Daha bir korrupsiya şəbəkəsi: Nağıyevlər, Eyyubovlar və…

Əli Nağıyevin xarici hesablardakı milyonları və Praqadakı müəmmalı qətl

Source:

“Azərbaycanın pulyuyan maşını” adı jurnalistlərin iki il ərzində “Danske” Bankının Tallin və Estoniya filiallarında dörd bank hesabı ilə bağlı iki ili əhatə edən sənədlərə verdiyi addır. Danimarkada dərc olunan “Berlingske ” qəzetinə sızdırılan və “OCCRP”yə göndərilən məlumatlarda 3 mlrd. dollara yaxın köçürmələrin hansı məqsədlərə yönəldiyi qeyd olunur. Sənədlərdə pulların kimdən gəldiyi, hara göndərildiyi, kimin bu əməliyyatlara cəlb olunduğu, pulların necə xərcləndiyi haqqında məlumatlar yer alır.

Bu əməliyyatlarda adları keçənlərin əksəriyyəti Azərbaycan prezidenti İlham Əliyevin ailəsi, dost çevrəsi və iş adamlarına bağları olan Azərbaycan vətəndaşlarıdır. Yerdə qalanlar isə xarici siyasətçilər, idman xadimləri, xidmət sahələri və hətta hökumətlərlə bağlı olub.Bu “pulyuyan maşınlar”dan neçəsinin günümüzdə də fəaliyyətini davam etdirib-etdirmədiyi məlum deyil. ​​​

Azərbaycan rəsmiləri və ailələri

Əli Nağıyev 2012-ci ilin dekabrı ilə 2013-cü ilin iyulu arasında “Metastar Invest”dən Çexiyadakı bank hesabına 25, 000 avro qəbul edib.

Əli Nağıyev Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavinidir. O, 2011-ci ildə əvvəlki işindən-milli təhlükəsizlik nazirinin müavini postundan uzaqlaşdırılıb. Buna səbəb o zaman milli təhlükəsizlik naziri olan Eldar Mahmudovla aralarındakı konflikt olub. Amma bu konfliktdən qısa müddət sonra o, hazırkı vəzifəsinə təyin olunub.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin hazırki rəis müavini Əli Nağıyev
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin hazırki rəis müavini Əli Nağıyev

Onun qardaşı Vəli Nağıyev Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavinidir. Əli Nağıyevin oğlu İlham Nağıyev 2016-cı ilin avqust ayınadək Təhsil Nazirliyinin İnsan Resursları Departamentinin rəhbəri olub.

Nağıyev və onun ailəsi Britaniyanın Vircin adaları da daxil olmaqla dünyanın bir çox ölkəsində biznesə, Çexiya və Türkiyədə isə çoxmilyonluq əmlaka sahibdir.

Nağıyev barəsində yazılanlarla bağlı rəy verməzdi. Baş Prokurorluğun sözçüsü deyib ki, Əli Nağıyev korrupsiyaya qarşı effektiv mübarizə aparır və o, özünə qarşı bütün iddiaları rədd edir. Sözçü Nağıyevlər ailəsinin xahişi üzrə açıqlama verdiyini bildirib.


“AME HOLDİNG S.R.O”

“AME Holding S.R.O” 2013-cü ilin iyul-avqust aylarında tikinti ləvazimatları üçün “Metastar Invest”dən 1,249,000 dollar alıb.

Əli Nağıyevin oğulları İlham və İlqar Nağiyev Çexiyada yerləşən “AME Holding”i Britaniyanın Vircin adalarında qeydiyyatdan keçən “Nettle Stone Investments Ltd.” vasitəsilə idarə ediblər.

Şirkət 2014-cü ildə neftin qiymətinin düşməsindən sonra Marianske Laznedə “Hotel Palace Europa”nın rekonstruksiyasına başlayıb.

“OCCRP”-nin reportyorları Nağıyevlər ailəsindən rəy almaq istəyəni bildirəndən sonra başqa jurnalistlər onlarla əlaqə saxlayıb və məqalənin dərcinin qarşısının alınması məqsədilə görüşmək niyyətində olduqlarını deyiblər. Onlar Nağıyevlərin xahişi əsasında görüşmək istədiklərini bildiriblər.


“John Hopkins Medicine”

“John Hopkins Medicine” 2012-2013-cü illərdə Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və onun oğlu, Azərbaycanın Avropa Şurasında səfiri olan Emin Eyyubov üçün “Metastar”dan 12,381.33 dollar alıb.

