Cəmil Həsənli: Azərbaycan hökuməti repressiya dövrü ilə bağlı SSRİ-nin sirlərini qoruyur

Azərbaycanda isə repressiyaların araşdırılmasında elm və yaradıcılıq baxımdan inkişaf getməyib.

Source: Foto: arxiv


Şahbaz Xuduoğlu: “Repressiya illərinin araşdırılması cəmiyyətdə qarşıdurmaya gətirməyəcək”

Rusiya vətəndaşı Denis Karaqodin 1937-ci il repressiyalarının səbəbkarları – qərar verənlər və icra edənlərin üzərində simvolik məhkəmə qurmaq niyyətindədir.


“Svoboda”

radiosunun məlumatına görə, onun ulu babası Stepan Karaqodin 1937-ci il dekabrın 1-də Tomskda həbs edilib.

O, Yaponiyanın hərbi kəşfiyyatı ilə əməkdaşlıqda, casus-diversiya qrupunun yaradılmasında ittiham edilərək, güllələnib.


“Sistem üzərində məhkəmə qurulmalıdır”

Stepan Karaqodin və digərlərinin həbsi “Xarbin işi” adlandırılıb. Denis Karaqodin repressiyaların təşəbbüskarları olmuş SSRİ rəhbərliyindən tutmuş, Tomskda əmrləri icra edən şəxslərin, hətta dustaqları daşıyan avtomobillərin sürücüləri, əmrləri çap edən makinaçı xanımların hamısının adını müəyyən etməyi qarşısına məqsəd kimi qoyub.


Denis Karaqodin

bir neçə ildir araşdırma aparır və məlumatları toplamaqdan ötrü arxiv materiallarını öyrənməklə məşğul olub. Bundan ötrü xüsusi sayt açan Denis Karaqodin, ora ulu babasının şəxsiyyətini müəyyən etdiyi qatillərinin adlarını əlavə edir. Siyahıya, həbsə sanksiya verən müstəntiqlərin, Tomsk türməsinin əməkdaşlarının, Tomskda və Moskvada bu iş üzrə adları keçən vəzifəli şəxslərin, prokurorların, Siyasi Büronun üzvlərinin, daxili işlər komissarlığının rəhbərlərinin (həmin zaman komissar Nikolay Yejov idi), İosif Stalinin adı artıq daxil edilib. O, sovet sistemi üzərində məhkəmə qurmaq istəyir.

Denis Karaqodinin araşdırması barədə məlumatlarla tanış olduqca, Azərbaycandan olan oxucuda istər- istəməz bir neçə sual yaranır:


– 37-ci il repressiyalarından SSRİ-nin digər respublikaları kimi əziyyət çəkən Azərbaycanda bu məsələ haqqında niyə az danışılır;


– SSRİ 28 il bundan əvvəl dağılsa da, niyə Azərbaycan 80 il bundan əvvəlin arxivlərini açmır və dağılmış SSRİ-nin sirlərini qoruyur;


– Niyə Bakının heç bir yerində repressiya qurbanlarına həsr edilən ümumi abidə yoxdur?

Ötən il mətbuatda repressiya qurbanları olmuş Mikayıl Müşfiq, Əhməd Cavad və digərlərinin güllələndikləri yerin aşkar edilməsi, onların sümüklərinin tapılması və müvafiq araşdırmaların aparılması barədə yazılar dərc edildi. Sonradan bu mövzuya maraq itdi. Proses nə səbəbdən və kimin göstərişi ilə dayandırıldı?

Bu suallara ağıla gələn ilk cavab arxivlərin ictimaiyyətə qapalı olmasıdır. 90-cı illərin əvvəllərində akademik Ziya Bünyadov və Mövsüm Əliyevin səyləri nəticəsində bir sıra repressiya olunmuş yazıçılara, alimlərə açılan cinayət işləri haqda kitab nəşr edildi, tarixçi-ailm Eldar İsmayılov 30-cu illərin repressiyalarını əks etdirən 3 kitab yazdı, telejurnalist Mehriban Ələkbərzadə bir neçə sənədli film çəkdi. Eyni zamanda, Dövlət Sərhəd Xidmətinin binasında muzey açıldı və AYB-də abidə qoyuldu. Ancaq proses Rusiyada, Gürcüstanda, Ukraynada və digər respublikalarda olduğu kimi getmədi. Məsələn, Ukrayna parlamenti aparılan araşdırmaların nəticəsi olaraq 1932-ci ildə kütləvi aclığı “Soyqırım” kimi tanıdı.

Məsələ ilə bağlı müraciət etdiyimiz tarixçi alimlər və ekspertlər Azərbaycanda qapalı sistemin qurulmasını əsas amil hesab edirlər.


