“Dedilər ki, sənin həyətinə su çəkə bilmərik, prezidentimiz icazə vermir”

“Bir yandan su problemi lap kələyimizi kəsib”

Source: Specify Source


Tovuz sakini susuzluqdan əziyyət çəkdiyini deyir

Tovuz rayonunun Köhnəqala kənd sakini Sevinc Mürsəlova içməli su üzünə həsrət qaldığını deyir. Şikayətçi Meydan TV-yə danışır ki, illərdir Tovuzun 6 kəndində – Köhnəqala, Alakol, Aran Yanıqlı, Dondar Quşçu, Bayramlı və Azaflı kəndlərində içməli su problemi yaşanır. Çaylar quruyur, artezian quyuları isə yoxdur. Nəticədə əhali müxtəlif yerlərdən su daşımaq məcburiyyətində qalır. Sevinc Mürsəlova deyir ki, qonşularının hamısının həyətində su xətti var, bir tək ondan başqa. Söyləyir ki, içməli su xətti evindən xeyli aralıda yerləşdiyi üçün aidiyyətli qurumlar ona həyətinə su çəkməyə icazə vermir:

“Bütün qonşular özlərinə su çəkdirib. Amma mənim həyətimdə suyum yoxdur. Su mənbəyi evimdən 600 metr aralıdadır. Həyətimə su çəkdirməyə imkanım olmadığı üçün millət vəkilləri Qənirə Paşayeva ilə Arzu Nağıyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazdım. Bir müddət sonra cavab gəldi ki, məktubunuz Tovuz Rayon İcra Hakimiyyətinə yönləndirilib, probleminiz həll olunacaq. İcra hakimiyyətindən əvvəlcə həyətimə su xətti çəkəcəklərini vəd versələr də, sonradan imtina etdilər. Dedilər ki, sənin həyətinə su çəkə bilmərik, prezidentimiz icazə vermir. 30 metrdən artıq məsafəyə su xətti çəkmək qadağandır”.

img_20200810_112846_081.jpg
Deputatın İcra Hakimiyyəti başçısına müraciəti

Sevinc Mürsəlova bildirir ki, şikayətinə təkrar baxılması üçün dəfələrlə icra hakimiyyətinə gedib. Lakin heç bir faydası olmayıb:

“İcra Hakimiyyətində məni qəbul etmədilər. Başçının birinci müavini Rəşad Zeynalov dedi ki, bizlik deyil. Bəs yaxşı, mən dul qadın, xəstə uşaqla susuz necə yaşayım? Qonşuların hamısında su kranı var. Hamı asanlıqla xətt çəkdirib, məndən başqa. Dərdimi kimə deyim? Su mənbəyinə 600 metr məsafə var, burada da yalnız mən yaşayıram. Deyirlər ki, bir ev olduğu üçün ora su çəkmək olmaz. Prezidentdən kömək istəyirəm. Suyu əlimlə daşıyıram, zülm çəkirəm. Havalar da istidir, yayda suya daha çox tələbat yaranır. Özüm də xəstəyəm, oğlum da. Uşaq ikinci dərəcəli skaliozdur. İkinci oğluma görə də “yetimpulu” alıram. Onunla dolanırıq. İmkansız olduğum üçün şikayətimizə baxılmır”.

Sevinc Mürsəlovanın həyat yoldaşını bir neçə il öncə avtomobil vuraraq öldürüb. Deyir ki, onun vəfatından sonra maddi durumları ağırlaşmağa başlayıb:

“Üç övladım, iki oğlum, bir qızım var. Xəstə olan oğlum 17 yaşındadır. Bel sümüyündə və ombasında da əyrilik var. Bakı Uşaq Bərpa Mərkəzində qeydiyyatdadır. İmkansızlıqdan, həm də pandemiya dövrü olduğuna görə müalicəyə apara bilmirəm. Vaxtında müalicə getmədiyi üçün uşağın əsəbləri daha da oyanıb. İndi də səhhətində ağırlaşma baş verir. Gəzəndə, görürsən ki, belində əyilmə daha da artıb. Sağlam doğulmuşdu. İkinci sinifdə oxuyurdu, gördük ki, belində əyrilik yaranıb. Həyat yoldaşım sağ idi. Bakıya tez-tez həkimlərə aparırdıq. O, öləndən sonra imkanım olmadı ki, uşağı vaxtlı-vaxtında həkimə aparım”.

