Ülkər Allahverdiyeva

Mənbə: Meydan TV

Başlıq: Ülkər Allahverdiyeva

Cəbrayıl sakini: Müharibə analar üçün ən dəhşətli lənətdir

Məqalə yeniləndi:  24 Noyabr 2020

Birinci Qarabağ Müharibəsi ərini, oğlunu, köçkünlük həyatı isə qızlarını əlindən aldı

Müharibə - yalnız insanların ölümü, ev-eşiklərinin dağılması, sağlamlıqlarını itirməkləri demək deyil. Müharibə həm də psixoloji, sosioloji, ictimai problemdir. Müharibəni görənlər, qorxusunu iliklərinə qədər yaşayanlar həmin günlərin acı xatirələrini illər keçsə də, unuda bilmirlər.

78 yaşlı Ülkər Allahverdiyeva Cəbrayıl rayonunun Horovlu kəndindəndir. Birinci Qarabağ Müharibəsi zamanı həm həyat yoldaşını, həm də kiçik oğlunu itirib. Deyir ki, müharibə analar üçün ən dəhşətli lənətdir:

“Bu həyatda bir xoş gün görmədim. Müharibə imkan vermədi. Əvvəlcə atasızlıq yaşadım. 1942-ci ildə doğulmuşam. Atam İkinci Dünya Müharibəsindən qayıtmayıb. Sonra da həyat yoldaşımla, oğlumu itirdim. Nə yaşım vardı, 47. Üç ayın içində ata ilə oğul getdilər. 1993-cü il döyüşlərin ən qızğın vaxtlarında belə biz kənddən çıxmaq istəmirdik. Rayona bombalar atılmağa başladı. Dedilər ki, ermənilər Süleymanlı (Cəbrayılın kəndi-red.) tərəfdədir. Uşaqların və qadınların ermənilərin əlinə keçəcəyi vahiməsi hamını qorxudurdu. Qadınlar, uşaqlar və yaşlılar - hamımız yığıldıq “QAZ-53” maşınının yük yerinə. Bizi gətirib tökdülər Beyləqana. Evdən heç nə götürmədik. İki oğlum müharibədə döyüşürdü. Kiçik oğlum Cavid bizdən sonra axşamçağı evə gəlir, görür ki, qapı-baca açıqdır. Ev alt-üst hamısı dolu, içindən bir çöp də götürməmişik. Ermənilərin evə girməməsi üçün qapıya naqil çəkir, guya elektrik cərəyanı keçirir. Sonra da arxamızca Beyləqana gəlir. Böyük oğlum İlqardan isə xəbər-ətər yox idi. Yoldaşım bizi Bakıya gətirdi. Özü rayona qayıtdı ki, İlqarı axtarsın. Həyat yoldaşım Əkbərin 58 yaşı varıydı. Ali təhsilli- ikidiplomlu müəllim idi. Cəbrayılın bir neçə kəndində tarix və dil-ədəbiyyatdan dərs demişdi”.

Quliyevlər ailəsi müharibədən əvvəl

Quliyevlər ailəsi müharibədən əvvəl

Mənbə: Meydan TV

Paytaxta gələn məcburi köçkünlər ovaxtkı Bakı Şin Zavodunun yataqxanasında məskunlaşır. Ülkər Allahverdiyeva deyir ki, həyat yoldaşı onu və gəlinini Bakıda qoyub, böyük oğlunu axtarmaq məqsədilə təkrar döyüş bölgəsinə qayıdır:

