”Bu sənəd vətəndaşın qanunvericilik təşəbbüsünü məhdudlaşdırmaq haqqında qanuna daha çox uyğun gəlir”

Milli Məclisin addımı gələcək təşəbbüslərin qarşısını almaq məqsədi daşıyır.

Source:


Xalid Ağaliyev: REAL-ın təşəbbüsündən sonra hökumətin bu istiqamətdə qərar verməsi düşündürücüdür

Milli Məclisin “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsini birinci oxunuşda qəbul etməsi birmənalı qarşılanmayıb.

Layihə qanunverici orqanda müzakirəsinə çıxarılmazdan əvvəl QHT-lərə Dövlət Dəstəyi Şurasında ictimai müzakirəyə çıxarılmış və iştirakçılar tərəfindən xeyli təkliflər verilmişdi.

Amma layihənin birinci oxunuşda qəbulu ilə bağlı Milli Məclisin internet səhifəsində və mediada gedən məlumatlardan belə məlum olur ki, verilən təkliflər layihədə nəzərə alınmayıb.

Bu narahatlığı Meydan TV-yə “Hüquq və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Hafiz Həsənov ifadə edib.

O, ümid edir ki, layihə Milli Məclisin internet səhifəsində yerləşdiriləcək və hamının layihə barədə geniş məlumat əldə etmək imkanı olacaq.

Hafiz Həsənovun sözlərinə görə, 10 maddədən ibarət olan layihə ilə ilkin tanışlıq göstərir ki, o, indiki variantda qanun halını alarsa, çoxsaylı məhdudiyyətlər və çətin prosedurlar vətəndaşların qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsinə ciddi çətinliklər yaradacaq və bu hüququn reallaşmasını icazəli edəcək:

“Layihədə digər qanuvericilik təşəbbüsü subyektlərindən fərqli olaraq seçki hüququna malik 40 min vətəndaşın yalnız qanun layihəsi təqdim etmək təşəbbüsü nəzərdə tutulur və qanunverici orqanın funksiyalarına aid digər məsələlər üzrə qərar layihəsi ilə çıxış etmək təşəbbüsü nəzərdə tutulmur. Bununla belə sənəddə hətta təqdim ediləcək qanun layihələrinin özündə də xeyli məhdudiyyətlər müəyyən edilib. Belə ki, sənədə görə vətəndaşlar dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi, əmək haqqının məbləği və onun ödənilməsi qaydası, cinayət və ya inzibati xətalar, ailə münasibətləri, ərazi quruluşu və inzibati ərazi bölgüsü məsələləri ilə bağlı qanun layihələri təqdim edə bilməzlər. Eyni zamanda, vətəndaşlar Konstitusiya qanunlarının layihələrini də irəli sürə bilməzlər. Həmçinin, bir təşəbbüs qrupu yalnız bir qanun layihəsi ilə çıxış edə bilər”.

Hafiz Həsənov
Hafiz Həsənov

“Layihədən aydın olmur ki, Konstitusiya ilə heç bir məhdudiyyət müəyyən edilmədiyi halda digər qanunvericilik təşəbbüsü subyektlərindən fərqli olaraq seçki hüququna malik 40 min vətəndaş hansı hüquqi əsasla Milli Məclisin funksiyalarına aid qərar layihələri, yuxarıda göstərilən məsələlər üzrə qanun layihələri, o cümlədən Konstitusiya qanunu layihələri ilə çıxış edə bilməzlər? Bu məhdudlaşdırmaların bütün qanunvericilik subyektlərinə deyil, yalnız seçki hüququna malik 40 min vətəndaşa aid edilməsi ayrı-seçkilik yaratmırmı?”, deyə sual edən Hafiz Həsənov əlavə edib ki, Konstitusiya ilə yalnız vergilər və dövlət büdcəsi, amnistiya və əfv etmə, seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və ya icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi kimi məsələlər üzrə yalnız refendumun keçirilməsi qadağan edilirsə, seçki hüququna malik 40 min vətəndaşın dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi, əmək haqqının məbləği və onun ödənilməsi qaydası cinayət və ya inzibati xətalar, ailə münasibətləri, ərazi quruluşu və inzibati ərazi bölgüsü ilə bağlı məsələlər üzrə qanuveicilik təşəbbüsünun məhdudlaşdırılması hansı normativ-hüquqi akta əsaslanır?:

