Buğda istehsalı böhranda, rəqəmlər isə şişirdilir

Foto: Porawat Suepchaktip\shutterstock

Azərbaycan hökuməti ərzaq təhlükəsizliyi ilə bağlı üç dövlət proqramı qəbul edib. Ən sonuncu proqram 2019–2025-ci illəri əhatə edir və cari ildə bu sahədə daha bir yeni layihənin qəbulu gözlənilir. Həmin proqramlarda qarşıya qoyulan əsas hədəflərdən biri kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və idxaldan asılılığın azaldılması olub. Habelə strateji əhəmiyyətli məhsul sayılan taxıl üzrə ehtiyatların yaradılması və daxili tələbatın böyük hissəsinin yerli istehsal hesabına ödənilməsi də əsas hədəflər sırasında yer alıb.

Gözləntilər və böhranlı statistika

Taxıl ehtiyatının yaradılması məqsədilə illər öncə Dövlət Taxıl Fondu təsis edildi. İlk dövrlərdə Fövqəladə Hallar Nazirliyinin tərkibində fəaliyyət göstərən Fond [2024-cü ildə ləğv edilib və ərzaqlıq buğda ehtiyatlarının toplanması Dövlət Ehtiyatları Agentliyinə tapşırılıb] ilə bağlı əsas siyasət fermerlərdən yerli istehsal olunan buğdanın satın alınması idi. Burada təkcə ehtiyatların yaradılması deyil, eyni zamanda yerli istehsalçılara dəstəyin göstərilməsi də əsas məqsədlərdən biri idi. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə yanacaq, motor yağı və gübrə xərclərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi, taxıl əkinlərinə subsidiyaların verilməsi kimi stimullaşdırıcı addımlar atıldı.

Lakin Fond fəaliyyətə başladığı ilk dövrlərdən etibarən ehtiyatların böyük hissəsini idxal hesabına formalaşdırmağa başladı. Buna səbəb kimi yerli istehsal olunan buğdanın keyfiyyətinin aşağı olması göstərildi. Ancaq bu yanaşma zamanla ölkədə taxılçılıq ənənəsinin zəifləməsinə, yerli məhsulların bazara çıxışında ciddi maneələrin yaranmasına gətirib çıxardı.

Ümumiyyətlə, Dövlət Taxıl Fondu yarandığı gündən etibarən fəaliyyəti ilə bağlı açıq və sistemli hesabatlılıq təqdim etməyib. Hazırda əlimizdə olan Dövlət Statistika Komitəsinin ərzaq balansına dair məlumatların təhlili göstərir ki, ölkənin buğdaya olan tələbatının 40 faizdən çoxu hələ də idxal hesabına ödənilir.

Uzun müddət Azərbaycanın kənd təsərrüfatı sektorunda yaranan böhran əkinə yararlı torpaq sahələrinin azlığı ilə izah edilirdi. Halbuki 2020-ci ildə işğaldan azad olunmuş torpaqların kənd təsərrüfatına qaytarılması ölkənin əkin sahələrini xeyli genişləndirməli idi. Lakin rəsmi statistika tamamilə fərqli mənzərə ortaya qoyur: taxıl əkilən sahələr azalıb, buğda istehsalı aşağı düşüb, idxal isə yüksək səviyyədə qalmaqda davam edir.

Məsələn, torpaqların 20 faizi işğal altında olduğu son dövrdə, yəni 2019-cu ildə ölkədə 1,04 milyon ha sahədə (qarğıdalı nəzərə alınmadan) dənli bitkilər əkilmiş və 3,2 milyon ton məhsul istehsal olunmuşdu. İstehsal edilən taxılın 61,4 faizi və ya 2,2 milyon tonu buğdanın payına düşürdü. Həmin il buğda idxalı isə 1,584 milyon ton təşkil edib.

