Daha 13 Ermənistan vətəndaşının Bakıda məhkəməsi başladı

Ermənistan vətəndaşları haqqında cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxsa da, məhkəmə iclaslarının Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında keçirilməsinə qərar verilib.

Source: Specify Source


Mühakimə olunanların sayı 40-a çatıb

Azərbaycanda həbsdə olan Ermənistan vətəndaşlarından daha 13 nəfərinin mühakiməsi başlayıb. Onlar iyunun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində ilk dəfə hakim qarşısına çıxarılıb. Son bir həftə ərzində terrorçuluq, Azərbaycanın dövlət sərhədlərini pozma, qanunsuz silahlı birləşmələrin tərkibində basqınlar və s. ittihamlarla mühakiməsi başlanan Ermənistan vətəndaşlarının sayı 40-a çatıb. Bundan əvvəl eyni ittihamlarla mühakimə olunan 14 və 13 nəfərlik daha iki qrupun məhkəməsi başlamışdı.

Hakim Eldar İsmayılovun sədrliyilə keçirilən bugünkü hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə təqsirləndirilən şəxslər erməni dilində danışır, iki tərcüməçi onların dediklərini Azərbaycan dilinə tərcümə edir. Həmçinin məhkəmədə Azərbaycan dilində səslənən fikirlər də onlara tərcümə olunur.

Təqsirləndirilən şəxslərə dövlət hesabına təyin olunan vəkillərin bir neçəsi onların rusdilli tərcüməçi ilə təmin olunması barədə vəsatət qaldırıb. Müdafiəçilər bildirib ki, təqsirləndirilən şəxslərin bəziləri rus dilində bilir, onlar üçün məhz rus dilindən tərcüməçi ilə təmin olunmaq daha məqsədəuyğundur. Amma məhkəmə bu vəsatəti təmin etməyib.

Vəkillərin daha bir vəsatəti bütün məhkəmə iclaslarının audio və video yazı ilə aparılması haqda olub. Bu vəsatət isə təmin edilib.

w_161624359640502847046_1000x669.jpg
Hakimlər heyəti

Məhkəmə baxışı iyunun 29-na təyin olunub. Ermənistan vətəndaşları haqqında cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxsa da, məhkəmə iclaslarının Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında keçirilməsinə qərar verilib.

Bu 13 nəfərlik qrupun tərkibində Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviç mühakimə olunur.

Bundan başqa, əsirlikdə olmuş azərbaycanlılara işgəncə verməkdə, hətta bəzilərini qətlə yetirməkdə ittiham olunan iki nəfər Ermənistan vətəndaşının da məhkəməsi hazırda Bakıda davam edir. Lakin onlar bu ittihamı qəbul etmirlər. Özlərini yalnız Azərbaycanın dövlət sərhədini pozma ittihamı üzrə qismən təqsirli bilirlər.

Ana səhifəSiyasətDaha 13 Ermənistan vətəndaşının Bakıda məhkəməsi başladı