şikəst edən əməliyyatlar ağır cinayətdir”, -“Hüquq təşəbbüsü” layihəsinin vəkili Olqa Qnezdilova hesab edir. Hərçənd həm qanunvericilik, həm tibbi kriterilər cinsiyyət orqanlarında aparılan kəsikləri insan orqanındakı – barmaqda və ya qulaqda – istənilən digər kəsik kimi qiymətləndirir.

“Etiraf etmək lazımdır ki, bu mövzu təkcə Şimali Qafqazda, Afrika ölkələrində və adətən, bu təcrübəni tətbiq edən qruplar arasında damğalanmayıb. Qadının öz seksuallığına olan hüququ bütün cəmiyyətdə damğalanıb və bunu təkzib etmək lazım deyil”, – Qnezdilova “Hüquq təşəbbüsü”layihəsi və Gender Team-ın düzənlədiyi, şikəst edən əməliyyatlara həsr olumuş onlayn-konfrans zamanı söyləyib.

“Qadın sünnəti”nin nəticələri həssaslığın və orqazm keçirmək qabiliyyətinin yoxa çıxması, yəni orqanın öz funksiyalarından birini itirməsidir. “Bu belə əməliyyatları sağlamlığa ağır ziyan vuran əməliyyatlar saymağa imkan verir”, – hüquqşünas belə hesab edir. O həmçinin israr edir ki, “qadın sünnəti”nə uşağın cinsiyyət toxunulmazlığına qəsd, cinayət kimi baxılsın. Çünki əməllər zərərdidənin çarəsiz vəziyyətindən istifadə edərək, onun iradəsinə zidd (bu da üzərində əməliyyat aparılan qızlara tamamilə uyğun gəlir) gerçəklədirilir. Özü də bu zaman ziyan vuranın hansı məqsəd güddüyü vacib deyil (bu, Ali Məhkəmənin plenumunun qərarından irəli gəlir).


Bu, Quranda buyrulmayıb

Antropoloq və islamşünas Axmet Yarlıkapovun sözlərinə görə, qadın və kişi sünnəti ənənəsi inisiasiyanın ibtidai mərasimlərinə aiddir. “Onların hamısı praktiki olaraq şikəst etməklə və ağrı ilə müşahidə olunub. İddiaçı ağrıya dözümlü olduğunu göstərməli, yeni yaşa və ya fərqli kateqoriyaya keçidə hazır olduğunu sübut etməli idi”, – Yarlıkapov məsələyə aydınlıq gətirir. Mərasimlərin ibtidai mənası unudulub, əvəzində yeniləri – dini mənaları peyda olub. Hazırda “qadın sünnəti” Qafqazdakı bəzi müsəlmanlar tərəfindən Allahdan qorxunun əlamətləri, elitarlığın göstəricisi kimi qavranılır və qızlar böyüyən ailələr tərəfindən nikah strategiyalarında istifadə olunur. “Şikəst edən bu əməliyyatlar çox vaxt faktiki olaraq qadın, həmçinin onun bədəni üzərində hakimiyyətin nümayişi məqsədilə həyata keçirilir”, – Yarlıkapov əlavə edir. “Bununla belə, Quranda “qadın sünnəti” etmək buyrulmayıb, sünnət isə (İslam hüququnun mahiyyətinə görə Qurandan sonra ikinci mənbəsi) insana özünə və digər insanlara ziyan vurmasını qadağan edir”, Yarlıkapov qeyd edir.

Təkcə Dağıstanda hər il 1200-dən çox qız cinsiyyət orqanları üzərində şikəst edən əməliyyatlara məruz qalırlar.

2018-ci ildə“Qafqaz. Sülh. İnkişaf” müasirlik və regional problemlər üzrə qlobal məsələlərin təhqiqat mərkəzinin prezidenti Saida Sirajudinova və“Hüquqi təşəbbüs”layihəsinin baş hüquqşünası Yuliya Antonova bu nəticəyə gəlib. Onlar məlum mövzunun tədqiqatı ilə məşğul olublar. Saida Sirajudinova deyir ki, son iki ildə vəziyyət faktiki olaraq dəyişməyib, dünyəvi və dini hakimiyyət, bir də yerli vətəndaş cəmiyyəti hələ ki bu təcrübənin kökünü kəsmək üçün lazımi qədər səy göstərməyə hazır deyil.

