Çirkin batinin gözəl zahiri

İqbal Ağazadə isə hesab edir ki, xalqı maarifləndirib və təşkilatlandırıb seçki yolu ilə siyasi mübarizə aparmaq lazımdır.

Foto: Meydan TV


Eyni xətanı təkrar törədib fərqli nəticə gözləyən məcnundur

İlham müəllim şəxsən özü, öz iradəsi ilə, dörd bankı, o cümlədən “Əmrahbank”ı bağladı.

Mən bilirəm nə deyirəm. Kim desə ki, “Əmrahbank”ı Mərkəzi Bankın sədri Elman Rüstəmov bağlayıb, ona acımaq lazımdır, zira bu kəs Azərbaycan adlanan məkanın yazılmış qanunlarından daha güclü olan yazılmamış qanunlarından tam bixəbərdir. Necə deyərlər, “fil qulağında yatır”.

Yuxusu şirin olsun!

SSRİ gurultu ilə dağılıb çökən vaxt Sov.İKP-nin ciddi-cəhdlə siyasətdən tam təcrid etdiyi sovet adamlarında siyasətin nə olduğu barədə demək olar ki, heç bir təsəvvür yox idi.

Demək olmaz ki, bu elm məxfi saxlanılırdı. Əsla yox! İstənilən adam bu elmi marksizm-leninizm fənninin tərkib hissəsi kimi öyrənə bilərdi. Lakin bu fənni o qədər zorakı və məcburən insanlara sırıyırdılar ki, bəzi məne-biçarə kimi qəribə məxluqatdan savayı onu öyrənmək istəyən tapılmırdı. Sovet adamları bu zorakı tədrisə müqaviməti elə yüksək həddə çatdırmışdılar ki, “Sov.İKP tarixi”, “Tarixi materializm və Dialektik materializm” fənlərindən imtahan verəndən və qiymət alandan cəmi üç saniyə sonra öyrənib-əzbərlədikləri məlumat onların beynindən ani olaraq “delete” olurdu.

İş o yerə çatmışdı ki, 1989-cu ilin ikinci yarısında AXC İdarə Heyətinin üzvü kimi Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində ali partiya məqam sahiblərinə siyasətin “iki vur iki” kimi sadə mətləblərini izah etməyə çalışanda görürdüm ki, onlar heç nə anlamırlar. Sonda zinhara gəlib həmin ilin dekabrında bu özlərindən xeyli razı qalstuklu zırramaların cəmləşdiyi əzəmətli binanı sonuncu dəfə tərk etdim və acı-acı özümə dedim ki, “AKP MK binasında marksizmi AXC İH-nin üzvü olan məndən savayı heç kəs anlamır”.

Dedim, lakin hirsimdən dedim, çünki bilirdim ki, bu binada Əfrand Daşdəmirov də işləyir və onun bu elmdən xəbəri var. Səd heyf ki, savadlı Əfrand müəllim MK aparatında arabanın beşinci təkəri rolunda idi və onunla hesablaşan yox idi. Allah ona rəhmət eləsin, nəcib insan və dəyərli alim idi.

Sözümün canı odur ki, siyasətdən bixəbər Vəzirov komandası və onun ardıycan siyasətdə tam dayaz Mütəllibov komandası devriləndən sonra hakimiyyətə buğda yeyib cənnətdən çıxmış AXC cahilləri gəldi. Bunlar, necə deyərlər, “ensiklopedik” cahillər idi, yəni ensiklopediyalarda yazılmış biliklərdən heç xəbərləri yox idi.

Belə bilik yükü ilə hakimiyyətə gəlmiş bu məxluqata bir il vaxt verdim və öncəgörməmdə cəmi bir gün səhv etdim.

Cevrilişlə hakimiyyətə gəldikləri gündən bir il bir gün sonra Gəncə üsyanı baş verdi və onlar öz sələflərinin yolu ilə tarixin əsla şanlı olmayan qaranlığında itib getdilər.

