“Burada insanlar susuzluqdan ilan kimi qabıq qoyur”

“Burada insanlar susuzluqdan ilan kimi qabıq qoyur”

“Dünən rayondan gəlmişdilər, icra hakimiyyətindən, su idarəsindən, özləriylə su motoru da gətirmişdilər, ancaq o motoru aparıb qanunsuz zəbt olunmuş torpaqları suvarmaq üçün qoydular, bizim pay torpaqlarımız yenə susuz qaldı“.

Bu sözləri Saatlı rayonunun Azadkənd kəndinin sakini Samir İsmayılov deyir. Onun sözlərinə görə, əkin sahələri susuzluqdan yanır, yaxın günlərdə pambığın suyu verilməsə, gülünü tökəcək, ondan sonra ora zəhmət çəkməyin mənası qalmayacaq.

S.İsmayılov deyir ki, kəndi iki hissəyə bölən “Lenin kanalı” günlərlə su görmür, fasilələrlə verilən su da köməkçi arxlara qalxmır, camaat yalnız su motorlarının gücünə sahələrinə su çıxara bilir, o da arxa yaxın olanlar. Torpağı arxdan uzaq olanlarsa əkin sahələrini suvarmaq ümidini tamam itirib. S.İsmayılov sakinlərinhər gün kəndin mərkəzinə yığışıb çıxış yolları aradığını deyir: “Dəfələrlə müraciət eləmişik ki, gəlib akt bağlasınlar, su olmadığına görə onlar bizdən məhsul tələb eləməsinlər, biz də onlardan vəsait istəməyək. 300 hektar pambıq əkilib, onun heç 30 hektarı suvarılmayıb…”

Tez-tez mübahisələr, davalar, polisə şikayətlər də olur. Etiraz aksiyası keçirmək, rayona yürüş etmək xəbərisə anındaca ünvanına çatıb. Sahə müvəkkili, rayon rəhbərləri, əlaqəli qurumlar məsələni yerində araşdırmaq üçün kəndə gəlib. “Rayon rəhbərlərinin gəlişi də kənd camaatını sakitləşdirmək üçündür. Bu gün su veriblər. Başqa kəndlərə gedən suyu müvəqqəti kəsib bizim arxa yönəldiblər, yəni suyu da özləriylə gətiriblər. Bu, çıxış yolu deyil. Təsəvvür edin, arx boyu motorlar düzülüb. Bəziləri elektriklə, çoxusa benzinlə işləyən bu motorlara çəkilən xərclə becərilən təsərrüfatdan qazanc gözləmirik, sadəcə başımızı qatırıq… İki hektara yaxın sahəni sulamaq üçün icarəyə 2 motor götürmüşəm, onların da hər birinin saatı 2 manatdır. Yanacağı özüm alıram. Üç sutka gecə-gündüz işlətmişəm, 100 litrə yaxın benzin almışam, sahəni də düz-əməlli suvara bilməmişəm”. Bunu da sakinlərdən biri deyir.

Pay torpağında pambıq əkən Hasil Abbasov indiyə qədər sahəsini suvara bilmədiyini deyir: “Pambıq indi bar üstündədir, 15 gündür su istəyir, su da yoxdur, məcbur olub kultivasiya çəkdirib azot vermişəm ki, pambıq susuzluğa bir qədər dözsün. Ancaq bununla yalnız bir neçə gün dözə bilər. İki gündür kəndə verilən su da bizim başımızın altına yastıq qoymaq üçündür. Rayon rəhbərliyi camaatı sakitləşdirmək üçün kəndə gəlir, gələndə də başqa kəndlərə verilən suyu kəsib bura yönəldirlər, onlar gedən kimi su da kəsilir. O gələn suyla çoxları, elə mən də sahəmi suvara bilməyəcəm. Torpaq susuzdur, motorla verilən su heç sahənin ortasına gedib çatmır. Gur su gərəkdir. Bu gələn suyla sahəmi suvarmağa heç ümidim yoxdur. Bu da o deməkdir ki, pambıq gülünütökəcək, məhsul olmayacaq… Gördüyünüz bu sahə 1 hektar 20 sotdur. İndiyə kimi təxminən 2000 min manat xərc çəkmişəm bura. Bu gedişlə heç çəkdiyim xərci çıxarmaq şansım yoxdur”.

Kənd sakini Babək Hacıyev həyətyanı sahəsində əkdiyi pambığı suvarmaq üçün arxa 3 elektrik motoru qoyub. Tez-tez suya girib motorları zir-zibildən təmizləyir. “Bu boyda kəndin arxına təkcə Hacı İbrahim Nehrəmlinin sahələrinə verilən qədər su verilmir. Hacının sahəsinə Arazın qolundan beton arx çəkilib, su da daimidir, həmişə də dolu olur. İndi bir az azaldıblar. Bizdəsə fasilələrlə – 10-15 gündən bir verilir, o da belə, arxın dibində. Su veriləndə də hər gün davadır, hamı istəyir ki, birinci suvarsın. Camaat bir-biriylə üz-göz olur, polisə düşür. Elələri var ki, su davasına görə illərdir qonşusuyla danışmır. Adı su verməkdir, bax, iynəylə gor qazmaq belə olur. Gündə neçə yol beləcə suya girib motorları təmizləyirəm, yoxsa yana bilər, başqaları da mənim kimi. Bilmirik heç işığa, benzinə verdiyimiz pulu çıxara biləcəyik, ya yox. Bizim bu yerlərə “ilan mələyən çöllər” deyirdilər, indi insanlar susuzluqdan mələyir”.

Hökumət son illər guya böyük diqqət və vəsait ayırdığı kənd təsərrüfatının problemini burada bir addımla kökündən həll edib, camaatın örüş sahələrini nazir-oliqarxlara verməklə həm əkinçiliyin, həm də heyvandarlığın axırına çıxıb; örüş olmadığından heyvan saxlamaq, su olmadığından əkin əkmək mümkün deyil. Bundan başqa, nazir-oliqarxların badam, zeytun, nar, pambıq, taxıl əkdiyi həmin yerlərdə eramızdan əvvələ aid tarixi abidələr, kurqanlar, təbii göllər (duz gölləri vardı ki, əhali tələbatını ordan ödəyirdi) məhv edilib, bu yerlərin daimi sakini olan çöl heyvanları, quşları didərgin salınıb.

O yerlərin adamlarının “Küdrü” adlandırdığı bu ərazilərin min illik nizamı beləcə pozulub, analoqsuz inkişafa qurban gedib.

Ana səhifəVideo“Burada insanlar susuzluqdan ilan kimi qabıq qoyur”