ABŞ-ın Merilənd ştatında, Baltimor şəhərində yerləşən və ABŞ-ın ən aparıcı tibb müəssisələrindən biri olan “John Hopkins Medicine”nin dəyəri 8 mlrd. dollardır.

Emin Eyyubov “OCCRP”-yə deyib ki, “Metastar” onun və ailəsinin ABŞ və Almaniyada müalicəsinin təşkili üçün vasitəçilik edib. O, “Metastar”a ödənişlərin Bakıda edildiyini bildirib.

Rusiya prezidenti Vladimir Putin baş nazirinin birinci müavini Yaqub Eyyubovu mükafatlandırır
Rusiya prezidenti Vladimir Putin baş nazirinin birinci müavini Yaqub Eyyubovu mükafatlandırır


“NORTHERN PHARMACY”

“Northen Pharmacy” 2012-ci ildə “Metastar Invest”dən Azərbaycanın Avropa Birliyindəki səfiri Emin Eyyubov üçün 2,112.70 dollar alıb.

ABŞ firması olan “Northen Pharmacy and Medical Equipment” tibb ləvazimatları, diabetik vasitələr təklif edir. Firma 75 ildir fəaliyyət göstərir.


“Velasco International Inc.”

“Velasco International Inc.”ə 2012-2013-cü illərdə “Metastar Invest”dən 9 mln. dollar köçürülüb.

“Velasco International Inc.” Britaniyanın Vircin adalarında qeydiyyatdan keçirilən ofşor şirkətdir. Bu şirkətin Kiprlə də bağları var.

Şirkət 2007-ci ildə Panama firması “Mossak Fonseca” vasitəsilə qeydiyyatdan keçirilib, 2015-ci ildə isə ləğv olunub.

Şirkətin Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubova məxsus olduğu bildirilir. “Velasco International Inc.”in qeydiyyat ünvanı Yaqub Eyyubovun Bakı AZ1025, Yusif Səfərov küçəsi 1/A, mənzil 20-də yaşadığı evin ünvanı ilə üst-üstə düşür.

Emin Eyyubov “Velasco International Inc.”, “Mossak Fonseca”nın özü və ailəsi arasında əlaqələr haqqında heç bir məlumata malik olmadığını deyib. O, əlavə edib ki, heç ailəsinin Bakıdakı yaşayış ünvanını da bilmir.


İlham və İlqar Nağıyev

Həm İlham, həm də İlqar Nağıyev “Metastar”dan çox istifadə edib. 2012-ci ilin avqustu və 2013-ci ilin iyul ayları arasında “Metastar Invest”dən İlham Nağıyevin Çexiya və Britaniya banklarındakı hesablarına həm avro, həm də funt sterlinqlə 255,732 dollar köçürülüb.Bu ödənişlərdən ikisinin – 129,388 dolların komputerlərin alınması üçün nəzərdə tutulduğu bildirilir.

Eyni vaxtlarda İlham Nağıyevin qardaşı İlqar Nağıyevin Çexiya və Britaniyadakı hesablarına “Metastar Invest”dən 34, 835 dollar köçürülüb.

İlham Nağıyev1988-ci il yanvarın 1-i, onun qardaşı İlqar isə 1989-cu il mayın 1-də dünyaya gəlib. Onların hər ikisi Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevin oğludur.

Qardaşlar Londonda tələbə təşkilatı kimi fəaliyyətə başlayan qeyri-hökumət təşkilatı olan “Odlar Yurdu”nun direktorlarıdır. Təsis olunduğu 2008-ci ildə “Odlar Yurdu” Londonun Şərq və Afrika araşdırmaları məktəbində “Azərbaycan: keçmişi, bu günü və gələcəyi” mövzusunda diplomatlar, akademiklər və Azərbaycan səfirinin də iştirak etdiyi sərgi keçirib. Tarix və mədəniyyət mövzusunda olan sərgi həm də Ermənistanın Azərbaycana qarşı aqressiyasını əks etdirib.Şərq və Afrika araşdırmaları məktəbinin sözçüləri belə bir tədbirin keçirildiyini təsdiqləməyiblər.