Ali məqama hakimiyyət qrossmeysteri Heydər Əliyev gəldi. Mərhum prezidentin hakimiyyət və onun saxlanması barədə mükəmməl DTK biliyi var idi. Bu biliyə kəşfiyyat və əks-kəşfiyyat, siyasi rəqib olan təşkilatların yuxarı səflərinə casusların yeridilməsi və onların vasitəsilə təşkilatların məğlubiyyət yoluna yönəldilməsi, müxalifətin parçalanması və didilməsi, əqidəli müxalifət liderlərinin cəmiyyətin gözündən salınması, şərlənib həbsə atılması, satın alınması və sındırılması, nəhayət, siyasət maşınını işlədən əsas yanacağın – maliyyənin tam nəzarətə alınmas kimi sadə, lakin zəruri əməliyyat tədbirləri daxil idi.

Ulu öndər bütün bu tədbirləri Azərbaycan müxalifətinin üzərində apardığı əməliyyatlar vasitəsilə gerçəkləşdirdi.

Nəticə göz önündədir. Azərbaycanın siyasi müxalifətinin pərişan əhvalını təsvir etmək istəyən artıq zəhmət çəkməsin, böyük şair Əfzələddin Xaqaninin “Mədain xərabələri”ni oxusa, vəziyyətdən hali olar.

Sözümün canı odur ki, Ulu öndər bu sadə həqiqəti həm də öz varisinə yaxşıca izah edə bilmişdir. Məhz buna görə Azərbaycan müstəqilləşəndən sonra peyda olmuş onlarla özəl və müstəqil bank müxtəlif üsullarla ya zorakı bağlanmış, ya da ailənin nəzarətinə keçmişdir. Ailə ölkənin bütün maliyyə qaynaqlarını özəlləşdirmişdir.

Lakin! Bir neçə istisna olmaqla… Ailəyə yaxın oliqarxlara icazə verilmişdi ki, yeyib-dağıtdıqları sahədən oğurladıqları vəsaiti özlərinin təsis etdiyi özəl banklar vasitəsilə idarə etsinlər. Yəni yuyub-ağartsınlar, xaricə köçürüb gizlətsinlər və sonradan xarici sərmayə kimi dübarə Azərbaycana qaytarıb leqallaşdırsınlar. Bu yolla bizim bəzi nazirlər yavaş-yavaş multimilyonçulara, sonra isə xalqdan oğurlanan pulların həcmi artdıqca, milyarderlərə çevrilməyə başladılar.

Ulu öndər varisinə siyasətin daha bir qaydasını da izah etmişdi: böyük pullar böyük siyasi iştaha doğurur. Məhz buna görə indi xalqımız “islahat” istilahı ilə pərdələnən bir sadə prosesi müşahidə edir: həddən ziyadə varlanmış və buna görə bilaixtiyar siyasi iştah sərgiləməyə başlamış oliqarxlar müflisləşdirilir və iqtisadi səhnədən silinirlər ki, siyasi səhnədən də silinsinlər. Təbii ki, bu zaman onların vaxtilə təsis etdikləri banklar bağlanır. Qanuni və ya qanunsuz, ya zəlzələdən, ya vəlvələdən, əsas odur ki, bu banklar olmamalıdır. Vəssalam.

Bu münasibət oliqarxların əsla xoşuna gəlmir. Lakin onlar nə edə bilərlər? Onların əlindən nə gələ bilər?

Onlar kim idilər? Ulu öndər hakimiyyətə gələnə qədər və onlara bu ölkəni verib “talayın” deyənə qədər onlar heç kimin tanımadığı və əllərindən heç nə gəlməyən məxluqat idi. Məhz Ulu öndərin icazəsi və rəhbərliyi ilə onlar son 25 ildə ağlasığmaz sərvət sahiblərinə çevrilib özlərindən bədgüman olmağa başlamışdılar, elə bilmişdilər ki, əllərində olan pulları öz qabiliyyətləri sayəsində “qazanıblar”.