“Bundan başqa Konstitusiya ilə bütün qanunvericilik təşəbbüsü subyektləri üçün “yalnız bir qanun layihəsi təqdim edilə bilər” tələbi qoyulmursa, bu layihədə seçki hüququna malik 40 min vətəndaşın qanunvericilik təşəbbüsü ilə bağlı məhdudiyyətin müəyyən edilməsi Konstitusiya ilə ziddiyyət təşkil etmirmi? Əgər bu məhdudiyyətlər bəzi ölkələrin təcrübəsi ilə izah edilirsə, bu yanaşma da düzgün hesab edilə bilməz. Çünki bu cür xarici təcrübələrdə bu hüquq daha geniş mənada – xalqın normayaratma hüququ kimi nəzərdə tutulur və bu, təkcə qanun yaradıcılığını deyil, refefernduma məsələlərin çıxarılmasını da ehtiva edir. Digər tərəfdən hətta bu ölkələrin təcrübəsində də bu qədər məhdulaşdırma yoxdur. Seçki hüququna malik 40 min vətəndaşın Konstitusiya qanunu layihəsi təşəbbüsü ilə çıxış edə bilməməsi ilə bağlı məhdudiyyətə gəldikdə, Ana Yasa qanunu layihəsi təşəbbüsü ilə çıxış etmək Konstitusiya və qanunlarla heç bir qanunvericilik təşəbbüsü subyektinə qadağan edilməyib. Konstitusiya qanunları yalnız Konstitusiyaya əlavələrlə bağlı qanunları əhatə etmir. Hazırda Konstitusiyanın ayrı-ayrı maddələrinə əlavələrlə qəbul edilən Konstitusiya qanunları ilə yanaşı “Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında”, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında”, “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında”, “Varidata təminat verilməsi haqqında” Konstitusiya qanunları da qəbul edilib”.

Hafiz Həsənov bildirib ki, sənəddə qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupunun yaradılması və qeydiyyatı ilə bağlı qaydalar da əhəmiyyətli dərəcədə çətindir. Layihədə təşəbbüs qrupunun yaradılması üçün ən azı 300 nəfərin olması və üzvlərin hər biri haqqında məlumatlar, təşəbbüs qrupunun sədri ilə yanaşı sədr müavinlərinin, habelə 60 seçki dairəsi üzrə koordinatorların seçilməsi nəzərdə tutulur. Həmçinin, təşəbbüs qrupunun və təklif olunan qanun layihəsinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına müraciət ərizəsi ilə birgə xeyli sənədlərin – təşəbbüs qrupunun yaradılması, onun sədri və müavinlərinin, həmçinin seçki dairələri üzrə koordinatorların seçilməsi və layihənin təsdiqi barədə iclas protokolu və həmin protokola əlavə edilən iclas iştirakçılarının siyahısı, layihənin qəbul edilməsi zərurətinin əsaslandırılması, layihəyə dair ekspert rəyləri, layihəni hazırlamış şəxslərin siyahısının təqdim olunması nəzərdə tutulur.

O, sənəddə qanun layihəsinin dəstəklənməsi üçün imzaların toplanması və yoxlanması ilə bağlı qaydaların sərt olduğunu hesab edir:

“İmzalar yalnız təşəbbüs qrupunun üzvləri tərəfindən toplanmalı, ən azı 60 seçki dairəsinin ərazisini əhatə etməli və hər seçki dairəsinin ərazisindən ən azı 500 imza toplanmalıdır. Bir imza vərəqəsinə yalnız eyni seçki dairəsinin ərazisi üzrə seçici siyahılarında olan vətəndaşlar daxil edilməlidir. Aydın olmur ki, qanunvericilik təşəbbüsü hüququnun həyata keçirilməsi üzrə 300 nəfərdən ibarət təşəbbüs qrupunun yaradılmasına nə ehtiyac vardır. Adətən təşəbbüs qruplarının 10 -15 nəfərdən ibarət tərkibdə yaradılması ilə bağlı təcrübələrin fonunda 300 nəfərlik təşəbbüs qrupuna nə ehtiyac vardır? Əgər bu say imzaların 60 seçki dairəsindən toplanmasına hesablanmışsa, onda bu tələb özü vətəndaşların qanunvericilik təşəbbüsü hüququnun mahiyyəti ilə ziddiyyət təşkil edir. Çünki təşəbbüs qrupunun irəli sürdüyü qanun layihəsi bir seçki dairəsinin və ya bir neçə seçki dairəsinin seçiciləri tərəfindən dəstəklənə bilər”.

