Deputat: Tofiq Yaqublunun səhhətinin pisləşməsində maraqlı olan qüvvələr var

O qeyd edib ki, belə məzəmmətlər Azərbaycanın imicinə ziyan vurursa, bu cür addımlardan çəkinmək lazımdır:


Milli Məclisdə Tofiq Yaqubludan danışdılar

Milli Məclisin İnsan hüquqları komitəsinin sentyabrın 17-də keçirilən iclasında deputatlar Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun həbsdən azad edilməsini istəyiblər.

Deputat Razi Nurullayev bildirib ki, Tofiq Yaqublunun günahkar olub-olmaması ilə bağlı məlumatlı olmasa da, bu həbsə görə Azərbaycan dünya ölkələri tərəfindən ciddi tənqid edilir.

O qeyd edib ki, belə məzəmmətlər Azərbaycanın imicinə ziyan vurursa, bu cür addımlardan çəkinmək lazımdır:

“Ümid edirəm ki, bu gün apelyasiya məhkəməsi Tofiq Yaqublu məsələsini ciddi araşdıracaq və cəmiyyəti razı salacaq qərar qəbul edəcək”.

Copy of Copy of Untitled Design.png
Razi Nurullayev

Deputat Bəhruz Məmmədov da deyib ki, Tofiq Yaqublunun həbsdə qalmasını arzu etmir:

“Xüsusilə də Qarabağ qazisinin həbsdə qalması arzuolunan deyil. Ancaq biz cəmiyyət olaraq məhkəmənin, hakimin müstəqilliyinə xələl gətirəcək addımlardan yayınmalıyıq”.

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib ki, hökumət Tofiq Yaqublunun səhhətinin ağırlaşmasında maraqlı deyil:

Zahid Oruc
Zahid Oruc

“Tofiq Yaqublu 5 il deputat köməkçisi işləyib deyə əyani olaraq tanıyırıq. Bizə olan müraciətlərlə bağlı artıq işlər görmüşük. Bu gün Tofiq Yaqublunun səhhətinin pisləşməsində maraqlı olan qüvvələr var. Dünən Azərbaycanla bağlı “Facebook” üzərindən araşdırmalara başlanması başlığı ilə məqalə dərc edilib. Burada hökumətin trol yaratması məsələsinin araşdırıldığı deyilir. Hakimiyyətə, hakimiyyət orqanlarına qarşı milli tərkibi bəlli olmayan qüvvələrin total hücumları var. Araşdırmaq istəyirlərsə, bunu araşdırsınlar. Bu gün nəhəng sosial şəbəkə şirkətinin nümayəndələri ilə bağlı addımlar atılmalı idi. Bu proqramlar informasiya məkanında nüvə silahı kimidir. Son aylarda biz onu görürük”.

Deputat Elman Nəsirov “Sosial şəbəkələrin tənzimlənməsi haqqında” qanun layihəsinin qəbul olunmasına ehtiyac olduğunu bildirib:

“Sosial şəbəkələr bu gün cəngəllik qanunları ilə idarə olunur. Sosial şəbəkələrin fəaliyyəti ilə bağlı dinləmələr keçirilə bilər. Digər tərəfdən isə işğal olunmuş ərazilərimizlə bağlı qanun layihəsinin qəbul olunmasına da çox böyük ehtiyac var”.

89426_95rmrmg9g4.jpg
Elman Nəsirov

Martın 22-də Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşya vasitəsiləzərəçəkmiş şəxsə zor tətbiq etmək, xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb və həbs edilib. O, sentyabrın 3-də Nizami Rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. Siyasi fəal hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.

Sentyabrın 12-də siyasi fəal hospitala köçürülüb. Vəkillərinin və yaxınlarının sözlərinə görə, T.Yaqublu artıq sudan da imtina edəcəyini deyib. Yaxınlarının sözlərinə görə, belə olarsa, onun hər an komaya düşə biləcəyi gözlənilir. Beynəlxalq təşkilatlar T.Yaqubluya qarşı ittihamların geri götürülməsini tələb edir, onun həbsini siyasi sifariş sayırlar. Bir çox avropa ölkəsində, Kanadada və Türkiyədə T.Yaqubluya dəstək aksiyaları keçirilir. 10 gündür bir qrup fəal Berlində, Almaniya kansleri Angela Merkelin ofisi önündə çadır quraraq aclıq aksiyası keçirir. Onlar T.Yaqublunun haqsız həbs olunduğunu, təcili azad olunmasını tələb edirlər.

Ana səhifəSiyasətDeputat: Tofiq Yaqublunun səhhətinin pisləşməsində maraqlı olan qüvvələr var