Bununla belə, bir neçə ay əvvəl Dağıstan müftiliyi fətva (ilahiyyatçı qərarı) verib və orada göstərib ki, islamda klitorun və ya cinsiyyət dodaqlarının kəsilməsi qadağandır, lakin “qadının klitoru ətrafında artıq dəri olduğu” təqdirdə klitoral örtüyün bir hissəsinin “səlahiyyətli mütəxəssis” tərəfindən kəsilməsinin yolverilən olmasını qeyd edib. Bu sənədin meydana gəlməsini şikəst edən əməliyyatlarla mübarizədə həm böyük zəfər, həm də məğlubiyyət saymaq olar. Bir tərəfdən, bu, dini hakimiyyət tərəfindən problemin mövcudluğu faktını etiraf etmək və şikəst edən təcrübələri məhdudlaşdırmaq cəhdidir, digər tərəfdən, “sünnət”i gerçəkləşdirməyə davam etmək istəyənlər üçün əl yeri qoyulub. “Misirdə bu əməliyyatlar 1997-ci ildən qadağandır, amma orada da bir əmma var: əgər tibbi əsas varsa, əməliyyatı həyata keçirmək olar. Və budur, bu gün Misirdə qızların 75%-i istənilən halda məlum əməliyyata məruz qalır”, – Axmet Yarlıkapov misal çəkir.


Нüquq müstəvisindən deyil, qanundan kənar olması lazımdır

BMT-nin Uşaq Fondunun (UNİCEF) məlumatlarına görə, hazırda dünyada cinsiyyət orqanlarında şikəst edən əməliyyatlar aparılmış 200 milyona yaxın qız və qadın var. “Faktiki olaraq rəqəmlər bəlkə də bir neçə dəfə çoxdur, – “Equality Now” beynəlxalq hüquq-mühafizəsi təşkilatının lideri Flaviya Mvanqoviya qeyd edir. – “Bu, qlobal şikəst etmə təcrübəsidir. O, Antarktidadan savayı bütün qitələrdə baş verir”. Flaviya Mvanqoviya deyir ki, qadın cinsiyyət orqanları üzərində aparılan şikəst edən əməliyyatları dünyanın 92 ölkəsində gerçəkləşdirirlər, onların 32-i “sünnət” üzrə statikstikanı təqdim edir. Yerdə qalan 60 ölkədə rəsmi statistika yoxdur, Rusiya da onların arasındadır.

Flaviya əslən Keniyadandır, orada son 30 ildir ki, şikəst edən əməliyyatlarla fəal surətdə mübarizə aparırlar. 70-ci illərin sonunda yeniyetmə qızların (15 yaşdan 19 yaşadək) 48%-i artıq sorğu zamanı, 2014-cü ildə yalnız 11%-i“sünnət”ə məruz qalıb. Keniyada “qadın sünnəti”ni qadağan edən qanun 2011-ci ildə qəbul olunub.

“Bizim üçün niyə qanun bu qədər mühümdür? Qanunvericilik siyasi iradəni nümayiş etdirir: əgər dövlət ümumilikdə bu təcrübə ilə mübarizə aparmaq istəyirsə, bunu nümayiş etdirməyin əsas üsulu məlum bəndi qanunvericiliyə tətbiq etməkdir, – hüquq müdafiəçisi izah edir. – Əgər şikəst edən əməliyyatlar bu və ya digər ölkədə qanundan kənardırsa, həmin təcrübənin ziyanlı olduğunu hesab etmək norma sayılır, o, insanlara zərər verir”.

Flaviya Mvanqoviya qeyd edir ki, qanun təkcə əməliyyatı həyata keçirən və ya ona görə təbliğat aparan kəsləri məsuliyyətə cəlb etmək üçün alət deyil, həm də profilaktika vasitəsidir. Lakin qanun öz-özlüyündə işləməyəcək – maarifləndirici kampaniya və ictimai rəylə iş lazımdır.

Ana səhifəDünyaDeyirsiniz, barmağı necə kəsməli?