Ekspertin sözlərinə görə, qanun layihəsinin dəstəklənməsi yalnız 60 seçki dairəsinin ərazisini əhatə etdikdə mümkündür tələbi Konstitusiyaya və beynəlxalq hüquqi öhdəliklərə ziddir. Həmçinin, imzalar niyə ancaq təşəbbüs qrupunun üzvləri tərəfindən toplanmalıdır? Beləliklə, bütün bunlar nəticə etibarı ilə belə bir ümumi sual doğurur: Layihə indiki variantda qəbul ediləcəyi halda seçki hüququna malik 40 min Azərbaycan vətəndaşının qanunvericilik təşbbüsü hüququnun həyata keçirilməsinə hüquqi təminatlar yaradacaqmı? Çox təəssüf ki, bu suala müsbət cavab vermək mümkün deyil.

O, layihəyə Avropa Şurası Vensiya Komissiyası tərəfindən rəy verilməsini vacib sayır. Çünki sənəd birbaşa insan hüquqları ilə bağlıdır.

Onun həmkarı Ələsgər Məmmədli bildirib ki, birinci oxunuşdan keçən sənəd 40 min vətəndaşın qanunvericilik təşəbbüsünü məhdudlaşdırmaq haqqında Qanun layihəsinə daha çox uyğun gəlir:

Hüquqşünas Ələsgər Məmmədli
Ələsgər Məmmədli

“300 nəfər təşəbbüs qrupu 60 dairədə fəaliyyətə başlasa, elə siyasi partiya qurub, hakimiyyət uğrunda mübarizəyə başlayar da. Bu layihə vətəndaşların qanunvericilik hüququnu təmin etməsə də, indiki məqamda regionlarda məhdud olan siyasi fəaliyyətə yeni imkan açacaq və vətəndaşların regionda bu təşəbbüs adı altında təşkilatlanmasına yeni fürsətlər yaradacaq”.

Media hüququ üzrə ekspert Xalid Ağaliyev isə hesab edir ki, REAL-ın təşəbbüsündən sonra hökumətin bu istiqamətdə qərar verməsi düşündürücüdür:

Xalid Ağalıyev
Xalid Ağaliyev

“Fikirləşiblər ki, vətəndaşa qanun yaradıcılığı prosesində belə bir imkan buraxmışıq, diqqətimizdən qaçıb, o imkanı hələ də tıxamamışıq. Və tıxayırlar. Həm də ictimai müzakirə alətindən də geninə-boluna istifadə etməklə tıxayırlar”.

2018-ci ilin noyabrından 2019-cu il fevralın sonuna qədər

ReAL Partiyası

qanunvericilik təşəbbüsü ilə çıxış edərək 2015-ci il devalvasiyasından sonra formalaşan kredit borclarının dövlət tərəfindən ödənilməsini, təhsildə dərin islahatlar aparılmayana qədər ali təhsilin pulsuz olması, paytaxt haqqında konstitusiya qanununun qəbul edilib, Bakının merinin seçilməsi ilə bağlı imzatoplama kampaniyası keçirib.

ReAL Partiyasının Məclis başqanı Azər Qasımlı onların təşəbbüsündən sonra layihənin qanunverici orqana çıxarılmasını təsadüfü saymır:

Azər Qasımlı
Azər Qasımlı

“Amma proses hələ bitməyib, davamı olacaq. Biz Konstitusiya Məhkəməsinə müraciət edəcəyik. Milli Məclisin addımı gələcək təşəbbüslərin qarşısını almaq məqsədi daşıyır. Mən bununla bağlı spiker Oqtay Əsədova müraciət etmişdim ki, Konstitusiyanın 96-cı maddəsinə əsasən göndərdiyimiz layihənin nəticəsi haqda bilgi verin. Bugünlərdə Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədr müavini mənə məktub göndərib. Cavab məktubunda bizim 40 min imza təşəbbüsümüzü qəbul etmədiklərini əsaslandırıblar. Qeyd ediblər ki, belə bir layihə olacaq, yalnız bundan sonra 40 min imzaya baxıla bilər. Biz bu məsələni ictimailəşdirəcəyik”.

Ana səhifəXəbərlər”Bu sənəd vətəndaşın qanunvericilik təşəbbüsünü məhdudlaşdırmaq haqqında qanuna daha çox uyğun gəlir”