Deputat: Kim işdən çıxarılırsa, arxasından milyonlar çıxır

“2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

Source:


“2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

“Dövlət büdcəsi yalnız Maliyyə Nazirliyinin büdcəsi deyil. Digər nazirliklərin, müvafiq qurumların nümayəndələri də müzakirələrə dəvət edilməli və bizim suallarımıza cavab verməlidirlər”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində iclasda “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəsi zamanı deputat Vahid Əhmədov belə deyib.

Onun sözlərinə görə, dövlət büdcəsinin icrasına daha dəqiq yanaşılmalıdır.

Deputat bank sistemində problemlərə də toxunub. O qeyd edib ki, bu sahədə müəyyən işlər görülsə də, bu gün də problemlər qalmaqdadır.

Vahid Əhmədov
Vahid Əhmədov

Bir müddət əvvəl 4 bankın lisensiyasının ləğv edildiyni xatırladan V.Əhmədov vurğulayıb ki, həmin bankların depoziti 800 milyon manatdan yuxarıdır:

“İndi sual doğurur ki, həmin əmənatləri qaytarmaq üçün banklarda vəsait varmı?”

İclasda Maliyyə naziri Samir Şərifov, nazir müavini Azər Bayramov, nazirliyin şöbə müdirləri və deputatlar iştirak edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 2019-cu ilin büdcəsini yeni büdcə qaydalarına uyğun hazırlanmış ilk büdcə olduğunu vurğulayıb və icrasını müsbət qiymətləndirib.

Onun sözlərinə görə, Hesablama Palatası “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə rəy verib və rəy parlamentə mayın 22-də daxil olub.

Maliyyə naziri Samir Şərifov bildirib ki, büdcənin neft sektorundan asıllığının tədricən azaldılması istiqamətində əməli tədbirlər görülür və büdcə qaydası da bu məqsədlərə xidmət edir.


2020-ci ilin büdcəsində 2,3 milyard manat qalıq yaranıb, nazir “tələsmirik” deyir

Maliyyə naziri çıxışında bildirib ki, 2020-ci il Azərbaycanın dövlət büdcəsinin proqnozlarına yenidən baxılması üçün hökumətə müraciət edilməyib:

“Hazırda biz tələsmirik, daha çox gözləyici mövqe nümayiş etdiririk. Şübhəsiz ki, karantin rejiminin mənfi təsirləri qaçılmaz idi. Lakin biz bu gün karantindən çıxmaqla ölkə iqtisadiyyatında başqa prosesləri izləyirik. Dörd ayın nəticələrinə görə artıq məlumatlar mövcuddur. Beş ayın nəticələri isə yaxın vaxtlarda olacaq”.

Samir Şərifov
Samir Şərifov

Bu ilin dövlət büdcəsinin gəlirləri 24 mlrd 134,5 milyon manat, xərcləri isə 26 mlrd 894,7 milyon manat məbləğində proqnozlaşdırılır.

Bu ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 9,6 milyard manat, xərcləri isə 7,3 milyard manat təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 27,6% və 0,7% çoxdur. Son nəticədə büdcədə 2,3 milyard manat qalıq yaranıb.


“Kim işdən çıxarılırsa, arxasından milyonlar çıxır”

Deputat Əli Məsimli Azərbaycanda maliyyə və kapital amnistiyası ilə bağlı məsələnin sürətləndirilməsi vacib olduğunu da deyib:

“Ölkə başçısının rəhbərliyi ilə bu gün korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Kim işdən çıxarılırsa, arxasından milyonlar çıxır”.

Əli Məsimli bildirib ki, dünya yeni bir böhrana doğru gedir:

“Neftdən Azərbaycana 15-20 mlrd. dollar vəsait daxil olurdusa, indiki qiymətlərlə bizə neftdən daxil olan gəlirlər 5 mlrd. dollardan bir az artıq olacaq”.

40219-1542102846.jpg
Əli Məsimli

O qeyd edib ki, neftin qiymətini proqnozlaşdıran zaman adətən xarici şokları nəzərə almaqda çətinlik çəkilir:

“Postpandemiya dövrü tələb edir ki, biz əlavə vəsaitlər tapmaqla neftdən Neft Fonduna gələn gəlirləri başqa istiqamətdə büdcəyə cəlb edə bilək. İndi Azərbaycan idarəetmənin yeni mərhələsindədir. Bu, eyni zamanda büdcəyə və büdcəyə aid olan qurumlara da şamil olunmalıdır. Milli Məclis və Maliyyə Nazirliyinin payızda və ilin ortasında keçirilən görüşləri azdır. Yeni dövrün tələblərinə cavab verən istiqamətdə işlərimizi korrektə etməliyik. Hansısa formalarda dinləmələrin keçirilməsini təşkil etməliyik. Neft Fondundan büdcəyə gələn vəsaitlərin kənd təsərrüfatından gələn gəlirlərlə əvəzlənməsi mümkündür”.


Tahir Mirkişili: “Məqsəd büdcədə neftin təsirini minimuma endirilməsidir”

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, nefti Azərbaycan iqtisadiyyatında problem kimi qələmə vermək düzgün deyil:

tahir-mirkişili-1.jpg
Tahir Mirkişili

“Neft sadəcə bir çağırışdır. Təbii ki, neftin Azərbaycan iqtisadiyyatının inkişafında həmişə çox böyük rolu olub. Bu gün aparılan islahatların da məqsədi qeyri-neft sektorunun inkişaf etdirilməsi, büdcədə neftin təsirini minimuma endirilməsidir”.

Müzakirələrdən sonra isə “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi I oxunuşda müzakirə olunması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Ana səhifəXəbərlərDeputat: Kim işdən çıxarılırsa, arxasından milyonlar çıxır