COP29: Bakıda neft buruqlarının önü hasarlanır

Zabrat yolundakı neft çıxarılan ərazilər hasarların arxasında gizlədilir. 

COP29 ərəfəsində Bakıda aparılan dekorasiya işlərinə bu divarların yenilənməsi də daxil edilib. 

Neftdən asılı olan Azərbaycan ekoloji tədbirə ev sahibliyi edib yaşıl siyasətə keçidə iddialı görünmək istəyir. Şəhərin mərkəzi küçələri yaşıllıqlara bəzədilərkən, neft sənayesinin qəlbində – buruqların arasında isə  insanlar mazutla örtülü, rütubətli evlərdə, kəskin qoxu və xəstəlik riski ilə yaşayırlar.

Zabrat 6-cı mədəndə kanalizasiya sistemi yoxdur. Sakinlər öz hesablarına evlərə pərakəndə üsulla borular çəkdirib. Vaxtaşırı yağan yağışlar mazutu onların qapılarına daşıyır. Mazutun qoxusunu ciyərlərindən, ləkəsini evlərindən təmizləyə bilmirlər. 

Zabrat 6-cı mədəndə yaşayan sakinlər bildirir ki, illərdir onlara neftlə çirklənmiş ərazilərdən köçürüləcəkləri deyilir. Ancaq köçürülmə ilə bağlı yekun qərar verilmir. Sənədləşdirilməyən mənzillərdə yaşayan sakinlərə rütubətdən zərər görən evlərini təmir etmələrinə icazə verilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, aparılan inventarizasiya əsasında Abşeronda təxminən 1000 hektar ərazinin neftlə çirkləndiyi üzə çıxıb. Çirklənmə yerləri əsasən Balaxanı, Suraxanı, Sabunçu əraziləridir. Ötən il ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə mediaya açıqlamasında bildirib ki, Bakıda neftlə çirklənmiş torpaqların təmizlənməsi üçün 2024-2030-cu illər üzrə yeni dövlət proqramı hazırlanması hökumətə təklif olunub.

Ana səhifəVideoCOP29: Bakıda neft buruqlarının önü hasarlanır