Reallıqda, azad olunmuş ərazilərin əkin dövriyyəsinə cəlb edilməsi ilə vəziyyətin dəyişməsi gözlənilirdi. Lakin DSK-nın 2025-ci ilə dair məlumatlarına görə, qarğıdalı da daxil olmaqla dənli və dənli paxlalı bitkilərin əkin sahəsi cəmi 978 min ha olub. Ümumi məhsul istehsalı 3,3 milyon ton təşkil etsə də, buğdanın payı kəskin şəkildə azalaraq 1,6 milyon tona və ya 47,7 faizə düşüb. Bu isə 2019-cu illə müqayisədə buğda istehsalının təxminən 26 faizə yaxın azalması deməkdir.

Ötən il buğda idxalı 1,267 milyon ton təşkil edib. Eyni zamanda dənli bitkilərdən alınan unun idxalında da dəfələrlə artım olduğunu görürük. Müqayisə üçün, 2019-cu ildə ölkəyə 5,3 min ton un idxal edildiyi halda, 2024-cü ildə bu göstərici 21,4 min tona qədər yüksəlib.

“Ərzaqlıq buğda istehsalı artıq demək olar ki, sıradan çıxıb”

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhhərəmov Meydan TV-yə açıqlamasında deyir ki, təxminən 600 min hektara yaxın kənd təsərrüfatına yararlı ərazilər işğaldan azad edilib və ümumilikdə 1,4 milyon hektar kənd təsərrüfatına yararlı torpaq mövcuddur:

“Əgər bunu nəzərə alsaq, bu, statistikalarda özünü göstərməli idi. Hazırda dəqiq statistika əldə etmək çox çətindir. Kənd təsərrüfatına yararlı nə qədər torpağımız var, nə qədər örüş əraziləri, çoxillik bitkilərin altında olan torpaqlar, nə qədər biçənək sahələri mövcuddur – bunların dəqiq statistikası aparılmır. Həmçinin nə qədər iribuynuzlu mal-qara, xırdabuynuzlu heyvan, at, eşşək, dəvə, toyuq-cücənin olduğu barədə də statistik göstəricilər yoxdur. Bir neçə il öncə Avropa İttifaqı təxminən 30 milyon avroluq maliyyə vəsaiti ayırdı ki, Azərbaycanda heyvanların sayı müəyyən edilsin, identifikasiyası və uçotu aparılsın. Həmin vəsait yeyildi, heç bir iş görülmədi. İllərdir ölkədə nə qədər buğda, nə qədər taxıl istehsal olunduğunu dəqiq bilən adam yoxdur.

Bəs bu rəqəmləri əldə etmək mümkündürmü? Bəli, mümkündür. Ölkədə olan bütün kombaynlara çip yerləşdirilir. Onun vasitəsilə nə qədər biçin həyata keçirildiyi, nə qədər məhsul əldə edildiyi tonuna qədər göstərilə və gündəlik məlumat ötürülə bilər”.

Ekspert bildirir ki, dəqiq və şəffaf statistika olmadan görüləsi işlərlə bağlı plan və strategiya qurmaq mümkün deyil:

“Dövlət proqramları, istehsal artımı ilə bağlı iddialar cəfəngiyyatdır. Çünki əlində olanları bilmirsən. Söhbət təkcə torpaq sahələrindən getmir, nə qədər torpaq deqradasiyaya uğrayıb, nə qədər şoranlaşıb – bütün bunların statistikası olmalıdır. Əslində bu, çətin məsələ deyil. Ölkədə kifayət qədər peşəkar kadrlar var ki, onlar görüləcək işləri planlaşdıra bilər. Bəzi sahələrdə 3 ilə, bəzilərində 5 ilə ölkə üzrə dəqiq statistika toplamaq olar. Hətta hər dəfə ərazilər və heyvanların sayı dəyişəndə bu, statistikada öz əksini tapa bilər.

Müasir texnologiyalar imkan verir ki, elektron uçot sistemi yaradılsın və istənilən vaxt hər bir vətəndaş internet vasitəsilə bu məlumatlara çıxış əldə etsin. Paralel olaraq buna uyğun planlaşdırma aparılmalıdır: nəyimiz var, nəyimiz yoxdur, nə qədər taxıl istehsal edəcəyik, nə qədər meyvə-tərəvəz, o cümlədən heyvandarlıq məhsulları istehsal etməliyik və s.