img_20200810_112900_610.jpg
Sevinc Mürsəlova deyir ki, qonşularının hamısının həyətində su xətti var, bir tək ondan başqa.

Şikayətçinin sözlərinə görə, oğlunun səhhətində daha ciddi problem yaranıb. Əgər təcili əməliyyat olunmasa, vəziyyəti ağırlaşa bilər:

“Bir müddət öncə oğlumu hərbi xidmətə çağırdılar. Dedim ki, bu uşaq xəstədir, əsgər gedə bilməz. Hərbi həkim ekspertizasının yoxlanışından sonra həkim mənə dedi ki, bu uşağı təcili əməliyyat etmək lazımdır. Bildirdi ki, damarında genişlənmə baş verib, xayasında şiş var. Gecikdirmək olmaz, mütləq əməliyyat olunmalıdır. Bu söhbət təxminən iki ay əvvəl olub. Mənim hələ də maddi imkanım çatmır ki, uşağımı əməliyyat etdirim. Oğlum indi ağır nəsə götürən kimi ağrı verir. Birtəhər pul toplayıb, gələn ay uşağı yenidən həkimə aparmalıyam. Dul qadınam, imkanım yoxdur. Pis vəziyyətdə qalmışam. Bir yandan su problemi lap kələyimizi kəsib”.

Tovuzun Alakol ərazi üzrə icra nümayəndəsi Akif Əsgərov Meydan TV-yə bildirib ki, hazırda Zəyəm çayı quruduğu üçün ətraf kəndlərdə quraqlıqdır:

“Kənddə iki artezian quyusu qazılıb, lakin kəndə azlıq edir. Sevinc Mürsəlovaya gəlincə, o, bir ay öncə bizə müraciət etdi. Biz də həyətyanı torpaq sahəsi və evinin olması ilə bağlı arayış təqdim edib, onu ASAN Xidmətə yönləndirdik. Güman ki, yaxın zamanlarda layihə çəkilər”.

img_20200810_112832_905.jpg
Deputatın “Azərsu” ASC sədrinə müraciəti

Meydan TV su probleminə cavabdeh olan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mövqeyini öyrənmək istəsə də, mətbuat xidmətindən zənglərə cavab verilməyib.

Prezident İlham Əliyev 2018-ci ildə “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, dövlət büdcəsindən “Azərsu” ASC-yə respublikanın 13 rayonunun ümumilikdə 45 min nəfər əhalisi olan 30 yaşayış məntəqəsində içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə 12,5 milyon (on iki milyon beş yüz min) manat ayrılıb.

“Azərsu”-nun rəsmi saytında qeyd olunub ki, dövlət investisiya proqramı çərçivəsində 2018-ci ildə 19 rayonun 41 yaşayış məntəqəsində su layihələri icra edilib. Bu layihələr 58 mindən çox sakinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Saytda o da bildirilir ki, Tovuzun 5 kəndində içməli su problemi həll olunub.

Bu ilin iyununda Tovuz rayonunun bir neçə kəndində su problemi ilə bağlı aksiya

keçirilmişdi

. Sakinlər artezianların satıldığını, içməli suyun olmadığını bildirmişdilər. Bu zaman polislər sakinlər arasında qarşıdurma olmuşdu.

img_20200810_112907_027.jpg
“Su mənbəyinə 600 metr məsafə var, burada da yalnız mən yaşayıram”
Ana səhifəBölgə“Dedilər ki, sənin həyətinə su çəkə bilmərik, prezidentimiz icazə vermir”