Təşkilatın “Facebook” səfihəsində verilən məlumata görə, 2012-ci ildə “Odlar Yurdu” Britaniya Parlamentində prezident İlham Əliyevin qızı Leyla Əliyeva ilə birlikdə “Azərbaycan tolerantlıq modelinin Avropada təbliği” mövzusunda konfrans keçirib. Sonralar təşkilat öz fəaliyyətini genişləndirib. İndi o, Azərbaycanın problemlərinin Avropada yayılması ilə məşğuldur.

2013-cü ildə hissələrin çoxunun Nağıyev qardaşlarına məxsus olduğu “AME Holding” “Metastar Invest”dən 1 mln. dollardan çox vəsait qəbul edib.Onlar Britaniyanın Vircin adalarında qeydiyyatdan keçən “AME Holding”də payı olan “Nettle Stone Investment Ltd.”nin də direktorlarıdırlar.


Həmzə Kərimov

Həmzə Kərimov 2017-ci ildən “SOCAR Petroleum Romania” şirkətinin direktorudur. 2012-ci ilin avqust, 2013-cü ilin may aylarında “Metastar Invest” dən onun Rumıniyadakı hesabına 125,800 avro köçürülüb. Həmin vaxt onun qardaşı Tural Kərimov öz əmisi oğlu ilə birlikdə və onların nəzarətində olan ofşor şirkət vasitəsilə “Metastar”dan 145,000 avro alıb. Faktiki olaraq, 2012-ci ilin avqustunda bir gün ərzində Həmzənin hesabına 30,000, qardaşı Turalın hesabına 50,000 avro köçürülüb.

Kərimov “OCCRP”-yə informasiyanın dəqiq olmadığını, eyni zamanda baş verənlər haqqında dəqiq bir şey deyə bilməyəcəyini bildirib: “Şəxsən mən sizin adını çəkdiyiniz şirkəti tanımıram. Sizin barəsində danışdığınız ödəniş də yadıma gəlmir”.

“SOCAR Romania” şirkətinin baş direktoru Həmzə Kərimov Buxarestdə yanacaqdoldurma məntəqəsi açılışında
“SOCAR Romania” şirkətinin baş direktoru Həmzə Kərimov Buxarestdə yanacaqdoldurma məntəqəsi açılışında

O qeyd edib ki, xarici vətəndaş olaraq nə o, nə də onun ögey qardaşı Turalın bu cür ödənişlər haqqında danışmağına ehtiyac hiss etmir. “Biz istənilən məbləğdə pul əldə edə bilərik və bunun nəyə lazım olduğunu da deməyə ehtiyacımız yoxdur”, – Kərimov mesaj vasitəsilə bildirib.

Ötən il Rumıniya prokurorluğu Tural Kərimovu çirkli pulların yuyulmasında və SOCAR-ın qaz stansiyasının tikintisi ilə bağlı dövlət büdcəsini talamaqda ittiham edib. İstintaq hələ də davam edir. Həmzə Kərimov “OCCRP”- yə deyib ki, onun qardaşı Rumıniyaya çoxlu sərmayə yatıran yaxşı insandır və prokurorların ona qarşı qaldırdığı ittihamlar saxtadır.

Kərimov qardaşlarının və onların partnyorlarının hekayəsi 10 il əvvəl Həmzə Kərimov Buxarestə gedəndə başlayıb. O zaman 23 yaşı olan Həmzəyə “SOCAR”-ın bu şəhərdə ilk ofisini idarə etmək missiyası tapşırılıb. Onun ögey qardaşı Tural Buxarestə sonradan gəlib və “SOCAR”ın satış departamentində işləyə-işləyə daşınmaz əmlak biznesindən işə başlayıb.

Onların atası Tahir Kərimov 2016-cı ilin martında vəzifəsindən uzaqlaşdırılana qədər Salyan rayonunda icra başçısı vəzifəsində çalışıb, eləcə də önəmli siyasi fiqur olub.


Rəşad Qafarov

Çexiyada bizneslə məşğul olan azərbaycanlı biznesmen Rəşad Qafarov Çexiya bankındakı hesabından ”LCM Alliance”yə tikinti materiallarının satın alınması üçün 54,900 avro köçürüb. 2017-ci ilin iyununda isə o qətlə yetirilib.

Praqa yaxınlığında yerləşən Holesovicedən keçərkən onun maşını birtərəfli yolda yük maşını ilə toqquşub.Yaranı müayinə edən həkimlər xəsarətlərin avtomobil qəzası ilə bağlı olmadığını bildiriblər. Ona çoxsaylı bıçaq xəsarətləri yetirilmişdi. Polis insidenti qətl hadisəsi kimi araşdırmağa başladı. Araşdırma hələ də davam edir.

