Cəlilabad sakini: “Prezidentin fərmanı mənə niyə şamil olunmur?”

“Əvvəlki müqavilədəki dollarla olan məbləği manata çeviriblər”

Source: Meydan TV


Hüquqşünas: Şikayətçi fərmanın ona tətbiq edilməməsini məhkəmə qaydasında mübahisələndirə bilər

Cəlilabad rayonunun Soltankənd kəndinin sakini Dadaş Bayramov Prezidentin fərmanının ona şamil olunmamasından gileylənir. Söhbət dövlət başçısının ötən il fevralın 28-də imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmandan gedir. Sözügedən fərmanda xarici valyutada kredit borcu olan vətəndaşların ardıcıl iki devalvasiya nəticəsində üzləşdiyi vəsait itkisinin dövlətin hesabına ödənilməsindən gedirdi.

Riyaziyyat müəllimi olan 62 yaşlı Dadaş Bayramov danışır ki, 2014-cü ilin noyabrında 6000 manat kredit götürmək üçün “Dəmirbank”ın Masallı filialına üz tutub: “Dedilər ki, bizdə kredit dollarla verilir. O vaxt da dollar 78 qəpiyə idi. Dedim ki, yox, mənə manatla lazımdır. Dedilər ki, sadəcə, müqavilə dollarla bağlanacaq, amma kassadan manatla götürəcəm. O vaxtın kursuyla hesabladılar, 7600 dollarlıq müqavilə bağladılar. Amma dedikləri kimi, kassadan pulu mənə manatla verdilər”.

D.Bayramov deyir ki, aylıq ödəniş cədvəldə dollarla göstərilsə də, həmin məbləği məzənnəyə uyğun manatla ödəyib. Bu da o zaman aylıq 255 manat edirmiş: “Krediti götürəndən az sonra birinci devalvasiya oldu. Amma yenə 255 manat ödəyirdim. İkinci devalvasiyadan sonra yenə aylıq 255 manat ödəməkdə davam elədim. İkinci devalvasiyadan bir qədər sonra bankın əməkdaşları mənə təklif elədilər ki, kredit borcunu dollardan manata çevirsinlər”.

D.Bayramovun sözlərinə görə, 2016-cı ilin yanvarında “Dəmirbank”da onunla yeni müqavilə bağlayıblar. Əvvəlki müqavilədəki dollarla olan məbləği manata çeviriblər. Amma 1 dolları 1 manat 55 qəpikdən hesablamaqla. Yeni müqavilədən sonra aylıq ödəniş 208 manat müəyyənləşdirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 2017-ci il 22 dekabr tarixli qərarıyla “Dəmirbank”ın lisenziyası ləğv edilib. Amma D.Bayramov deyir ki, o, krediti ödəməkdə davam edib. Ötən ilin fevralında Prezidentin sözügedən fərmanı imzalananda ona da şamil olunacağını düşünüb. Lakin ona deyilib ki, sonradan müqaviləsi dəyişdiyinə görə, o, bu fərmandan yararlana bilməyəcək. Amma D.Bayramov bununla razılaşmır:

“Hətta sonra müqavilə dəyişsə belə, yenə də məbləğ dolların iki devalvasiya nəticəsində gəlib çıxdığı qiymətə uyğun götürülüb. Birmənalı şəkildə mən də bu devalvasiyadan ziyana düşmüşəm. Dəfələrlə müraciət eləsəm də, mənə indiyədək nə qədər pul ödəməyim barədə rəsmi sənədi vermirlər. Amma məndə qəbzlər qalıb. 8000 manatdan çox pul ödəmişəm. Təsəvvür edin, 6000 manat götürmüşəm, 8000 manatdan çox ödəmişəm, Əmanətlərin Sığortalanması Fondundan deyirlər ki, hələ 6200 manat da borc qalıb. Bu, necə olur? Bununla belə, Prezidentin də fərmanını mənə şamil eləmirlər. Halbuki, İlham Əliyevin özü də yazır ki, baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədilə bu fərmanı imzalayır. Fərmanda bu cümlə də var. Mən də itkiyə məruzn qalmışam”.

image_from_ios (5).jpg
Mərkəzi Bankın cavab məktubu

D.Bayramov ötən ildən etibarən krediti ödəmir. Amma ödəniş üçün vaxtaşırı ona zəng edirlər.

Prezident Administrasiyasından tutmuş, Heydər Əliyev Fondu, Mərkəzi Bank, Əmanətlərin Sığortalanması Fondu, Maliyyə Bazarlarına Nəzarət Palatasına qədər müxtəlif dövlət orqanlarına şikayət edib. Amma hələ ki, istədiyi nəticəyə nail olmayıb. İstədiyi isə Prezidentin fərmanının ona da şamil edilməsidir.

“Məktub göndərdiyim qurumların əksəriyyəti yola vermək üçün başdansovdu cavablar göndərirlər. Mənə məsləhət görürlər ki, Mərkəzi Bankın rəhbərliyinin qəbuluna düşüm. Bu da mümkün olmayıb. Amma dəfələrlə məktub yazmışam. Axırıncı dəfə bu ilin yanvarında Mərkəzi Bank mənim məktubumu araşdırılması üçün Əmanətlərin Sığortalanması Fonduna göndərib”, – deyə D.Bayramov probleminin həll olunmamasından narazılıq edir.

Bir müddət əvvəl D.Bayramova Maliyyə Bazarlarına Nəzarət Palatasından Apelyasiya Komissiyasının sədri Orxan Bayramovun imzasıyla məktub gəlib. Məktubun məzmunu belədir:

“Sizin müraciətinizə Maliyyə Bazarlarına Nəzarət Palatasının Apelyasiya Komissiyasında baxılıb. Cavab olaraq bildirilir ki, “Fikizi şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, peniya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” qaydasına əsasən, devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır”.

Yaranmış vəziyyəti şərh edən hüquqşünas Yalçın İmanov deyir ki, Prezidentin ötən il fevralın 28-də imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman D.Bayramova münasibətdə tətbiq edilməlidir:

“Tərəflər arasında kredit öhdəlikləri 2014-ci ilin noyabrında ABŞ dolları ilə bağlanmış kredit razılaşmasından irəli gəlir. Bunu hər iki tərəf qəbul edir, mübahisələndirmir. Həmin razılaşma imzalanandan sonra ölkədə ABŞ dollarının manata olan məzənnəsi artıb, 2015-ci ildə 2 dəfə devalvasiya baş verib. 2016-cı ildə isə şikayətçi ilə bank arasında dollar kreditinin manata resturuktizasiyasına dair – əvvəlki kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında saziş imzalanıb. Bu saziş manatın dollara nisbətdə yaratdığı çətinlikləri nisbətən yumşaltmaq, şikayətçinin ödəniş qabiliyyətini yaxşılaşdırmaq məqsədi güdüb. 2014-cü il tarixli kredit razılaşmasının predmeti olan ABŞ dollarının sonradan manatla əvəz olunması şikayətçiyə münasibətdə bu fərmanın tətbiqini istisna edə bilməz”.

Y.İmanov vurğulayır ki, D.Bayramov fərmanın ona tətbiq edilməməsini məhkəmə qaydasında mübahisələndirə bilər.

image_from_ios (4).jpg
“Məktub göndərdiyim qurumların əksəriyyəti yola vermək üçün başdansovdu cavablar göndərirlər”.
Ana səhifəBölgəCəlilabad sakini: “Prezidentin fərmanı mənə niyə şamil olunmur?”