İlham Əliyev indi ardıcıl olaraq izah edir ki, onlar yanılırdılar. Yatdıqları kölgə qayanındır, özlərininki deyil.

Hakim siyasi sinif daxilində formalaşmış və axurdan ardıcıl olaraq uzaqlaşdırılan varlı qrupların içərisində qisas istəyi yaranır.

İlham Əliyevi necə devirmək olar?

Bəlkə açıq siyasi mübarizəyə qalxaq? Əfsus, hər bir oliqarx adlanan məxluqun çiynində o qədər cinayət var ki, elə birinci siyasi tərpənişdən sonra onlar həbsə düşəcəklərini anlayırlar. Misal? Əli İnsanov, Cahangir Hacıyev və Mübariz Mənsimov nümunələri bəs deyilmi?

Bu qədər zəngin həyat sürmüş məxluqat heç cür razı olmaz ki, əziz vücudlarına sədəmə yetsin. Bəs nə etməli?

Ən düzgün və sadə yolu Ulu öndər göstərmişdir: qaragürühü hakimiyyətin üstünə qısqırtmaq lazımdır! Necə ki, Ulu öndərin tapşırığı ilə AXC əvvəl yazıq Vəzirovu, sonra isə koalision hökumətdə müxalifətə hakimiyyətin şir payını təklif edən zavallı Mütəllibovu devirmişdi.

Ortada və üzdə cahil və həyasız şilləvuranlar olmalıdır! Onlar bağırmalı, vuruşmalı, döyülməli və tutulmalıdırlar, onlar qanlı hadisələr törədib, Qurban Məmmədov demişkən, “heydərizmi” devirməlidirlər.

Məhz bundan sonra sifarişçilər kölgədən çıxıb hakimiyyəti götürməli və bu bədbəxt xalqı öz xeyirlərinə talamalıdırlar.

Təbii ki, lap elə indi olduğu kimi, əta edilən paya qane olan şilləvuranlar öz xidmətləri müqabilində xalq malından yeyə biləcəklər. Azı, Milli Məclisə salınacaqlar.

Bu hakimiyyət hərisləri əsla riskə gedib şilləvuranlara böyük pullar buraxmırlar. Əvvəla, ona görə ki, simicdirlər, ikincisi, qorxurlar, üçüncüsü, əla bilirlər ki, Heydər Əliyev heç də Əbülfəz Əliyevə və onun dəstəsinə pul buraxmırdı. Əksinə, AXC öz hesabına, yəni xalqdan azadlıq naminə yığdığı ianə hesabına Ulu öndərin əziz vücudunun qorunması məqsədilə Naxçıvan dəliqanlılarını Moskvaya ezam edirdi. Məhz buna görə “demokratiya” və “azadlıq” carçısı sayılan xaricdəki telesaytlar elə-hey avam camaata müraciət edib, yeni, daha mükəmməi boyunduruq üçün ianə göndərilməsinin vacibliyini xatırladırlar.

Hələlik alınmır. İlan vurmuş ala çatıdan qorxar. AXC xalqı elə aldatmayıb, elə bada verməyib ki, xalq bir də bu hiyləgər və səfeh çağırışlara uysun.

Bəli, bəzi başdan xarablar internetdə elə-hey yazıb gah bu, gah digər şilləvuranı xilaskar qismində elan edirlər, lakin bu çağırışlar hamısı əbəsdir. Geniş xalq kütləsi bu çağırışlara biganədir, çevriliş üçün zəruri olan nə daxili böhran kütləsi yığılır, nə də xaricdəki ağalar sərvətlərini qamarladığı ölkənin məzlum əhalisi ilə maraqlanır.

Kütlə AXC-nin bihörmət etdiyi “demokratiya” şüarına yadlaşıb, “Qarabağ” möhtəkirliyinin mənasını anlayır, buna görə, İlham Əliyev hakimiyyətinin mahiyyətini gözəl dərk etsə də , əsasən onlayn cərəyan edən bu vurnuxmalara tam laqeyddir.