Qafarov Azərbaycanda dünyaya gəlib, amma özünün ilk nəqliyyat şirkətini 2008-ci ildə Çexiyanın paytaxtı Praqada açıb. Şirkət “Caspian Logistic Services” adlandırılıb, daha sonra adı “Tern Transport and Trading”ə çevrilib. Digər üç nəqlliyyat və lojistik şirkətlər “Oriental Pertoleum”, “CLS Cargo” və “Sintex EU” olub.

2015-ci ildə bu dörd şirkətin ümumilikdə 32 mln. çex kronu dəyərində (1 mln.dollardan çox) əmlakı olub və şirkətlərin payçısı olan kompaniyalar Bakıda qeydiyyatdadır.”Tern Transport and Trading”in dünyanın bir çox ölkədə filialları, Azərbaycan Dövlət neft Şirkəti (SOCAR) və “Gilan” Holdinq də daxil olmaqla biznes partnyorları var. Sızdırılan ABŞ diplomatik sənədlərində qeyd olunur ki, “Gilan” Holdinqin prezident İlham Əliyevin yaxın çevrəsi ilə əlaqələri var.

Mərhum biznesmen Rəşad Qafarov
Mərhum biznesmen Rəşad Qafarov

Qafarov və onun şirkətləri Azərbaycanın imkanlı ailələrindən olan Dilbazilər ailəsinin ev və şirkətlərinin ünvanlarında qeydiyyatdan keçirilib. Eltay Dilbazi Nağıyevlərin dəyəri on milyonlarla dollarla ölçülən daşınmaz əmlakını idarə edir.

Qafarov 2002-2013-cü illərdə Azərbaycanda neft şirkəti olan “Panalpina Central Asia EC” şirkətində müştəri xidmətləri meneceri vəzifəsində çalışıb. “Wall Street Journal”ın yadığına görə, “Panalpina” “BP”-nin (British Petroleum) törəmə şirkətidir və bu şirkətin nəqliyyat xidməti göstərmədiyi halda aktiv olmayan bir şirkətin verdiyi 16 mln. dollar həcmində invoys ödənişləri olub.

“BP” rəsmiləri bu haqda bir neçə il əvvəldən məlumatlı olduqlarını bildiriblər. Onlar qeyd ediblər ki, o vaxt bu məsələ araşdırılıb və lazımı ölçülər götürülüb. “Pamalpina”nın əcnəbi rəsmi şəxslərə rüşvət verdiyinə dair ABŞ-da qeydə alınan oxşar keysində də qeyd olunur.Qafarov “ANS” Televiziyasına müsahibəsində rüşvət və çirkli pulların yuylmasından danışıb.

​​

Şirkətlər


“Business and Leisure Travel Advisors”

“Business and Leisure Travel Advisors”a 2013-cü ildə Azər Qasımovun ABŞ-a səfəri üçün “Metastar Invest”dən 130,400 dollar köçürülüb. Sənədlərdə qeyd olunur ki, pul ABŞ-a təhsil səfəri ilə bağlı depozit qoymaq üçün nəzərdə tutulub. Azər Qasımov 2014-cü ildən prezident İlham Əliyevin mətbuat katibidir. O, 1994-cü ildən Azərbaycan hökumətinin tərkibində fəaliyyət göstərir. Qasımov Çindəki səfirlikdə tərcüməçi, İranda attaşe olub.

Prezident İlham Əliyevin mətbuat katibi Azər Qasımov
Prezident İlham Əliyevin mətbuat katibi Azər Qasımov

Azər Qasımov həmin ilin oktyabrında əsas xəbər agentliklərinin birində dərc olunan yazısında ABŞ Dövlət Departamentinin 2013-cü ildə Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı tənqidlərinə cavabında deyib:

“Mən ABŞ Dövlət Departamentinin Azərbaycandakı prezident seçkiləri ilə bağlı bəyanatı ilə tanış oldum. Demək istəyirəm ki, Dövlət Departamentinin bu qeyri-obyektiv və qərəzli bəyanatı reallığa əsaslanmayan bir sənəddir”.

“OCCRP”nin reportyorları mətbut katibliyi ilə dəfələrlə əlaqə saxlasalar da, Qasımov zənglərə cavab verməyib.