Sanki bulanıq su bunlar üçün münbit mühitdir. Rəqəmlər dəqiq deyil, onları uydururlar. Məsələn, əkin sahələrini çox göstərib guya yaxşı göstərici kimi təqdim edirlər. Yaxud istehsal rəqəmlərini artıra-artıra aparır, sonra birdən azaldırlar ki, daha sonra yenidən artım kimi göstərə bilsinlər. Bu cür manipulyasiyalarla görüntü yaradılır ki, guya kənd təsərrüfatında iş gedir və uğurlar əldə olunub”.

V. Məhhərəmov qeyd edir ki, keçən il taxıl istehsalında 3 faiz artım göstərilib və bu, uğur kimi təqdim olunur:

“2019-cu ildə torpaqlarımızın 20 faizi işğal altında olarkən ölkədə indikindən 163 min ton çox taxıl, o cümlədən 561,7 min ton çox buğda istehsal olunub. Yəni Azərbaycanda son 6 ildə taxıl istehsalı 4,6 faiz, o cümlədən buğda istehsalı 25,8 faiz azalıb. Torpaqlar işğaldan azad edildikdən sonra taxıl istehsalı azalıb.

Azərbaycan 20 il əvvəl indikindən daha çox buğda istehsal edirdi. Belə ki, 2004-cü ildə ölkədə ilkin çəkidə 1 milyon 614,3 min ton buğda istehsal olunub ki, bu da 2025-ci il göstəricisindən 4,5 min ton çoxdur. 2004-cü ildən indiyədək ölkə əhalisinin sayı 1,9 milyon nəfər artsa da, buğda istehsalı artmayıb, əksinə azalıb”.

Eyni zamanda ekspert vurğulayır ki, istehsal olunan buğdanın ərzaq üçün yararlı hissəsi də kəskin şəkildə azalıb:

“Ərzaqlıq buğda istehsalı artıq demək olar ki, sıradan çıxıb. Çox az həcmdə qalıb. Onu da əsasən iri fermer təsərrüfatları istehsal edir və təqribən 100-120 min ton yerli ərzaqlıq buğda əldə olunur. Bu da ümumi tələbatdan 12-13 dəfə azdır”.

V. Məhhərəmov ərzaqlıq buğda istehsalının azalmasının səbəbini monopoliya ilə əlaqələndirir:

“Azərbaycanda bir neçə səbəbdən ərzaqlıq buğda istehsalında problemlər yaranıb. Birincisi, 2004-cü illərdə buğdanın emalı monopoliyaya alınmamışdı, inhisarda deyildi. Buğda istehsalçıları əldə etdikləri məhsulu yerli dəyirmanlarda üyüdür, həm istehsal edir, həm də satışını həyata keçirirdilər. Təqribən 2004-2005-ci illərdə həmin dəyirmanları bağladılar. Monopolistlər böyük dəyirmanları və buğda emalı müəssisələrini ələ keçirdilər, xırda dəyirmanları sıradan çıxardılar.

Eyni zamanda inhisarçılar xaricdən ucuz buğda idxal edib onu emal etməyə başladılar, kəndlilərdən buğda almadılar. Kəndlilər gördülər ki, onların istehsal etdiyi buğda işə yaramır, dəyirman yoxdur və həmin buğdanı toyuq-cücəyə yem kimi istifadə etməyə başladılar. Əvvəllər fermerlər əldə etdikləri məhsulu çeşidləyib, təmizləyib ərzaqlıq buğda standartına uyğunlaşdırırdılarsa, indi buna tələbat qalmayıb. Ona görə də buğdanın təmizlənməsi və çeşidlənməsi ilə məşğul olmadılar, zibil qarışıq heyvanlara yedizdirdilər və toyuq yemi kimi istifadə etdilər. Hazırda unüyütmə dəyirmanları inhisarçıların, yüksək vəzifəli məmurların əlindədir və onlar da buğdanı əsasən xaricdən idxal edirlər”.

Ana səhifəİqtisadiyyatBuğda istehsalı böhranda, rəqəmlər isə şişirdilir