Bu məktəbi bitirənlər universitetə daxil ola bilmir

Bura ferma deyil, məktəbdir. Heç ucqar dağ kəndində də deyil. Bakıdan 47 kilometr aralıda, Sənqəçal qəsəbəsinin Əliquşlaq kənd massivindədir. Nə az, nə çox, düz 30 ildir ki, bu dəmir otaqlar məktəbliləri belə qarşılayır.

Əlihəsən Fərəcullayev- ayaqyolu bax odur. Görünən kəndə nə bələdçi? Müəllim də ora gedir, qız da, oğlan da. Qapısı, pəncərəsi, üstü yoxdur.

Ceyhun Zahidov- Məktəbin vəziyyətini gördünüz də. Müəllimlərdən soruşun, bir şagird bu 10-15 il ərzində universitetə daxil olubmu? Görün, o uşaqlardan adi bir texnikum oxuyan varmı?

Dörd bir yanı dəmirdən olan təhsil ocağında yağışdan sonra elektrik cərəyanının vurma təhlükəsi yaranıb. Ona görə də şagirdlər qaranlıq otaqlarda dərs keçirlər. Məktəbin qazı da yoxdur. Şagirdlər otaqları evlərindən gətirdikləri qızdırıcıyla isidirlər.

İlham Həsənov- Heç bir şəraiti yoxdur. Şərait olmayan yerdə təhsildən söhbət gedə bilməz. Birinci xanıma da, prezidentə də müraciət etmişik. Hələlik, heç bir nəticəsi yoxdur. Uşaqlarım bu məktəbin 8-10-cu siniflərini bitiriblər. Heç bir savadları yoxdur. Adlarını belə yaza bilmirlər.

Kənddən azca aralıda isə Səngəçal terminalı yerləşir. Dünyanın ən böyük qaz-kondensat yataqlarından biri olan “Şahdəniz”dən gündə təqribən 50 milyon kub metr qaz, 1,2 milyon barrel neft emal olunur. Amma körpələr bu imkanlardan xəbərsizdirlər.

Yaxşı təhsil alsınlar deyə, nə getdikləri yolun uzunluğu, nə də ki, vəziyyətlərini yaxşılaşdıracaq səyləri tükənir. Neft və qaz ölkəsinin insanlarına ürək isidəcək kimsə yoxdur.

Ceyhun Zahidov- Bizi ancaq oğlanlarımızı əsgər aparanda, bir də hansısa seçki keçirəndə yada salırlar.

İllərdir təhsilə, əhalinin sağlamlığına ayrılan milyonlarla pul sanki bu yerlərdən yan keçib. Hələ 2013-cü il seçkilərindəki platformasında prezident İlham Əliyev də elm, təhsil və səhiyyə infrastrukturunun təkmilləşdiriləcəyini vurğulamışdı. Platformanın rəsmi saytında “Biz nələri etdik?”, – sualına belə bir cavab da verilib:

“Genişmiqyaslı quruculuq – abadlıq işləri nəticəsində regionların siması əsaslı şəkildə dəyişdi, ən müasir standartlara uyğun sosial – iqtisadi infrastruktur yaradıldı”.

Və prezidentlik dönəmində bütün hədəflərin “möhtəşəm zirvə”yə çatdığı vurğulanır. O zirvələrdən bu kəndlərin sakinləri necə, görünürmü?

Qəsəbənin qayğıları bir deyil, iki deyil. Burada tibb məntəqəsi, poçt da yoxdur. Yaxınlıqda yerləşən Sənqəçal terminalından gələn qazın tüstüsü də burada yaşayanların sağlamlıqları üçün zərərlidir.

İradə Hüseynova- Qazın iyi gəlir. Biz ondan xəstəyik, Vallah. Deyirdilər ki, zəhərli qaza görə evlərə pul veriləcək. Heç onu da görmədik. Uşaqlarımız CV yazıblar. Heç işə də çağırmırlar.

Əlihəsən Fərəcullayev- Onun hisini mənim balalarım, nəvələrim udur. Gecə baxsanız, görərsiniz oradan necə zəhərli maddələr gedir. Xəstəlikləri uşaqlarımız, nəvələrimiz oradan tapıb. Terminal tikiləndə qapı-qapı gəzib, dedilər ki, sizləri işlə təmin edəcəyik. Amma bizi işə götürən yoxdur.

Belə yerdə deyərlər, “qızınmadım istisinə, kor olmuşam tüstüsünə…”

Ana səhifəVideoBu məktəbi bitirənlər universitetə daxil ola bilmir