“Azərbaycan cəmiyyəti repressiya illəri ilə bağlı arxivlərin açılmasını tələb etmir”

1992-93-cü illərdə milli təhlükəsizlik nazirinin birinci müavini olan Sülhəddin Əkbər repressiya illəri ilə bağlı xüsusi xidmət orqanlarının arxivlərinin açılmamasının bir neçə səbəbi olduğunu düşünür:

“Qonşularından fərqli olaraq Azərbaycan cəmiyyəti, ziyalıları, siyasi xadimləri bu tələbi yüksək səslə gündəmə gətirmir. Cəmiyyətdə önəmli mövqeyi olan, xüsusi ilə hakimiyyətdə olanların yaxın qohumları haqda nüfuza xələl gətirəcək materiallar üzə çıxa bilər”.

Sülhəddin Əkbər
Sülhəddin Əkbər

Sülhəddin Əkbər hesab edir ki, digər bir səbəb Rusiya amilidir. Onun fikrincə, hakimiyyət düşünür ki, qapalı məqamların açılması Kremllə münasibətlərə müəyyən kölgə sala bilər. O qeyd edib ki, Azərbaycana hazırda Rusiyanın təsiri getdikcə artır.

“Nəzərə alın ki, 20 ildir Rusiyaya rəhbərlik edən DTK zabiti Vladimir Putin SSRİ-nin dağılmasını vaxtilə geopolitik fəlakət adlandırmışdı. Bununla da mənzərə aydın olur”.


“Azərbaycanda “Memorial” kimi təşkilat yoxdur”

Professor Cəmil Həsənli 30-cu illərin repressiyaları barədə az danışılmasının səbəbini bu gün də repressiv düşüncə, yanaşma metodlarının qalmasında görür. O deyib ki, “Bandotdel” kimi adlanan DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsində törədilənlərlə ötən əsrin 30-cu illərində istintaq orqanlarının həyata keçirdiyi işgəncələrin ciddi fərqi yoxdur:

“Hətta mən deyərdim ki, texniki təhcizat və vəhşilik cəhətdən bu gün “Bandotdel”də törədilənlər daha amansızdır. Azərbaycanda ümumi demokratik proses zəif gedir. 30-cu illərin repressiyaları ilə bağlı arxivlərin açılması çox ləng gedir. Halbuki, Rusiyada bu istiqamətdə çox əhatəli və geniş işlər görülüb, arxiv materialları peşəkar komissiya tərəfindən öyrənilib. 90-cı illərin əvvələrində kiçik kitabça buraxılsa da, Mircəfər Bağırovun məhkəmə prosesi tam çap olunmayıb. O zaman BDU-nun kitabxana fakültəsini bitirən, sonradan MTN-nin arxivində məsul vəzifədə çalışan Telman Alıyev sənəd şəklində bir neçə kitab çap etdirdi. Amma ardı gəlmədi. Məsələ ondadır ki, arxivlər ictimaiyyət üçün qapalıdır”.

Cəmil Həsənli buna misal kimi 101 il əvvəl Lənkəran və Muğanda olan “Malakan qiyamı” haqda Prezidentin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinə bu yaxınlarda müraciət etdiyini, ancaq hadisələrdə iştirak edən erməni terrorçusunun yazdığı xatirələri ala bilmədiyini göstərib.

“Prezidentin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi həmin hadisələrdə cinayət törədən bolşeviklər və ermənilər haqda sənədlərin başına çuval keçirib məxfi saxlayıb. Həmin çuvalın jurnalist Əfqan Muxtarlının başına keçirilən çuvaldan elə də fərqi yoxdur. Repressiya dövründən 80 il keçib, amma arxivləri təhqiqatçılara vermirlər. 101 il əvvəlki hadisələrin sənədlərini ala bilmirəmsə, hansı durum yarandığını təsəvvür edin”.

O hesab edir ki, buna səbəb qapalı cəmiyyətdə yaşamağımızdır.

“Xatırlayırsınızsa, MTN-dən idarə olunan cəmiyyət adlı sənəd sızmışdı. Onun ən mühüm atributlarından biri də informasiya üzərinə qoyulan qadağalardır ki, bunun da bir hissəsi tarixi sənədlərə aiddir. Beləliklə, mövcud hakimiyyətin SSRİ-nin sirlərini qoruduğunu demək üçün əsasımız var. Əlbəttə ki, 101 il əvvəl baş verən “Muğan qiyamı” haqda sənədləri qapalı fondda saxlamaq, yaxud sənədlərin bir hissəsini zərflərin içinə salıb, sulğuclayıb alimlərdən gizlətmək bolşeviklərin törətdiyi əməlləri gizlətmək deməkdir”.

