Ciddi məmurlar və “mırt” əhali…

Maymaq dərəcəsindəki sadəlövh mənim belə, qandığım qeyri-əbədilik barədə onların təsəvvürü yoxdurmu?

Source: Meydan TV


Məmurluğun Azərbaycancasında yazıq olmur

Baş həkim uşaq şöbəsinin müdiri ilə ailəvi dostluq edir. Günün birində külfətliklə bunlara qonaq gəlirlər. Yeyib-içməyin, sevgi, sədaqət dolu sağlıqların şirin yerində telefonu susmayan qonaq ev sahibinə “hava almaq” işarəsi verir. Çıxırlar, adam dostuna ərklə tapşırır ki, “məhrəm” bir yerə dəyib-qayıdanacan vəziyyəti idarə eləsin. Dostunun ona belə ürək qızdırmasından sevinərək ev sahibi içəridə elə əhval-ruhiyyə yaradır ki, süfrədəki müvəqqəti əskiklik gözə görünmür.

Ertəsi gün qonşu Cəvahir xala demişkən, “petminutka”da baş həkim dostunu qaldırıb onun şöbəsindəki “dolu” boş çarpayıların, o çarpayılar üçün silinən vəsaitin və sairənin hesabını soruşur. Şöbə müdiri çaşqınlıqla dostunun üzünə baxıb bu faktları hardan əldə etdiyini soruşur. Baş həkim ötkəm-ötkəm dillənir:


– Ötən gecə özüm gedib bir-bir saymışam, hələ mətbəxdən də xəbərim var.


Adam axşam süfrədən qəfil “itməni” xatırlayıb ərizəsini yazır. Dəhlizdə dalğın-dalğın gəzişərkən dostu yaxınlaşıb üzrxahlıq edir:


– Neçə gündür sıxırlar. Bir yolunu tapıb ora başçının adamını qoymağa məcbur idim. Bir şey taparıq, sən fikir eləmə.


Sabiq müdir dostunun gözlərinin içinə baxıb cavab verir:


– Fikirləşməyim ona görə deyil. Neçə ilin kişisi olaraq ha baş sındırıram, “bazlığın” bu növünü sadəcə ağlım almır…

Şöbə müdirinə yazığınız gəlməsin. Məmurluğun Azərbaycancasında yazıq olmur. Başçısı istəsəydi, öz neçə illik dostuna o bundan betərini edərdi. Çörək tapdamaq, haqqı danmaq, qürur sındırmaq və sairə zalımlıqlar onların gündəlik fəaliyyət növləridir. Təki bircə pillə yuxarıdakına xoş gələ bilsinlər. O yuxarının xoşuna gələ biləcək və bunların anında təşkil edəcəyi digər şeyləri təsəvvür edəcək qədər güclü deyiləm. Amma hər başçının hansısa bir yuxarının aşağısı olduğunu hətta zəiflər də bilirlər. Sitat hələ can bizə daha yaxın zümrəyə aid idi. Gör xalqı yalnız təhlükəsizlik kameralarından, avtomobil şüşələrindən izləyənlər nə gündədirlər? Amma nə gündə olurlarsa olsunlar, taleyimiz hələlik həmin manqurt toplumdan asılıdır. Məhz hələlik, çünki heç nə və heç kim əbədi deyil. Nə onların məngirlədiyi sərvət və kürsülər, nə özləri, hətta biz də.

Maymaq dərəcəsindəki sadəlövh mənim belə, qandığım qeyri-əbədilik barədə onların təsəvvürü yoxdurmu? Dünyaya meydan oxuyan tiranlardan güclü hesab edirlərmi özlərini? Hələ böyük mütəfəkkirlərlə, sərkərdələrlə, sənətkarlarla müqayisəyə gəlmək ehtimallarının sıfırdan aşağı olduğunu demirik. Onda adama deməzlərmi, dərdinizin-azarınızın adı nədir? Doya bilmirsiz bəlkə? Beyninizlə qarnınız arasındakı refleksmi pozulub?

…Daha bir naxoş əsrlərin təbiət abidəsini oğlunun, bəzi mənbələrdə gəlininin adına özəllləşdirib, hər “ərəb mövsümündə” yüz minlərlə vəsaiti rahatca cibinə qoyur. Zəhmətsiz gəlir məşhur şəlalənin damcıları kimi sonsuz şəkildə adamın başına tökülür. Mirzə Cəlilin Xudayarından bircə addım irəli getməmiş kəndxudanın kod adı “rayon icra hakimiyyəti başçısının flan kənd üzrə ərazi nümayəndəsi”dir. İntəhası, adam elmi-texniki tərəqqinin bütün ən bahalı və ən müasir məhsulları ilə “silahlanıb”. Vətən desən, sevmir. Vətəndaş, desən saymır. Amma vətənin və vətəndaşın sərvətlərindən özünə barrikada qurub. Hara daş atsan bunun pəncərəsinə dəyəcək, hara addım atsan bunun “sərhəddinə” ilişəcək. Ərəb məsələsi məlum, o yerin hər qarışında, hər kolunda bir nişanə qoyub böyüyən yerli əhaliyə elə qiymətlər oxuyurlar ki, halal oylağında adam ailə-uşağını götürüb bir-iki saatlıq dincələ bilmir.

Allahın daşını-torpağını, havasını-suyunu dövlətin atributunu daşıyan möhürlə şəxsiləşdirib əlimizdən alan bu zümrə hakimiyyətin səlahiyyətli nümayəndələridir, dövləti təmsil edən məmurlardır. Hansını qaldırsan altından dəryalar çıxır. Nə artıq, nə əskik belədirlər, bundan betərdilər, daha betər olacaqlar.

“Belə getsə” demirəm. Çünki onların “idarə etdiyi” xalq bizik… Anlayan, düşünən, nəticə çıxartmağı bacaran, amma sadəcə oturduğu yerdə lağ-lağı edib atmaca atan geniş auditoruya. Gülməkdən hətta adamın gözləri yaşarır. Hərdən içində boğulduğumuz haqsızlıq, zülm, qəddarlıq və sairə barədə yanıqlı, tükürpədən çıxışlarımız da olur. Özümüz deyib, özümüz ağlayıb dağılışırıq.

Qiymətimiz ona görə kəsilir bəlkə? Otuz ildir sinifdə qalmışıq. Ondansa lal-kar ev tapşırıqlarımıza baxsaydıq, olmayan yerdən havayı enerji getməzdi…


P.S.

Amma enerji, işıq dolu günəş çıxacaq bir gün. Ən azından dünyanın tarazlığı pozulmasın deyə çıxacaq. Uutmayaq, unutmasınlar…

Ana səhifəXəbərlərCiddi məmurlar və “mırt” əhali…