Nəhəng sərvəti görüb əlləri ona çatmayan məxluqat nəhayət ki, anlamağa başlayıb ki, 1988-1993-cü illərdə işləmiş fəndlər daha yaramır, siyasi mübarizənin yeni üsullarını göstərə biləcək hansısa nəzəri məsələnin həllini tapmasalar, məqsədlərinə çata bilməyəcəklər.

Bu yazını lap elə Karl Marks və Vladimir Lenin kimi, uzaq Londonda əyləşib xalqı inqilaba səsləyən Qurban Məmmədovla Ümid Partiyasının sədri, Milli Məclisdəki halal mandatı ikinci dəfədir ki, hakimiyyət tərəfindən müsadirə edilmiş İqbal Ağazadə arasında getmiş fikir mübadiləsinə baxandan sonra yazıram.

Bəli, bəylər nəhayət ki, siyasi mübarizənin nəzəri cəhətlərinə toxunmalı olublar. Bu zaman iki mövqe əyan olub: Qurban Məmmədov hesab edir ki, bütün siyasi müxalifət birləşib “heydərizmi” üsyan yolu ilə devirməlidir, yəni Elçibəy yolu ilə yürümək labüddür. Bunun üçün Mirmahmud Mirəlioğlunun sədrlik etdiyi münasib format da mövcuddur: Azərbaycan Xalq Hərəkatı!

İqbal Ağazadə isə hesab edir ki, xalqı maarifləndirib və təşkilatlandırıb seçki yolu ilə siyasi mübarizə aparmaq lazımdır.

Qaldı “AXH”-yə, cənab Ağazadə uzaq Londonda əyləşib Bakıdakı üsyan eşqi ilə qovrulan Qurban bəyə bildirir ki, AXH adlı təşkilat ilğımdır, yəni sair Azərbaycan siyasi təşkilatları kimi adı var, özü yoxdur.

Niyə yoxdur? Çünki pul yoxdur. Çünki İlham Əliyevi devirmək istəyən məxluqat Heydər Əliyevin 1989-1993-cü illərdəki təcrübəsini eynilə təkrarlamaq istəyirlər. Yəni pul vermirlər, gözləyirlər ki, xalq özü onların hakimiyyətə gəlib xalqı minməsini maliyyələşdirsin.

Axan çaya iki dəfə girmək mümkün deyil.

Ucuz ətin şorbası olmaz!

Ah necə kef çəkməli əyyam idi, onda ki, övladi-vətən xam idi!…

Xam adamlar indi də az deyil, fəqət böhran kütləsinə çatacaq qədər deyil.

Qaldı mənim şəxsi mövqeyimə, bu iki ərz edilimiş siyasi mübarizə yolundan ikincisini mən 1989-cu ildən təbliğ və təşviq edirdim, fəqət kütləni yəhərləyib minmiş hiyləgər siyasi dələduzlar hadisələri Qurban Məmmədovun indi yenə təkrar təbliğ etdiyi məcraya yönəldə bildilər. Nəticə göz önündədir.

Eyni xətanı təkrar törədib fərqli nəticə gözləyən məcnundur.

Bu yazı mücərrəd alındı, zira yazdıqlarımın indi həyatımızı müəyyən edən tacu-l-vəba ilə heç bir əlaqəsi yoxdur.

Milləti düşündürən yeganə məsələ odur ki, karantin nə vaxt götürüləcək, insanlar nə vaxt küçələrə düşüb zindəganlıq üçün qəpik-quruş qazanmaq imkanı əldə edəcək.

Neft, hakimiyyət, demokratiya, Qarabağ – uzaq və mücərrəd, deyərdim ki, əhaliyə artıq yadlaşmış mövzulardır.

İnqilab, ya təkamül?

Çörək.

Ana səhifəXəbərlərÇirkin batinin gözəl zahiri