Britaniya səfirliyi: Yaqublunun işinə təcili olaraq yenidən baxılmalıdır

ABŞ səfirliyi bu yaxınlarda ReAl siyasi partiyasının dövlət tərəfindən qeydiyyata alınmasını alqışladığını da əlavə edib.

Source: Specify Source


Səfirliklər və beynəlxalq təşkilatlar Azərbaycan hökumətinə çağırış ediblər

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi Tofiq Yaqublunun sentyabrın 3-də saxta görünən ittihamlar əsasında azadlıqdan məhrum edilməsindən məyus olub.

Bu barədə səfirliyin sentyabrın 4-də yaydığı açıqlamada qeyd olunub.

Səfirlik bildirib ki, Yaqublu istintaq və məhkəmə zamanı ədalətli mühakimə prosesinin çoxsaylı elementlərindən bəhrələnmək imkanından məhrum olunub: “Biz Azərbaycan hökumətini son zamanlar yer alan siyasi həbslər tendensiyasından daşınmağa, cənab Yaqublunun işinə yenidən baxmağa və Azərbaycanın Konstitusiyası ilə təmin olunan əsas söz və toplaşma azadlıqlarına hörmətlə yanaşmağa çağırırıq”.

ABŞ səfirliyi bu yaxınlarda ReAl siyasi partiyasının dövlət tərəfindən qeydiyyata alınmasını alqışladığını da əlavə edib.

Bu gün Böyük Britaniyanın Bakıdakı səfirliyi də Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsindən narahatlığını ifadə edib.

Səfirliyin yaydığı açıqlamada qeyd olunur ki, Böyük Britaniya Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun 4 il 3 ay müddətinə həbs cəzasına məhkum edilməsindən narahatdır.

Səfirlik Yaqublunun 2014-cü ildə həbs ediləndə də ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu xatırladıb: “Böyük Britaniya o zaman bu narahatlığını Azərbaycan hökumətinin nəzərinə çatdırmışdı və cənab Yaqubluya verilən hökm daha sonra Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qanunsuz hesab edildi”.

Böyük Britaniya hakimiyyəti Tofiq Yaqublunun işinə təcili olaraq yenidən baxmağa çağırıb.

“Son zamanlar "İlqar Məmmədovun işi" və ReAl Partiyasının qeydiyyatı ilə bağlı çoxdan gözlənilən irəliləyişlərin fonunda bu hadisələr məyusedicidir”, – deyə açıqlamada deyilir.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində siyasi fəal Tofiq Yaqublunun işi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Məhkəmədə Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya hökm oxunub.

Tofiq Yaqublu 3-cü gündür “ölüm aclığı” keçirir.

Beynəlxalq hüquq müdafiə təşkilatları – “Freedom House”, "Human Rights Watch" və "Amnesty International" Tofiq Yaqublunun azadlıqdan məhrum olunmasına etiraz edən bəyanatla çıxış ediblər.

Ana səhifəSiyasətBritaniya səfirliyi: Yaqublunun işinə təcili olaraq yenidən baxılmalıdır