Can Dündar: Mənə sui-qəsd edən dünyanın harasına istəsə gedə bilər, amma həyat yoldaşım yox


“Mən Türkiyəni deyil, Türkiyə məni tərk elədi”


Azərbaycanlı oxucuların imzasını tanıdığı türkiyəli qələm adamlarından biri də Can Dündardır. Yazıçı, jurnalist və dokumentalist Can Dündar Türkiyədə bir çox mətbu orqanlarda, NTV, CNN Türk, Show TV və Kanal D-də çalışıb, 2015-ci ilə qədər “Cümhuriyyət” qəzetinin baş redaktoru olub. 2015-ci ildə eyni qəzetdə dərc edilən “Mit tırlarında silah” xəbəri cəmiyyətdə böyük səs-küyə, eyni zamanda Dündarın məhkəməyə cəlb edilməsinə səbəb olmuşdu. Məhkəmədə bəraət almasına baxmayaraq, hökumətin Dündara təzyiqləri davam etmişdi. Eyni zamanda, məhkəmə qarşısında jurnalistə atəş açılmışdı.


2016-cı ildə təhlükəsizliyi səbəbindən Almaniyaya köçən Can Dündar orda “Özgürüz” adlı xəbər portalı yaradıb. Hazırda da öz jurnalist fəaliyyətini davam etdirir.


Bu günlərdə Norveç PEN və Nobel Sülh Mərkəzinin təşkilatçılığı ilə Osloda, Ədəbiyyat evində Can Dündarla səhər yeməyi-görüş keçirildi. Can bəy görüşdən sonra Meydan TV adından ona ünvanladığımız sualları cavablandırdı.

İkinci hissə – Əvvəli

burda:


– Can bəy, Almaniyada özünüzü təhlükəsizlikdə hiss edirsinizmi?

– Ərdoğana müxalifətdəsənsə, dünyanın heç bir yerində təhlükəsizlikdə olmağın mümkün deyil. Almaniyada daha az təhlükədə olmaq mümkündür, amma tam təhlükəsizlik deyə bir şey yoxdur. Əlbəttə, Avropa Birliyi ölkələrindən çıxa bilərəm, sadəcə adam əsir götürülməkdən çəkinir. Diktatorların əlləri uzun olur.


– Azərbaycanda da insanları çox maraqlandıran bir məsələ barədə fikirlərinizi bilmək istərdim. Bu, Adnan Oktarın həbsidir. Onun ittiham edildiyi cinayətlər sadalananda, türk toplumunu da maraqlandıran bir sual vardı: necə olur ki, ortada 30 illik bir şəbəkələşmə var, onilliklər boyu əsir saxlanan qadınlar, öldürülən valideynlər, yuyulan milyonlarla pullar var, amma dövlət indiyə kimi bundan xəbərsizdir? Təbii ki, bu, inandırıcı deyil. Bu zaman ordaya daha bir sual çıxır ki, Adnan Oktar niyə indi həbs edilir? Bu həbs Türkiyədə baş verən köklü bir dəyişikliyin göstəricisidirmi? Elədirsə, o dəyişikliklər nədən ibarətdir?

– Hitleri yada salaq. Hakimiyyətə yeni gələndə sonradan repressiyaya məruz qoyduğu güclərin çoxu Hitlerin yanında idi, onun tərəfdaşlarıydı. Amma rejim gücləndikcə, sonradan öz tərəfdarlarını da düşmən kimi görməyə başlayır, çünki tərəfdarlarının istədikəri şeylər də get-gedə artır. İndi müridlərinə “ifritə ovu” elan edilmiş Fətullah Gülən də, Adnan Oktar da uzun illər boyu Ərdoğanın öz tərəddarları idilər, bəlli bir yerdə ya ona qarşı tələbləri artıb, ya da Ərdoğan üçün təhlükəli oldular. Və rejim öz tərəfdarlarını yox etməyə başladı. Adnan Oktarın həbsinin kökündə bunun dayandığını düşünürəm.


– Bir az da Almaniyada təsis etdiyiniz “Özgürüz” saytından danışaq. Sayta lazım olan maliyyəni, işçiləri necə tapdınız, hansı uğurları, hansı çətinlikləri var?

– Maliyyəni sadə yolla, kraudfandinqlə tapırıq. İşçi tapmaq çətindir, xüsusilə Türkiyədən müxbir tapmaq olmur, insanlar bizim saytla əməkdaşlıq edəndə böyük riskə girmiş olurlar. Respondentlər, bir məsələ olanda münasibət bildirəcək şərhçi tapmaq asan deyil. Bu çətinliklərə baxmayaraq, həm Almaniyadan, həm Türkiyədən, dünyanın dörd yanındakı türkdillilərdən ibarət milyonlarca izləyicimiz var.

Günel Mövlud və Can Dündar
Günel Mövlud və Can Dündar


– Həyatınıza sui-qəsd etmiş insanın taleyi barədə nə bilirsiniz?

– Azadlıqdadır, pasportunu yenilədiyini öyrəndim. Təsəvvür edirsinizmi, mənim həyat yoldaşımın pasportu, hərəkət azadlığı yoxdur, amma insan həyatına sui-qəsd etmiş adamın əlində pasportu, dünyanın harasına istəsə, getmək azadlığı var.


