Çeçenistan: “Ər döyə də bilər”

Çeçenistanın başçısı Kadırov ehtimal ki, ev zorakılığının qurbanı olan qızın ailəsini üzr istəməyə vadar edib.

Source: Arxiv


Çeçenistanın başçısı Kadırov ehtimal ki, ev zorakılığının qurbanı olan qızın ailəsini üzr istəməyə vadar edib.

Çeçenistanın Qudermes şəhərində dünyasını dəyişən gənc qadın – 23 yaşlı Madina Umayeva, çox güman ki, ev zorakılığının qurbanı olub. Ölən çeçenli qadının anası Madinanın ev zorakılığı nəticəsində həlak olduğunu bəyan etdiyinə görə Çeçenistanın başçısı Ramzan Kadırovdan üzr istəyib. Cavan qızını itirən qadının üzrxahlığını yerli dövlət teleşirkəti yayınlayıb.

“Hər kəsdən məni bağışlamasını xahiş edirəm, – deyə Xutmat Davletmirzayeva kamera qarşısında bildirib, – Mən haqsız olmuşam, insanların nə söylədiklərinin hamısını dinlədim. Çeçenistanın başçısından və hamıdan üzr diləmək istəyirəm”.

Sonra mərhumun dayısı üzr istəyib və bəyan edib ki, Madinanın uşaqları atalarına qaytarılacaq.

Bu qəribə üzrlərdən öncə aşağıda təsvir olunan hadisələr baş verib.

Madina Umayeva iyunun 12-də vəfat edib. Qohumlarının dediyinə görə, Madinanı əri öldürüb. Gənc qadın evdə döyülməsi səbəbilə bir neçə dəfə ərini tərk etməyə cəhd edib, o həmçinin qayınanasından da şikayətlənərmiş.

“Qafqaz şəbəkəsinə” verdiyi müsahibədə qızın anası Xutmat Davletmirzayeva qızının ölümündən bir qədən əvvəl əri ilə dalaşdığından və Madinanın tez-tələsik basdırıldığından bəhs edib:

“Hadisədən bir neçə gün əvvəl Madina ərinin ailəsi ilə dalaşdığı üçün yanıma gəlmişdi. Uşaqları isə orda qalmışdı. Üç gündən sonra ondan xahiş etdim: “Uşaqlarının yayına get, onlarsız necə qalarsan. Eybi yox, bütün incikliklər keçər, geri qayıt”. Onu yola saldım, ertəsi gün qayınları mənə zəng edir və gəlməmi xahiş edirlər: deyirlər ki, Madina otağına qapanıb, bayıra çıxmır, xahiş edirik, gəl. İyunun 12-i səhər mən Arqundan ora getdim. Qızımla danışdıb onu razı salmağa çalışırdım ki, sözə qulaq assın, axı, ailədə hər şey olur – inciklik də, dava-dalaş da. Biz danışdıq və mən evə qayıtdım, axşam isə onlar zəng edib dedilər ki, Madinanın vəziyyəti pisdir. Mən və iki qızım ora getdik, o isə artıq ölmüşdü. Mən şok vəziyyətinə düşmüşdüm. Ağlayaraq onlara yalvarırdım ki, gecə niyə basdırırsız? Səhərə qədər saxlayın, qoyun qızımla gecəni bir yerdə olum. Amma yox, cəsədini belə mənə göstərmədilər. Onu mənə göstərəndə artıq meyidi yuyub kəfənləmişdilər. Ancaq üzünü göstərdilər”, – deyə Xutmat bildirib.

Ərin ailəsi ev zorakılığı versiyasını qəti şəkildə rədd edərək Madinanın ölüm səbəbinin epilepsiya tutması olduğunu bəyan edib. Öz növbəsində Xutmat buna cavab olaraq bildirib ki, qızında heç vaxt epilepsiya olmayıb. O deyib ki, Madinanın ərini təmizə çıxarmaq istəyirlər, çünki o, güc orqanları işçisidir. Mərhumun qohumları cəsədin yarılmasında israr ediblər, nəticədə iyunun 20-də bu prosedur həyata keçirilib.