“Ericsson AB”

180 -dən çox ölkədə müştərilərinin olduğunu deyən İsveçin telekommunikasiya şirkəti “Ericsson AB”-nin hesabına 2013-cü il aprelin əvvəllərində “LCM Alliance”dan 4,301,650 avro köçürülüb.

“Ericsson” un nümayəndəsi “OCCRP”-yə deyib ki, şirkətin “LCM Alliance” ilə biznes əlaqələri yoxdur və ödənişlərin niyə məhz həmin şirkətdən köçürüldüyünü bilmir. Buna baxmayaraq, ödənişlər telekommunikasiya xidmətləri və məhsulları ilə bağlı müştəri müqaviləsi əsasında edilib.

“Şirkət müxtəlif ölkələrdən müxtəlif valyutalarla böyük məbləğdə ödənişlər qəbul edib. Gəlirlə bağlı bütün ödənişlərə tam nəzarət etmək asan deyil. İstənilən şəxs hesablara hesab sahibinin təsdiqi olmadan ödənişlər edə bilər, amma biz qəbul etdiyimiz ödənişləri uzlaşdırır və ayırırıq. Biz invoyslara görə ödənişlərin nə vaxt edildiyini bilirik.

“Hazırda uzlaşdırma və ayırmanın yollarının inkişaf etdirilməsi üzərində işləyirik. Bu mənada banklarımızla sıx çalışırıq. “Ericsson” çirkli pulların yuyulmasının qarşısının alınması üçün tətbiq olunan ölçüləri dəstəkləyir”,- deyə şirkətin nümayəndəsi bildirib.


“Hewlett-Packard Europe BV”

“Hewlett-Packard Europe BV” 2013-cü il ərzində “Hilux Services”, “LCM Alliance and Polux Services”dən ləvazimatların alınması üçün 1,435,518 dollar qəbul edib.”Hewlett-Packard” ABŞ-da fəaliyyət gösərən, dövlət sektoru da daxil olmaqla böyük biznes müəssisələrində kompüter proqramlarının inkişaf etdirilməsi, kompüter və printerlərin istehsalı ilə məşğul olan informasiya texnologiyası şirkətidir.

“HP”-nin nümayəndəsi “OCCRP”-yə deyib ki, ödənişlər üçüncü şəxs və satışı həyata keçirən partnyorlar tərəfindən edilib. Ödənişlərin partnyorların adından müştərilərdən alınması adi hal olmasa da, bu, zaman-zaman baş verir”.


“Al Fida International”

2012-ci ildə “Al Fida International”ın İsveç bankındakı hesabına tikinti ləvazimatlarının satın alınması üçün “LCM Alliance”dan 2,100,000 dollar köçürülüb.Şirkətin kimə məxsus olduğunu demək çətindir.

Dubayda yerləşən “Al Fida” İranın nüvə proqramına qoşulduğuna görə ABŞ-ın qara siyahısına salınıb. Bu, onun sanksiyalardan yayınmaq üçün istifadə etdiyi iki şirkətdən biri olub. Bu şirkət İranın “Mellat” bankı vasitəsilə xarici valyutaya çıxış tapmaq üçün istifadə olunub.

“Mellat” bankı özü ilə eyni ünvanda qeydiyyatdan keçən ”Al Hilal Exchange”ə pul köçürmək üçün ,“Al Fida”dakı hesabdan istifadə edib.

Əcnəbilər


Kalin Mitrev

2012-ci ilin oktyabrı ilə 2013-cü ilin fevralı arasında Kalin Mitrevin Bolqarıstan və İsveç  bankındakı hesablarına “Hilux”, “Polux” və “Metastar” dan 425,000 avro köçürülüb.

Bolqarıstanda doğulan Mitrev “UNESCO”nun baş direktoru İrina Bokovanın həyat yoldaşıdır.  2010-cu ildə Bokova Azərbaycanın birinci xanımı, həmçinin ölkənin vitse-prezidenti olan  Mehriban Əliyevanı “Mozart” medalı ilə təltif edib. 2013-cü ilin iyulunda “UNESCO” elan verdi ki, Azərbaycan  Bokovanın Əliyeva ilə əməkdaşlığa dair imzaladığı razılaşmanın bir hissəsi olaraq təşkilata 5 mln. dollar ianə verəcək.