“Yataqxananın kitabxanasında bizə kiçik bir yer vermişdilər, ora sığınmışdıq. Bir gün gecə səhərə kimi yata bilmədim. Səhər durub dəhlizə çıxdım. Gördüm ki, binadakı qaçqınlar - çoxu həmkəndlilərimiz idi – öz aralarında xısın-xısın nəsə danışırlar, amma mənə heç kim bir söz demir. Yaxınlaşdım, soruşdum ki, nə olub? Nəhayət, biri dilləndi ki, bu gecə “stansı Horadiz”də (hazırkı Horadiz şəhəri-red.) möhkəm atışma olub. Deyirlər ki, sənin yoldaşın da oğlunun arxasınca ora gedibmiş. Əkbərin Beyləqanda yaşayan dayısı qızına zəng etdim. Dedi ki, bibi, saxlaya bilmədik, kişi getdi. Yoldaşım İlqarı axtarmaq üçün “stansı Mahmudlu”ya (Cəbrayılın Mahmudlu kəndi-red) getmək istəyir. Arazboyu kəndlərin camaatı, həmçinin hərbçilər də İrana keçirmişlər. Bizim kəndçilər kişiyə deyiblər ki, əsgərləri İrana çəkiblər. Gəl, sən də bizimlə Arazla İrana keçək. Kişi deyib ki, yox. Görüb ki, yük maşını gəlir, içərisində də iyirmi dörd nəfər var. Bu da maşına minib. Kişini tanıyanlardan biri deyib ki, Əkbər müəllim, getməyin, Horadiz yolunu ermənilər kəsib. Sürücü inanmayıb. Gəliblər, dəqiq bilmirəm, Füzulinin Böyük, yoxsa Bala Bəhmənlisində bunların maşınını vurublar. İyirmi beş nəfər maşından düşüb, kələsərin içiylə qaçmağa başlayıb. Aralarında qucağında bələkdə uşağı olan qadın da varmış. Kürəyinə uşaq şəlləyəni də olub. Uşaqlı-böyüklü hamısını güllələyiblər. Hadisə 1993-cü il oktyabrın 23-də olmuşdu”.

Bu hadisədən bir ay sonra Cəbrayılın Daşbaşı kəndi tərəfdə qalan İlqar Quliyev tapılır. Ülkər Allahverdiyevnın sözlərinə görə o, bir ay ərzində müxtəlif yollarla birtəhər gəlib Beyləqana çıxır:

“İlqar ali məktəbdə oxuyurdu, müharibə başlayanda, təhsilini yarımçıq qoyub könüllü döyüşlərə getmişdi. Uşaq düz bir ay xəstəxanada yatdı. Döyüşdüyü hərbi hissədən xəbər göndərdilər ki, hissəyə gəlsin. Həmin ərəfədə Cəbrayıl, Füzuli, Ağdamın hərbi hissələri Şəmkirin Seyfəlli poliqonunda yerləşdirilmişdi. Özüm təkcə ora getdim, düzəngahlıq bir yer idi. Komandirlə görüşdüm, oğlumun yaralı olduğunu, xəstəxanada yatdığını dedim. O da dedi ki, oğlanlarından birini göndər gəlsin. Yoxsa, hərbi tribunala verəcəyəm. Dedim ki, bala, imkan ver, bunun atasını axtarıb tapaq, sonra uşağı gətirərəm, razılaşmadı. Böyük oğlum yaralı olduğu üçün kiçik oğlum, 1975-ci il təvəllüdlü Cavid Quliyevi aparıb onlara təhvil verdim. 18 yaşı olmasına baxmayaraq, ucaboylu, enlikürək uşaq idi”.

Cavid Quliyev və atası Əkbər Quliyev

Cavid Quliyev və atası Əkbər Quliyev

Mənbə: Meydan TV

Həmin ərəfədə Ülkər Allahverdiyeva Bakıya erməni əsirliyindən azad olunanların gətirlidyini eşidir. Həyat yoldaşı Əkbər Quliyevi onları arasında tapmaq ümidi ilə axtarışa başlayır:

“Günlərlə axtarırdım. Razinə (indiki Bakıxanov qəsəbəsi-red) gəldim. Yorğunluqdan taqətim qalmamışdı, pilləkənləri iməkləyə-iməkləyə çıxdım. Girovluqdan buraxılmış bir oğlanı tapdım. Yoldaşımı tanıyırdı, dedi ki, əsirlikdə bütün girovlar bir yerdə saxlanılırdı. Əkbər müəllim onların arasında yox idi. Böyük oğlum əmisi ilə İrana da keçdi, siyahılara baxdılar. Kişi tapılmadı. Nə öldüsü bilinirdi, nə qaldısı. Meyitlərin arasında da yox idi. Üzərindən ay yarımdan çox vaxt keçmişdi”.

