Xəqani Quliyev

Mənbə: Foto: Meydan tv

Başlıq: Xəqani Quliyev

“Bunun adı sağaltmaq deyil, müvəqqəti yola verməkdir”

Hepatitdən əziyyət çəkən bacı-qardaş imkansızlıqdan müalicə oluna bilmədiklərini deyirlər

Xocavənddə doğulan Xəqani Quliyev işğaldan sonra Beyləqandakı eyniadlı qəsəbəyə sığınıb. Hələ doğma yerlərdə yaşayarkən poliomielit (sinir sisteminin zədələnməsi, əzələlərin iflicinə səbəb olan) xəstəliyinə tutulub. Xəstəlik onun hərəkət imkanlarını iflic edib. Üstəlik, iki il əvvəl onda hepatit B və D aşkar olunub.

“Həmişə əziyyət çəkmişəm”

Xəqaninin dediyinə görə, uşaqlıqda peyvənd iynəsinin düzgün vurulmaması üzündən poliomielit yaranıb. İndi əsanın köməyilə, çox çətinliklə yeriyir. İllərlə 5 saylı Şəhər Klinik Xəstəxanasında, Respublika Əlillərin Bərpa Mərkəzində müalicə alıb. Amma bütün müalicə kursları müvəqqəti xarakter daşıyıb, onu sağaltmayıb. Xəqani isə, nəhayət, normal həyat sürmək istəyir.

“Həmişə əziyyət çəkmişəm. Sıxıntılarla yaşamışıq. Atam Çernobıl əlili idi. Doqquz il əvvəl vəfat etdi. Anam bizimlə yaşayır. O da xəstədi”, - Xəqani danışır.

İndi hepatit Xəqanini daha çox qayğılandırır. Çünki qaraciyər problemi sirroza çevrilə bilər. Xəqani deyir ki, bu iki ildə ölüm təhlükəsi saçan xəstəlikdən yaxa qurtarmaq üçün çox çalışıb.

“İki dəfə “Semaşko”da yatmışam. Hətta İrana da getmişdim. Heç orda da tam müalicəyə söz vermədilər”, - Xəqani Quliyev təəssüflə bildirir.

Onunla söhbətdə məlum olur ki, bayaqdan yanında sakitcə əyləşmiş bacısı Əntiqə də üç il əvvəl hepatitə yoluxub...

“İrandan 250 manata dərman alırıq”

Əntiqə Quliyevanın sözlərinə görə, xəstəlik haqda xeyli məlumat almağa çalışıb. O, hepatit D-nin Azərbaycanda müalicəsinin olmadığını bildirir. Ona görə də hər ikisi Türkiyəyə getməlidir:

“Semaşko”dan (1 saylı Tibbi Klinik Mərkəz-red) təzəcə çıxmışam. Anam özü xəstə adamdı, amma pensiyasını özünə yox, mənə sərf eləyir. Hepatit normal həyat sürməyə imkan vermir. Huşsuz olursan, iki saat əvvəl nə elədiyini xatırlamırsan. Bunun üçün iynə vurdurmalı oluruq. İrandan 250 manata dərman alırıq. Oranın dərmanları da sanki narkotik tərkiblidi. Adamı keyidir. Bütün günü yatırsan”.

Əntiqə Quliyeva həyat yoldaşından ayrılıb, üç övladını tək böyütmək məcburiyyətində qalıb. Deyir ki, qohum-əqrəba olmasaydı, indiyə qədər sağ qalmazdı:

“Bacımgildə qalıb müalicə alıram. 180 manat maaşa xadimə işləyirdim. Amma xəstəliyə görə altı aydı bülletendəyəm. Nə qədər ağır vəziyyətdə olduğumu sözlə ifadə eləmək mümkün deyil”.

“Adamların vəziyyəti o qədər pisləşib ki, heç kömək eləyə bilmirlər”

Bacısına qulaq asdıqca, Xəqani sanki bir az da kədərlənir. Özü 30 yaşında problemlərin içində boğulur. İki övladı da məktəbə gedir. Deyir ki, birinci qrup əlil kimi aldığı pulun hamısını uşaqlara xərcləyir, müalicəyə heç nə qalmır:

“Əvvəllər adamlar bank hesabına az-çox pul köçürürdü. İndi vəziyyət o qədər pisləşib ki, heç kömək eləyə bilmirlər. Həmin pulların hesabına müalicə kursu da götürmüşdüm. Hətta İrana da bu kömək sayəsində getmişdim. İndi hər hansı müalicə elətdirə bilmirəm”.

Xəqaninin dediyinə görə, hepatitin müalicəsi Türkiyədə mümkündür, amma bunun üçün 55 min dollara ehtiyac var. Ölkədə müraciət etmədiyi yer qalmayıb. Heydər Əliyev Fonduna yazandan sonra Beyləqan Rayon Mərkəzi Xəstəxanasından zəng vurublar:

“Orda həkim dedi ki, ancaq iynə vura bilərəm. Bunun adı sağaltmaq deyil, müvəqqəti yola verməkdir”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7n9hwd

Ən çox baxılan