2013-cü il oktyabrın 22-də  “UNESCO” Mehriban Əliyevanın rəhbərlik etdiyi fondun xahişi əsasında Parisdəki iqamətgahında keçirdiyi “Azərbaycan – tolerantlıq diyarı” adlı fotosərgiyə ev sahibliyi edib.  Bank sənədləri göstərir ki, üç gün sonra Mitrevə 20,000 avro ödəniş olunub. Növbəti ay Bokova Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən eyni adlı sərginin açılışına qatılıb.

Kalin Mitrev və xanımı İrina Bokova
Kalin Mitrev və xanımı İrina Bokova

Mitrev “OCCRP”-yə deyib ki, ödənişlər 2011-ci ilin may 2014-cü ilin apreli arasındakı müddətdə məsləhət xidmətinə görə Bakıda  fəaliyyət göstərən, hökumətin Kür-Araz çaylarında daşqınların qarşısının alınması proqramı üzrə  Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə işləyən “Avuar-Co LLC” firması tərəfindən köçürülüb.

O, ödənişlərin niyə məhz “Metastar”, “Hilux” and “Polux” tərəfindən edildiyini bilmədiyini deyib, reportyorlara “Avuar-Co”nun nümayəndələri ilə danışmağı məsləhət görüb. Şirkətin nümayəndəsi isə email vasitəsilə bildirib ki, bu üç ofşor şirkətin onların şirkətinə borcu olub, beləcə o borclardan Mitrevin xidmətlərinə ödəniş üçün istifadə edib. “OCCRP” həmin nümayəndə – Ağasəlim Seyidovla  sonra da Bakı ətrafındakı evində əlaqə saxlayıb. O, daşqınlarla bağlı layihədən xəbərsiz olduğunu və “OCCRP”-yə belə bir email göndərmədiyini bildirib.

Mitrev həyat yoldaşının bu ödənişlər haqqında məlumatlı olub-olmadığına dair suala cavab verməyib, amma qeyd edib ki, Bolqarıstanda bütün gəlirləri haqqında hesabat və vergi verib.

İrina Bokova “OCCRP”-nin partnyoru “ Berlingske”yə cavabında deyib: “Mən həyat yoldaşımın konsultasiya işinin detalları haqqında məlumatlı deyiləm. Mənim Azərbaycana və onun rəhbərliyinə münasibətmlə bağlı verdiyiniz suallar yersizdir. İddiaları qəbul etmirəm və tamamilə əsassız olan məlumatların dərcini böhtan hesab edəcəyəm.


Mario və Cinzia Palmonella

2014-cü ilin avqustunda “Hilux”dan memar Mario Palmonellanın Rumıniyadaklı bank hesabına  21,013 avro köçürülüb. Cinzia Palmonella da 2014-cü ilin dekabrında “Hilux”dan 36,500 avro qəbul edib. Bu iki ay arasında onların hesabına  57,500 avro köçürülüb.

Mario Palmonella italiyalı memardır. O, bir qrup rumıniyalı memarla birlikdə Bakıda “7 Hills” yaşayış layihəsinin dizaynını verib. Bu xidmət müqabilində ödənişlər Azərbaycan Beynəlxalq Bankı tərəfindən edilib.

O, bu cür başlayan bir məktub yazıb: “Biz hamımız azərbaycanlıyıq !!! Bu, Bakıda yaşayan İtaliya toplumu adından bir çağırışdır. Azərbaycanda yaşayan italyanlar Qərb kütləvi informasiya vasitələrində Azərbaycan əleyhinə aparılan nüfuzdansalma kampaniyasına qarşı qəzəblidirlər”.

O, “OCCRP”a deyib ki, Azərbaycanda insan haqları ilə bağlı durumdan xəbərdardır, amma bu məktub Azərbaycanda bineslə məğşul olmağın qarşılığı üçün olub.


Novae Terrae Fodu

Novae Tettae Fondu 2012-2014-cü illərdə “Hilux Services”, “Polux Management”  və “Metastar Invest” dən konsultasiya xidmətləri üçün ümumi məbləği 1,990,000  avro olan 19 oxşar ödəniş qəbul edib.

Fondun son zamanlar ortaya çıxan insan hüquqları adlandırılan abort, sui-qəsd, eynicinslilərin evliliyik əleyhinə və dünyəviliklə bağlı lobbiçiliyinin doğuşdan verilən hüquqlara görə insan hüquqları konsepsiyasına heç bir aidiyyəti yoxdur.