Həyat yoldaşını axtaran Cəbrayıl köçkününə qəfil ağır itki üz verir. Döyüşə yola saldığı kiçik oğlu Cavid Quliyevin Daşaltı kəndində həlak olması xəbəri gəlir:

“Dekabr ayı idi. Bakıda zavod yataqxanasındaydıq. Böyük qızımın qaynı gəldi ki, rayonun icra başçısı bizi Beyləqana apramaq üçün maşın göndərib. Dedilər ki, Cavid yaralıdır, xəstəxanadadır. Gecə saat 11-də köhnə təcilli tibbi yardım maşınına minib Beyləqana getdik. Bizi Sərdar İmrəliyev adına Bahar kənd orta məktəbinə apardılar. Soruşdum ki, bizi niyə xəstəxanaya yox, bura gətirdiniz? Cavab verən olmadı. Məktəbin həyəti adamla doluydu. Binaya girdim ki, altı dənə tabut qoyulub... Yas mərasimini Beyləqanda verdik. Sonra Bakıda qaldığımız yataqxanada “cümə axşamı” elədik. Nəyim varıydı? Heç nəyim, hamısını erməniyə qoyub çıxmışdım. Stəkan yox, nəlbəki yox. Yataqxanadakılar yığışıb, kömək etdilər. “Cümə axşamı” verirdik, qaynımın qızı gəldi ki, bibi, əmimi tapıblar. Düşündüm ki, yəqin sağdır. Qıza dedim ki, bala, əminə Cavidin ölümünü xəbər verməyin, yoxsa ürəyi partlayar. Sən demə, kişi ölübmüş”.

"Yoldaşım oktyabrın 23-də itdi, dekabrın 22-də Cavidin meyiti gəldi, “cümə axşamı”nda da ərimin qalıqları tapılıb gətirildi"

"Yoldaşım oktyabrın 23-də itdi, dekabrın 22-də Cavidin meyiti gəldi, “cümə axşamı”nda da ərimin qalıqları tapılıb gətirildi"

Mənbə: Meydan TV

Ülkər Abdullayeva deyir ki, həyat yoldaşı oğulları ilə nəfəs alırmış. Sanki kiçik oğlu Cavidin ölümünü əvvəldən hiss edib:

“Bir dəfə kiçik oğlum ona dedi ki, ata, bəsdir arxamca gəzdin. Sən belə etməklə özünü də, məni də ölümə verəcəksən. Yoldaşım da qayıtdı ki, sənə, ya da qardaşına nəsə olsa, mən sizdən əvvəl öləcəyəm. Elə də oldu. Yoldaşım oktyabrın 23-də itdi, dekabrın 22-də Cavidin meyiti gəldi, “cümə axşamı”nda da ərimin qalıqları tapılıb gətirildi. Böyük oğlunu axtarmağa getdi, itkin düşdü. Kiçik oğlunun yas mərasimində ölüm xəbəri gəldi. Horadiz işğaldan azad olunandan sonra qalıqlarını tapmışdılar. Paltarından, qalstukundan, kostyumundan, jiletindən, ağarmış saçlarından tanıya biliblər ki, Əkbər müəllimdir. Atadan-qardaşdan sonra da iki qız övladımı itirdim. Beyləqana beş tabut aparmışam. Bir qızım Rusiyada yaşayırdı. Başı atanın-qardaşın ölümünə qarışdı. On beş yaşında oğlu Volqa çayında boğuldu. Sonra da özü öldü. Ardınca 1973-cü il təvəllüdlü qızım Pərvanə getdi. Xəstəliyi vardı, həkimlər demişdi ki, ailə qurmaq olmaz. Dörd ayın gəlini idi. Müharibə ailəmi pərən-pərən etdi.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Horovlu kəndi bu il oktyabrın 4-də azad edilib. Hazırda Yeni Yasamalda yerləşən köhnə məktəb binasında yaşayan Ülkər Allahverdiyeva səbrsizliklə öz doğma yurd-yuvasına qayıdacağı günü gözləyir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  24 Noyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/308o1s

Ən çox baxılan