Deputatlığa namizədlərin bir qrupu Avropa Məhkəməsinə şikayət edəcəklər

“Digər bir nəfərin namizədliyi isə MSK tərəfindən ləğv edilib”

Foto: arxiv


Avropa Məhkəməsinin “Azərbaycana qarşı” ifadəsinə görə AMİP bu hüquqdan istifadə etməyəcək

“Növbədənkənar parlament seçkilərində deputatlığa namizəd kimi iştirak etmiş Müsavat Partiyasının üzvlərinin Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəyi şübhəsizdir”.

Bunu Meydan TV-ə partiyanın başqanı Arif Hacılı deyib.

O qeyd edib ki, deputatlığa namizəd kimi iştirak edən partiyanın 42 üzvü yerli məhkəmələrə müraciət edib.

“Əvvəlcə 42 seçki dairəsi üzrə şikayət ərizələri MSK-ya təqdim olundu, sonra Apelyasiya Məhkəməsini keçdilər. Hazırda bir çox dairələrdən Avropa Məhkəməsinə şikayətlər hazırlanır. Sadəcə, Ali Məhkəmədən qərarları almayanlar olduğundan dəqiq nə qədər müsavatçının Avropa Məhkəməsinə şikayət göndərdiyi naməlumdur. Məsələn, mən hələ Ali Məhkəmənin qərarını almamışam, 1 ay müddətinə qərarı göndərməlidirlər”.

Arif Hacılı
Arif Hacılı

Arif Hacılı Avropa Məhkəməsinə təqdim etmək üçün namizədlərinin qanun pozuntuları ilə bağlı külli miqdarda sənədləri olduğunu söyləyib:

“9 fevral növbədənkənar parlament seçkiləri əvvəlkiləri ilə onunla fərqlənir ki, pozuntuları əks etdirən video görüntülər də var”.

AMİP sədrinin müavini Rəşad Aydın təmsil etdiyi partiyanın 12 namizədlə parlament seçkilərində iştirak etdiyi xatırladaraq əlavə etdi ki, onlar yerli məhkəmələrə şikayət versələr də, Avropa Məhkəməsinə müraciət etməyəcəklər:

“Məndə olan məlumata görə milli istiqlalçılar Avropa Məhkəməsinin “Azərbaycana qarşı” ifadəsinə görə şikayət verməyəcəklər”.

ReAL Partiyasının funksioneri Natiq Cəfərli bildirib ki, “

Cümhuriyyət İttifaqı

”ndan seçkilərə qatılan 31 namizədindən 27-i Avropa Məhkəməsinə müraciət edəcəyi şübhəsizdir.

Seçkilərə 31 namizədlər qatılsalar da, onlardan bir nəfər Erkin Qədirli mandat qazanıb, digər bir nəfərin namizədliyi isə MSK tərəfindən ləğv edilib. Daha bir nəfər öz namizədliyini geri götürüb.

Natiq Cəfərli
Natiq Cəfərli

O, məhkəmə ilə sənədlərin vəkil Cavad Cavadovun hazırladığını söylədi:

“ReAL-dan olan namizədlərdən Cavad Cavadovun özü isə məhkəməyə müraciət etməyəcək. Mənim şikayətim bugünlərdə Avropa İnsan Hüquqları Məhkəməsinə göndəriləcək”.

Ancaq “Cümhuriyyət İttifaqı”ndan seçkilərə qatılan Vasif İsmayıl Avropa Məhkəməsinə şikayət etməyəcəyini bildirdi.

“Məgər, şikayət etdikdə, Avropa Məhkəməsi mənə mandat verəcək, xeyr, verməyəcək. İkinci, komanda şəklində insanlar əziyyət çəkir, ancaq cəriməni mən alıram, uyğun deyil. Nəhayət, məhkəmə qərarı işin məğzini mənə göstərməyəcək, ona görə elə bir həvəsim yoxdur”.

“Hərəkət” Seçki Blokundan 2 nəfərin, İlkin Rüstəmzadə və Elgiz Qəhrəmanın namizədliyi qeydə alınmadığından artıq yerli məhkəmələrə şikayət vermişdilər və Avropa Məhkəməsinə müraciət edəcəklər.

Bu barədə Meydan TV-yə blokdan namizəd olan Ülvi Həsənli danışıb.

Ülvi Həsənli blokun seçkilərə 16 namizədlə qatıldığını xatırladaraq əlavə edib ki, sonradan Baba Məmmədli müsavatçı Yadigar Sadıqlının xeyrinə seçkilərdən geri çəkilib.

Ülvi Həsənli blokdan namizəd olan 12 nəfərin Avropa Məhkəməsinə müraciət edəcəyini deyib:

Lighthousefellowship-2.jpg
Ülvi Həsənli

“Ruslan İzzətlinin qatıldığı 33 saylı Suraxanı seçki dairəsinin nəticələri ləğv olunub. Ona görə Ruslan İzzətli şikayət etməyib. 3 nəfər kifayət qədər fakt toplaya bilmədiklərinə görə məhkəməyə müraciət etməyib. Digər 1 nəfər isə Novruz Bayramından sonra qərar verəcəyini deyir”.

Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçirilib. Milli Şura və KXCP seçkiləri boykot etsə də, AMİP, ADP, BAXCP, BQP, VHP, YAP, Müsavat, Ümid, ReAL seçkilərə qatılıblar.ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), AŞPA və ATƏT PA birgə müşahidə missiyası fevralın 10-da seçkilərin nəticələri haqda ilkin hesabatlarını yayıb.

Azərbaycanda növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçirilməli idi. 2019-cu il dekabrın 2-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından (YAP) olan deputatların təşəbbüsü ilə Milli Məclis onun buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə Prezidentə müraciət edib. Dekabrın 5-də Prezident növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Ana səhifəSiyasətDeputatlığa namizədlərin bir qrupu Avropa Məhkəməsinə şikayət edəcəklər