“Crocus City Hall”dakı terrordan sonra taciklərin Rusiyada fiziki təzyiqlərə məruz qaldığı deyilir

Jenya Snejkina, "Mediaşəbəkə"

Foto: Reuters

Onlara xidmət göstərilmir, polis protokol tərtib edir, müqavilələri ləğv edilir

Rusiyada yerli əhalinin, həmçinin də dövlət qurumlarının tacik mühacirlərə qarşı münasibətinin kəskin dəyişdiyi bildirilir.

Səbəb kimi isə bu günlərdə “Crocus City Hall”dakı terror hücumu ilə əlaqədar bir neçə tacikin Rusiya hüquq-mühafizə orqanlarının nəzarətinə götürülməsi faktıdır.

Həmin hadisədən sonra ölkədəki taciklərin iş yerlərində hücum və diskriminasiya (ayrıseçkilik) obyektinə çevrildiyi deyilir.

Onların hətta ksenofob (əcnəbi qorxusu) qruplaşmalar tərəfindən hədə-qorxuya məruz qaldıqları qeyd olunur.

Martın 22-si səhər saatlarında tacik həmyerlilər birliyinin sosial şəbəkə qruplarında fiziki təzyiqə məruz qalmaları ilə bağlı xəbərlər yayılmağa başlayıb.

Tacikistandan olan insanlar axşamlar küçəyə çıxmamaq barədə bir-birini xəbərdar ediblər.

Moskvada yaşayan Rüstəm adlı fəhlə “Novaya Gazeta. Europe” nəşrinə bildirib ki, yaxın günlərdə işə getmək niyyəti yoxdur, çünki hücuma məruz qalacağından qorxur.

Tacikistanlı mühacirlər son günlər Moskvada, həmçinin Fryazino və Blaqoveşensk vilayətlərində küçə hücumlarına məruz qalıblar.

Ultrasağ (irqçi) qruplaşmaların küçə zorakılıqları videolarını təsbit edən müşahidəçilərin yazdığına görə, son bir neçə gündə ən azı, dörd nəfərin gözünə bibər qazı sıxıblar, daha beşini isə döyüblər.

Rusiya rəsmi qurumları həmçinin Tacikistan vətəndaşlarının sosial şəbəkələrdəki aktivliyini izləyir.

Bir müddət öncə Peterqburqda Tacikistanın 26 yaşlı sakininə qarşı “Crocus City Hall”da baş vermiş terror hücumuna haqq qazandıran şərhinə görə cinayət işi açılıb.

Ölkə boyu mühacirlərin basqına məruz qaldığı bildirilir.

Martın 23-də Moskva və ətraf vilayətlərdə, Volqoqradda, Tulada, Sevastopolda, Saratovda, Kalininqradda, Yekaterinburqda, Nijnevartovskda və Nefteyuqanskda belə hallar baş verib.

Polislər mühacirlərin miqrasiya qanunvericiliyini pozmaları haqda protokol tərtib edərək ölkədən getməyə məcbur edirlər.

“Bizi deportasiya etməyəcəklərinə ümid bəsləyirik. Moskvada baş verən hadisə dərin hüznümüzə səbəb olub. Son illər mühacirlərlə bağlı vəziyyət mürəkkəb idi. Allah eləsin ki, hər şey düzəlsin və biz bundan sonra da işləyə bilək”, – Samara vilayətində tikintidə işləyən Firdavs Zaymuddinov deyib.

Polislərin və xüsusi xidmətin bu cür davamlı nəzarəti iş sahiblərinə təzyiq yaradır. Onlar daimi və gözlənilməz yoxlamalara məruz qalmaqdansa işçiləri (əksəriyyətin doğru-düzgün əmək müqaviləsi yoxdur) çıxarmağa üstünlük verirlər.

“İş sahibləri bizə şəxsən heç nə deməyiblər. Amma eşitdiyimə görə, guya onlar qeyri-rusların hamısını geri göndərmək lazım olduğunu söyləyiblər. Bu hadisədən sonra küçəyə nadir hallarda çıxırıq”, – Moskva ətrafında, Mıtişi şəhərində tikintidə işləyən Farxodi Dilfiqor bildirib.

Martın 27-də polislər Moskva ətrafındakı Elektrostal şəhərindəki “Wildberries” internet mağazasının anbarında işləyən mühacirlərin sənədlərini yoxlayıblar.

Rusiya Əmək Nazirliyi reydlər və basqınlar fonunda əmək mühacirləri ilə bağlanmış müqavilələrin müddətini iki ilə qədər məhdudlaşdırmağı təklif edib.

Qurumda mühacirlər üçün məcburi barmaq izinin tətbiq edilməsi təklifini irəli sürüblər.

Həmçinin əcnəbilərdən rus dilini, ölkə qanunvericiliyini və Rusiya tarixini bildiklərini təsdiqləyən sənəd tələb etmək istəyirlər.

Mühacirlər başqa problemlərlə də üzləşirlər – onlara xidmət göstərmək istəmirlər, evlərin kirayəsi müqaviləsini cırırlar və ən adi insan hüquqlarını tapdalayırlar.

Ekspertlətin fikrincə, Rusiya hazırkı istehsalat səviyyəsini saxlaya bilmək üçün ölkəyə hər il 390 min mühacir cəlb etməlidir.

Orta Asiyadan olan əmək mühacirlərinin iştirakı Rusiya infrastrukturunun, tikinti sahəsinin və kənd təsərrüfatının dəstəklənməsində və inkişafında aparıcı rol oynayır.

Rusiya hakimiyyəti mühacirlərə bu cür münasibətin təkcə onların təhlükəsizliyinə deyil, ilk növbədə ölkənin iqtisadi inkişafına zərər vurduğunu nəzərə almadan hərəkət edir. Çünki müharibə və rejimin korlanması fonunda ora pul qazanmaq üçün getmək istəyənlər getdikcə azalır.

Martın 22-də axşam saatlarında Moskva yaxınlığındakı “Crocus City Hall”da sovet və Rusiya rok qrupu “Piknik”in nəzərdə tutulan konsertindən öncə terror hücumu olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin ən son məlumatına görə, nəticədə 143 nəfər həlak olub, 360 nəfər yaralanıb.

İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Rusiya hakimiyyəti isə terror aktının arxasında Ukraynanın dayandığı barədə fikirlər səsləndirib.

Ukrayna isə terrorda iştirakını inkar edib.

“Crocus City Hall”da terror törətdiyi bildirilən 6 nəfərdən dördünün Tacikistan vətəndaşı olduğu bildirilir.

Dalerjon Mirzoev, Murodali Rachabalizoda, Muhammadsobir Fayzov və Şəmsidin Fəriduniyə qarşı “mütəşəkkil dəstənin tərkibində terror aktı törətmək” ittihamı irəli sürülüb.

Moskvanın Basman məhkəməsi bəyan edib ki, şəxslər əməllərini tam etiraf ediblər.

Məhkəmə prosesinin mediaya qapalı keçirildiyi bildirilir.

Rusiyanın Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall” konsert zalı azərbaycanlı biznesmen Araz Ağalarova məxsusdur.

Tikintisinə 70 milyon dollar sərmayə yatırılan zal 2009-cu il oktyabrın 25-də istifadəyə verilib və Azərbaycanın estrada müğənnisi Müslüm Maqomayevin adını daşıyır.

Zalın standart tutumu 6200, maksimumu isə 9500 nəfərdir.

Ana səhifəDünya“Crocus City Hall”dakı terrordan sonra taciklərin Rusiyada fiziki təzyiqlərə məruz qaldığı deyilir