Luca Volonte
Luca Volonte

İtaliyalı deputat, Avropa Xalq Partiyasının Avropa Şurasındakı qrupunun rəhbəri Luca Volontenin də adı fondun rəhbərləri siyahısındadır.

“Hilux”dan 2.39 mln. avro ödəniş alan Volonte İtaliyada korrupsiyada ittiham olunub.  Prokurorlar Volonteni Azərbaycanda siyasi məhbuslar  və insan haqları pozuntusunu əks etdirən tənqidi hesabatın səsvermədən keçməməsi üçün rüşvət almaqda ittiham edib. 2013-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası hesabatın əleyhinə səs verib.


Zmago Jelinčič Plemeniti

Zmago Jelincic Plemeniti 2012-ci il iyulun 30-da “Metastar Invest”dən 25,200 avro qəbul edib. Plemeniti  millətçi  Slovakiya Xalq Partiyasının rəhbəridir və Azərbayan, prezident Əliyevlə çox əvvəllərə dayanan münasibətləri var. 2008-ci ildə onun Azərbaycana dərman satışından 3 mln. dollar qazandığı deyilirdi.

2005, 2010, 2013-cü illərdə o, Azərbaycanda seçkiləri izləyən nümayəndə heyyətinin tərkibində olub. Növbəti il o, Azərbaycan dövlət xəbər agentliyinə “Amnesty International” təşkilatının Azərbaycanla bağlı hesabatına şübhə ilə yanaşdığını, ölkəyə səfərləri zamanı siyasi tiranlıq əlamətlərinin şahidi olmadığını demişdi.

O, həmçinin Azərbaycanla münaqişəyə görə Ermənistanın addımlarını pisləyən açıq məktubu imzalayanlardan biri olub, 2013-cü ildə seçkidə qələbəsi münasibətilə prezident İlham Əliyevi təbrik edərək bildirmişdi ki, bu qələbə Azərbaycan xalqının hökumətin siyasətini dəstəkləməyinin təstiqidir.

Plementini “OCCRP”- yə  deyib ki, ödənişlər Slovakiya yazıçısı Tone Svetlinanın müharibə  mövzusunda olan romanı – “Ukana”nın rus dilinə tərcüməsi üçün edilib.”OCCRP”-nin partnyoru “Delo”nun jurnalistləri aşkara çıxarıblar ki,  Slovakiyanın rəsmi onlayn biblioqrafiya sistemi olan “Cobiss.si” əsərin Rus dilinə ən son 1979-cu ildə tərcümə olunduğu göstərir. Rusiyanın onlayn kitabxanalarında 2012-ci ildə olan tərcüməyə dair  axtarışlar da nəticə verməyib.

Zmago Jelinčič Plemeniti
Zmago Jelinčič Plemeniti

Plementini kitabın harda dərc olunduğuna dair suala cavab verməyib. O bildirib ki, onun Azərbaycana qarşı doğmalıq hissləri var. Belə ki, atası Azərbaycanın müharibə qəhrəmanı Mehdi Hüseynzadə (Mixaylo) ilə birlikdə vuruşub və o, hətta Hüseynzadənin istifadə etdiyi pulemyotu Azərbaycan hökumətinə təhvil verib.

O, maliyyə köçürmələri ilə bağlı danışmaq istəməyib.  “Bu uzun müddət əvvəl olub, mən nə qədər aldığımı, heç pulu hansı şirkətin ödədiyini də xatırlamıram”,- o, deyib.

Plementini həmçinin bildirib ki, hər şey kitab üçün olub və “FMMS”  Slovakiya hüquq firmasının hüquqşünası tərəfindən təşkil olunub.

Plementini təmsil edən “FMMS” firmasının hüquqşünası Peter Fasun “Delo”ya danişanda pulu köçürən şirkətin adını heç çəkməyib. Hüquqşünas bildirdi ki, ödənişlər ənənəvi olaraq “FMMS”in müştəriləri üçün nəzərdə tutulan hesaba köçürülüb.

O, həmçinin dedi ki, Slovakiya hakimiyyəti pul köçürməsi ilə bağlı araşdırma aparıb, amma istintaq heç bir qanun pozuntusu aşkarlamayıb.

Ana səhifəAraşdırmaDaha bir korrupsiya şəbəkəsi: Nağıyevlər, Eyyubovlar və…