Cəmil Həsənli
Cəmil Həsənli

Cəmil Həsənli xatırladıb ki, Rusiyada “Memorial” təşklatı repressiya dövrünün mahiyyətinin açılmasında çox böyük iş gördü. O təəssüflənib ki, Azərbaycanda belə bir analoji təşkilat yoxdur:

“Rusiya elmi ictimaiyyəti bu istiqamətdə çox ciddi işlər gördü, arxivləri internetə yerləşdirdilər. Yəni bunlar təhqiqatçılar üçün açıqdır. Məsələn, bu sənədlərdə 12 respublikada nə qədər adamın repressiya olunması göstərilib. Təəssüf ki, həmin sənədlərdə Azərbaycana aid az şeylər var”.


“Repressiya illərinin araşdırılması insanlara rahatlıq gətirəcək”

2000-2008-ci illərdə Simvolik Konstitusiya Məhkəməsi layihəsini gerçəkləşdirən Şahbaz Xuduoğlu Denis Karaqodinin araşdırmasından xəbərdar olduğunu deyərək, təəssüfləndi ki, arxivlərin qapalılığı bu sahədə işlərin ardıcıl aparılmasına imkan vermir. O qeyd edib ki, söhbət yalnız elmi-hüquqi yox, həm də vətəndaş qiymətindən gedir:

“Yaşadığımız sistemdə babalarımız sürgün olunub, güllələnib. Bu prosesin necə getməsi, kimlərin iştirak etməsi aşkarlanmalıdır. Əgər repressiyalarda iştirak edənlərin yaxınları bunları bilsə, onlar da bir az utanar. Qurbanların nəsillərindən olan insanlar da rahatlaşar ki, babalarının həbsləri, məzarları barədə məlumat alıblar”.

şahbaz-xuduoğlu.jpg
Şahbaz Xuduoğlu

Şahbaz Xuduoğlu bildirib ki, repressiya illərinin araşdırılması cəmiyyətdə qarşıdurmaya gətirməyəcək, əksinə, insanlara rahatlıq verəcək:

“O dövr şəffaflaşsa, indiki dövr də şəffaflanar. Əvvəla, arxivlər açılmalı, yaşı çox olan insanlar hər şeyi gizlətmədən danışmalıdır. Yaşlı insanlar qorxur. Nəhayət, simvolik istintaq və ya məhkəmələr keçirmək olar. Bu, cəmiyyətdə önəmli maraq doğurar”.


“Repressiya dövrünün araşdırılmaması AMEA-nın Tarix İnstitutunun zəifliyindən irəli gəlir”

Tarixçi-alim Altay Göyüşov 30-cu illərin repressiyaları ilə bağlı arxivlərin qapalı olmasını Azərbaycanda hələ də sovet idarəetmə sisteminin qalmasında görür:

“Demokratik sistemin əsas mahiyyətindən biri öz keçmişinə tənqidi baxış və qiymətdir. Əgər demokratik sistem qurulsa, arxivlər açılacaq, alimlər də, repressiya olunanların yaxınları da müvafiq qurumlara müraciət edə biləcəklər. Düzdür, ötən əsrin 80-90-cı illərində repressiya dövrünün araşdırılması ilə bağlı müəyyən cəhdlər oldu, amma total və hərtərəfli yanaşma yoxdur. Məsələn, Rusiya və ya Gürcüstandakı kimi muzeylər açılmır. Gürcüstanda Stalinlə bağlı xüsusi muzey var və orada da hər şey tam əhatə olunub. Azərbaycanda bu məsələ sistemin öz mahiyyətinə bağlıdır. Mövcud idarəetmə sistemi Stalin-Bağırov sistemindən mahiyyətcə fərqlənmir. Hər ikisi gücə dayanan avtoritar sistemdir”.

Altay Göyüşov
Altay Göyüşov

Altay Göyüşov hesab edir ki, elmi araşdırmaların ardıcıl, davamlı aparılmaması AMEA-nin Tarix İnstitutunun dəyərlər, çalışqanlıq və biliklər nöqteyi-nəzərdən zəifliyindən irəli gəlir.

“Rusiyada bu məsələlərə yanaşma güclü və dərin olub, indi də davam edir. Azərbaycanda isə repressiyaların araşdırılmasında elm və yaradıcılıq baxımdan inkişaf getməyib. Əlbəttə, yazıçılar da məsuliyyət daşıyır. Misal üçün Cavidin, Mikayıl Müşfiqin taleyi barədə çox şeylər yazmaq olar. Düzdür, Eldar İsmayılov bir neçə kitab yazdı, amma yenə də azdır. Burada hökumət də təşəbbüs göstərməlidir. Görünür, repressiya ənənələrini daşıdıqlarından niyyətləri yoxdur”.

Ana səhifəSiyasətCəmil Həsənli: Azərbaycan hökuməti repressiya dövrü ilə bağlı SSRİ-nin sirlərini qoruyur