Deputat: Mənim daha susmaq fikrim yoxdur

Milli Məclisin deputatları cəmiyyəti qadın zoraklığına qarşı etiraza çağırıblar

Source: Meydan TV


Milli Məclisin deputatları cəmiyyəti qadın zoraklığına qarşı etiraza çağırıblar

“İki gün əvvəl “Avtovağzal” metrostansiyası yaxınlığında ər uşaqlarının gözü qabağında arvadını bıçaqlayıb. Kişilər bunu telefonla çəkiblər və biri çıxıb qadını onun əlindən almayıb”.

Milli Məclisın plenar iclasında “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklər edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deputat Aytən Mustafayeva belə deyib. O bildirib ki, Azərbaycanda son dövrlər ailə zorakılığı artıb. Onun sözlərinə görə, bir müddət əvvəl metroda daha bir bıçaqlanma hadisəsi də olub.

Deputat hesab edir ki, metroda insanların üzərində bıçaq olub-olmadığını polislər yoxlamalı, bununla bağlı qanunvericilik təkmilləşdirilərək sərtləşdirilməlidir: “Bir müddət əvvəl balta ilə qətlə yetirilən qadınla bağlı hadisəyə də münasibət bildirmişdim. Ancaq bir müğənni sonradan çıxıb demişdi ki, yəqin qadının nəsə günahı olub. Bu, necə müğənnidir?!”

Deputat Sona Əliyeva da Biləcəri qəsəbəsində törədilən qətldən danışıb və bir neçə ay qabaq Türkiyədə analoji hadisə olduğunu deyib: “12 yaşlı qızın gözünün qarşısında anası atası tərəfindən qətlə yetirilmişdi. Bununla bağlı Azərbaycanda da sosial şəbəkələrdə #EmineBulutiçinsusma həştəqi ilə paylaşımlar edilmişdi. Emine Bulutun o kadrlarda dayanmadan təkrarladığı söz vardı: “Ölme, anne…”

Deputat deyib ki, Türkiyə mediası və ictimaiyyəti bu hadisədən sonra qadına qarşı şiddətə diqqət çəkmək üçün müxtəlif tədbirlər, kampaniyalar keçiriblər. “Bəs biz nə etdik, niyə susuruq, doğrudanmı qadınları ikinci sort insan kimi qəbul edirik? Həqiqətənmi, biz qadınların da “günah öləndədir” düşüncəsi beynimizin ən alt qatlarına çöküb? İnanmıram, bu, biz deyilik, ya da olmamalıyıq…”

S.Əliyeva hamını bu məsələdə aktiv olmağa çağırıb: “Mən daha susmaq, qadınların övladlarının gözü qarşısında öldürülməsini və uşaqların atalarına nifrətlə kimsəsiz yaşamasını istəmirəm. Siz də susmayın, qadınların təbii və qazanılmış hüquqlarının pozulmasına səssiz qalmayın, qadınların insanlığa sığmayan vəhşiliklərin qurbanı olmasına yol verməyin. Heç bir arqument, fakt, ya da bəhanə insan ölümünə səbəb ola və ya haqq qazandıra bilməz!”

Deputat Məlahət İbrahimqızı da həmkarının fikrini dəstəkləyib. Qadına, uşağa qarşı zorakılıqla bağlı beynəlxalq qanunvericiliyə istinad edən deputat deyib ki, cəmiyyət belə hallara görə mübarizə aparılmalıdır:

“Bu yaxınlarda müxalifət partiyası sədrinin müavininin öz qızlarına və həyat yoldaşına qarşı zorakılıq hərəkətləri barədə məlumatlar ictimailəşdi. Çox təəssüf ki, hüquq müdafiəçilərinin heç biri buna ciddi reaksiya vermədi. YAP olaraq biz bu məsələ ilə bağlı tədbir keçirib bəyanat qəbul etdik, amma onların bəyanata reaksiyası adekvat olmadı. Nə qədər ki, cəmiyyətdə ailələrdəki belə hallara qarşı ciddi reaksiya olmayacaq, belə hallar azalmayacaq. Hüquq müdafiəçiləri belə hallarla mübarizə məsələlərində nümunə olmalıdırlar”.

Ana səhifəXəbərlərDeputat: Mənim daha susmaq fikrim yoxdur