– Sui qəsd, həbs, sürgün…bütün bunlardan sonra özünüzə bir senzura tədbiq edirsinizmi?

– İnsan təkcə öz həyatına görə deyil, həm də doğmalarının həyatına görə məsuliyyət hiss edir. Mən burada daha çox təhlükəsizlikdəyəm, amma doğmalarım Türkiyədədir. Bəzən mən “Twitter”də nəsə bir şərh yazanda, həyat yoldaşım soruşur ki, məndən ayrılmaq istəyirsən? Senzura deməzdim, amma orada qalan yaxınlarıma görə narahatlığım var.


– Can bəy, Almaniyada necə hərəkət edirsiniz, bildiyimiz qədərilə, maşından istifadə etmirsiz?

– Əsasən taksi istifadə edirəm, xeyli taksi sürücüsü də türkdür, adətən tanıyırlar. Tanıyanlarla da bəzən problemlər yaşanır. Xüsusilə, Ərdoğanı dəstəkləyən adamdırsa, mübahisə qaçılmaz olur. Bir dəfə aeroporta gedirdim. Taksi şirkətinə zəng elədim ki, mənə ingilisdilli bir taksi sürücüsü göndərsinlər. Ümid edirdim ki, o sürücü türk olmayacaq, mən də tələsdiyim yerdə mübahisə etməli olmayacam. Taksi gəldi, cavan bir oğlan idi, amma elə ağzını açan kimi ləhcəsindən türk olduğunu hiss elədim. Oğlan gənc nəsil idi, məni tanımadı, britaniyalı olduğumu düşündü. Sevindim ki, arxada sakitcə qəzetimi oxuyacam. Yola düşdük, bir müddətdən sonra oğlan ingiliscə soruşdu ki, telefonla danışsa, mənə mane omaz ki?

Dedim ki, yox, mən qəzet oxuyuram, istədiyi qədər danışa bilər. Oğlan zəng elədi, sevgilisi ilə danışmaq istəyirmiş. Söhbət əvvəl normal başladı, bir neçə dəqiqədən sonra isti söhbətlərə keçdi, daha sonra bir az daha intimləşdi. Oğlan dünənki gecəyə görə qıza təşəkkür edir, müəyyən detalları xatırlayırdı. Bir müddət sonra mövzu xeyli erotikləşməyə başladı, mən də istəmədən dinləməli oluram, nə qədər qəzetin arxasında gizlənsəm, beynimi məşğul etmək istəsəm də, alınmır. Mənim türkcə bilmədiyimə əmin olan oğlan isə söhbəti artıq pornoqrafiyaya gətirib çıxarmışdı. Mən istəmədən artıq o gecə barədə xeyli detallar bilirdim və daha dayana bilmədim. Oğlana ingiliscə dedim ki, saxla burda düşürəm. Sürücü dedi ki, axı siz tələsirdiniz, dedim yox, vacib bir işim çıxdı, təcili başqa yerə getməliyəm bu yaxında. Elə taksidən düşürdüm ki, birdən maşının yanında başqa bir taksi dayandı, içəridən bir türk sürücü başını çıxarıb, mənə doğru türkcə qışqırdı: “Ooo, Can abi, nə xəbər?!”


– İyirminci əsrin əvvəlləri və sonra sovet dövrü mühacirət edən yazarların əsərlərini oxuyanda, başa düşürsən ki, biz onlardan çox şanslıyıq. Bizim nəinki ölkələrimizdə qalan doğmalarımızla hər gün danışmaq, hətta öz ölkəmiz üçün işləmək, öz peşəmizə mühacirətdə davam etmək, öz mətbuatımızı yaratmaq imkanımız var. Bəs, bütün bunlarla yanaşı, itirdiklərimiz nədir?

– Biz ağac olduğumuzu düşünsək, bizi kökümüzdən qoparıb başqa bir ortama, yad bir torpağa basdırırlar. Havamız, suyumuz, torpağımız dəyişir, alışdığımız çevrə dəyişir, biz hər şeyimizi orda qoyub gəlirik.


– Sonda bir şeyi söyləmənizi istərdim, Türkiyəni tərk eləmək nə qədər ağır idi?

– Mən Türkiyəni deyil, Türkiyə məni tərk elədi. Qəzetim mənim yazımı çap etməkdən, saytım mənim müsahibəmi yaymaqdan, nəşriyyatım kitabımı çap etməkdən imtina etdi, neçə qapılar üzümə bağlandı. Mən sadə insanları, türkləri demirəm, əlbəttə ki, əlindən gələn qədər dəstəkləyən oldu. Amma bu, heç nəyi dəyişdirmədi.


– Can bəy, sonda təkcə müsahibəyə görə deyil, söz azadlığı üçün də etdiklərinizə görə sizə təşəkkür edir və tezliklə vətəninizə dönməyinizi, öz peşə faəliyyətinizə orda davam etməyinizi arzu edirəm.

Ana səhifəVideoCan Dündar: Mənə sui-qəsd edən dünyanın harasına istəsə gedə bilər, amma həyat yoldaşım yox