”Dağıstanda azərbaycanlıların saxlanması Lapşinlə bağlı ola bilər”

Dağıstanın Miqrasiya Xidmətinin keçirdiyi reyddə 400-ə yaxın azərbaycanlı saxlanılıb

Source:
Əlövsət Əliyev


Dağıstanın Miqrasiya Xidmətinin keçirdiyi reyddə  400-ə yaxın azərbaycanlı saxlanılıb

Fevralın 9-da Rusiya Federasiyasının Dağıstan Respublikasında Miqrasiya Xidməti reyd keçirib. 400-ə yaxın Azərbaycan vətəndaşını saxlanılıb.

Bu barədə Meydan TV-yə saxlanılanlardan biri məlumat verib və videogörüntüləri göndərib. Adının açıqlanmasını istəməyən şəxsin sözlərinə görə, onlar sənədlərinin qaydasında olmamasına, vaxtından artıq ölkədə qaldıqlarına görə saxlanılıblar:

“Bizdən külli miqdarda pul istəyirlər. Əksəriyyət bura iş üçün gəlib. O pulu ödəməyə imkanı yoxdu. Bu 4 gün ərzində nə səfirlikdən, nə konsulluqdan vəziyyətimizlə maraqlanan olub. Sənədlərimiz qaydasında olmaya bilər, amma bu o demək deyil  ki, bizi məhkəmə qərarı olmadan həbsdə saxlamalıdırlar”.

Saxlanılanlar bildirirlər ki, sənədləri yerində deyilsə ölkədən çıxarsınlar, deportasiya etsinlər:

“Amma burada bizdən böyük məbləğdə pul tələb edirlər və pis şəraitdə saxlayırlar”.

Xarici İşlər Nazirliyi Meydan TV-nin məsələ ilə bağlı sorğusunu cavablandırmayıb.

Olayla bağlı Meydan TV miqrasiya məsələləri üzrə ekspert Əlövsət Əliyevə müraciət edib.

Ə.Əliyev güman edir ki, Dağıstan Respublikasının Miqrasiya Xidmətinin bir neçə gün əvvəl reyd keçirməsi Rusiya vətəndaşı, bloqqer Aleksandr Lapşinlə bağlı da ola bilər. Amma bloqqeri başqa vasitələrlə də Azərbaycandan ala bilərlər.

O bildirib ki Dağıstan və Çeçenistanda 350-400 min civarında Azərbaycan vətəndaşı qanunsuz əmək fəaliyyətilə məşğuldur. Rusiya qanunvericilinə əsasən onları işə götürən hər bir şəxs üçün 3500 rubldan 5 minə qədər ödəniş etməli, o cümlədən, hər biri üçün 3 aylıq iş vizası almalıdır. Çünki Rusiyaya gedənlər müvəqqəti qeydiyyata alınırlar:

“Həm də müvəqqəti qeydiyyat üçün iş izni kartları almalıdırlar. Bunu da işə götürənlər etməlidir. Ümumiyyətlə, Dağıstanda 85 faiz qanunsuz çalışanlardır və buna görə məsuliyyəti işə götürənlər daşıyır. Yəni minimum 140 min rubldan başlayaraq daha yüksək məbləğdə hər adama görə cərimə olunmalıdır. Qanunvericilik qanunsuz işləyən fəhlə, xidmətçi üçün hər hansı cəzanı nəzərdə tutmayıb. Ona görə baş verənlər qanunsuzdur”.

Ə.Əliyev ehtimal edir ki, bu, işə götürənlərlə Rusiya hüquq-mühafizə orqanları arasındakı sövdələşmədir. Biznesmenlər qanunsuz işlətdikləri adamlara əmək haqqı ödəmək istəmir və hüquq-mühafizə orqanlarıyla sövdələşməyə girib onların inzibati qaydada Rusiyadan çıxarılmasına nail olur:

“Nəticədə onlar sonradan qayıdıb əmək haqlarını ala bilmirlər. Bütün hallarda konkret rəy səsləndirmək çətindir. Bilmək olmur siyasi, yoxsa sosial-iqtisadi qərardır. Hər halda bu hüquqi qərar deyil, çünki qeyri-qanuni hərəkətdir. Azərbaycanda 3-4 il əvvəl oxşar hallar olurdu. Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Orta Asiyadan, Çindən gələn fəhlələri saxlayıb işəgötürəni cərimələyirdilər. Ola bilsin, son bir neçə ildə Dağıstan və Çeçenistanda işə Çin fəhlələrini götürürlər, onlar azərbaycanlılarla müqayisədə daha ucuz işçi qüvvəsidir”.

Əlövsət Əliyev hesab edir ki, bugünə qədər Azərbaycanın Rusiyadakı səfirliyi onun göstərdiyi qanunlara istinad edib hüquq-mühafizə orqanlarına müraciət göndərməliydi.

Ana səhifəXəbərlər”Dağıstanda azərbaycanlıların saxlanması Lapşinlə bağlı ola bilər”