İyunun 24-də Çeçenistanda yayınlanan dövlət teleşirkətinin – “Qroznı” ÇDTRŞ-in efirində Madina Umayevanın ölümünə dair xüsusi reportaj göstərilib. Həmin reportajın az qala baş qəhrəmanı isə Çeçenistan prezidenti Ramzan Kadırov olub.

O bildirib ki, meyidin yarılması nəticəsində zorakı ölüm nişanələri aşkarlanmayıb və mərhumənin cəsədinin ekspertizaya məruz qalmasından dilxor olduğunu bildirib. Kadirovun aşağıdakı sözləri öldürülən qadının anasına ünvanlanıb:

“Bu qızın bütün orqanlarını çıxardılar, başını qopardılar. Hətta onu öldürmüş olsaydılar belə sən hər kəsi məcbur etməliydin ki, heç nə görmədiyinə and içsin. Sən isə qızının cəsədini qəbirdən çıxartmağa məcbur etdin. Pandemiya şəraitində bizə Rusiyadan deyilir ki, cəsədi parçalamaq lazımdır. Amma bu bizim dinimiz və adətlərimizlə üst-üstə düşmədiyinə görə, biz adamı yarmamağa çalışır və bununla mübarizə aparırıq, sən isə onu hissələrə ayırmağa və ekspertizaya göndərməyə icazə verdin və bu qədər söz-söhbətə səbəb oldun”.

Çeçenistanın başçısı nəvələrinin Xutmat Davletmirzaliyevadan alınıb ataları Visxadji Xamidova verilməsinə dair göstəriş verib.

“Qafqaz şəbəkəsi” bu vəziyyəti “İşgəncələrə qarşı Komitə” qeyri-hökumət təşkilatının hüquqşünası Abubakar Yanqulbayevlə müzakirə edib.

Onun sözlərinə əsasən, Rusiya qanunlarına görə, basdırılmazdan əvvəl ölmüş adamın cəsədinə ən azı ali tibb təhsilli mütəxəssis, yaxud məhkəmə tibbi eksperti tərəfindən baxış keçirilməlidir. “O, cəsədi nəzərdən keçirərək müvafiq tibbi sənədlər tərtib edir və yalnız bundan sonra ölmüş adamı basdırmaq olar. Bu, ölüm səbəbini müəyyən etmək üçün minimal zəruri prosedurdur, çünki sağ adamın basdırılması ehtimalı mümkündür. Amma baxışı feldşer deyil, məhz həkim keçirməlidir. Videosüjetdə isə bizə “təcili yardım” feldşerini təqdim ediblər, lakin insanın öldüyünü yalnız ali tibb təhsili olan şəxs təsdiqləyə bilər”, – deyə hüquqşünas bəyan edib. “Hətta əgər qızın bədənində zahiri zorakılıq izləri yoxdursa da, ölümün zorakı xarakter daşıdığı istisna edilmir”, – deyə Yanqulbayev qeyd edib.

“Belə ola bilər ki, adamı vursunlar, iz qalmasın, amma orqanizm daxilində elə reaksiyalar baş versin ki, insan ondan ölsün. İzin zahirdə olması vacib deyil, o, daxildə də ola bilər. Məsələn, iç orqanının partlaması ki, adam bunun nəticəsində ölür. Xarici izlər isə qalmaya bilir. Ya da belə ola bilər ki, zərbənin izi dərhal deyil, sonra əmələ gəlsin. Adam döyülürkən belə hallar tez-tez olur. Çoxlu versiya mümkündür. Bu rolikdə gördüklərimiz – qəribə şəkildə tez-tələsik basdırma, hadisə iştirakçılarının qəribə ifadələri – bütün bunlar ona gətirib çıxarır ki, bu əhvalat heç də birmənalı deyil və burada nəinki ilkin yoxlama keçirmək, cinayət işi qaldırmaq və tam şəkilli əsl istintaq keçirmək lazımdır”, – deyə o, sözünü yekunlaşdırıb.

Ana səhifəXəbərlərÇeçenistan: “Ər döyə də bilər”