Boşa çıxan ”Qartal caynağı”

Amerika vətəndaşları İrandakı girovluqdan necə xilas oldu?

Foto: Meydan Tv


Amerika vətəndaşları İrandakı girovluqdan necə xilas oldu?

Bundan əvvəlki məqaləmizdə 1979-cu ildə Tehranda ABŞ səfirliyinin əməkdaşlarının və mühafizəçilərinin girov götürülməsi, 444 gün davam edən girov böhranından bəhs etmişdim. Bu məqalədə isə həmin dövrdə girovların azad edilməsi üçün planlaşdırılan "Qartal caynağı" adlı əməliyyatdan danışacağam.

***

Xərçəng xəstəliyindən əziyyət çəkən devrilmiş İran şahı Məhəmməd Rza Pəhləviyə müalicə üçün ABŞ-a giriş izni verilməsindən qəzəblənən islamçı tələbələr 1979-cu il noyabrın 4-də Tehrandakı ABŞ səfirliyinə hücum edirlər. Səfirliyin işçiləri və mühafizəsində çalışan hərbçilər daxil 66 nəfər girov götürüldü (onlardan 13 nəfər – 5 qadın və 8 afroamerikalı – noyabrın 19-20-də azad edildilər).

Prezidenti Cimmi Karterin gözlənildiyindən daha yumşaq reaksiyasından ruhlanan tələbələr əsas qayəsi şahın mühakimə olunması üçün İrana təhvil verilməsi olan bir sıra tələblər irəli sürdülər. ABŞ isə İrandan neft alışını dayandırmaq və İranın ölkədəki 8 milyardlıq (indiki kursla 33 milyarddan çox) hesablarını dondurmaq kimi sanksiyalarla cavab verdi.

ABŞ-ın dövlət katibi Sayrus Vens böhranı danışıqlar yolu ilə həll etməyə tərəfdar idi. Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Zbiqnev Bjezinski isə İranla sərt davranmağa çağırırdı. İlk aylarda Karter Vensin xəttini qəbul etdi. Bununla belə, xilasetmə əməliyyatının keçirilməsi ehtimalı da nəzərə alınırdı. Buna görə ABŞ ordusunun xüsusi təyinatlı Delta Force qrupu Arizona ştatının Yuma şəhəri yaxınlığındakı səhrada təlimlər keçməyə başladı.

1970-ci illər beynəlxalq terrorizmin təşəkkül tapdığı dövr idi. 1972-ci il Münhen Olimpiadasında İsrail idmançılarının girov götürülməsi və bütün girovların ölümü ilə nəticələnən fəlakətli xilasetmə əməliyyatından (bu barədə məqaləm olub) sonra bir çox ölkə terrorizm əleyhinə xüsusi təyinatlı dəstələr yaratmağa başladı. Amerikada belə dəstələrdən biri 1977-ci ilin noyabrında yaradılan Delta qrupu idi.

Qrup Vyetnam müharibəsinin veteranı polkovnik Çarlz Bekvitin rəhbərliyi altında yaradılırdı. Bekvit hələ 1960-cı illərin sonlarında Böyük Britaniyanın Xüsusi Hava Xidməti (Special Air Service – SAS) adlı xüsusi təyinatlı dəstəsinin fəaliyyəti ilə tanış olub və ABŞ hərbi komandanlığına belə bir dəstənin yaradılmasını tövsiyə etmişdi. Lakin onun təklifinin qəbulu 10 ilə qədər çəkdi. Delta adını alan həmin dəstə indi ilk əməliyyatına hazırlaşırdı.

Əgər xilasetmə əməliyyatının keçirilməsinə qərar verilərsə, Deltanın döyüşçüləri gözdən uzaq bir yerdə, İranın mərkəzindəki Dəşti-Kəvir səhrasında təyyarələrdən enməyi və oradan Tehrana doğru hərəkət etməyi planlaşdırırlar. Məşqlərin Yuma yaxınlığında keçirilməsi məhz bununla əlaqədar idi. Yuma ABŞ-ın ən isti, ən quraq ərazilərindən biri idi və iqlimi Dəşti-Kəvir iqliminə yaxın hesab olunurdu.

***

Girovların azad edilməsi ətrafında gedən danışıqlar isə uzanır. Yanvar ayında Parisdə aparılan danışıqlardan sonra problemin tezliklə çözüləcəyi təəssüratı yaranır. Lakin bir qədər sonra İranın ali dini rəhbəri, ayətullah Xomeyni elan edir ki, girovların taleyini İran parlamenti həll etməlidir. Parlament isə hələ mart ayında seçiləcək və girovlarla bağlı hansı qərar verəcəyi bilinmir.

ABŞ hərbçiləri isə ölkə rəhbərliyini xilasetmə əməliyyatının yalnız aprelin sonlarına kimi keçirilə biləcəyi barədə xəbərdarlıq edirlər. Bundan sonra həm gecələrin qısalması, həm də havaların istiləşməsi əməliyyatı mümkünsüz edir. Belə olarsa, xilasetmə əməliyyatını noyabra qədər təxirə salmaq lazım gələcək.

Prezident Karter isə bu qədər gözləyə bilməz. Noyabrın 4-də növbəti prezident seçkiləri keçiriləcək. Girov probleminin həllinin uzanması prezidentin reytinqini getdikcə aşağı salır. Seçkilərdə qələbəyə ümid etmək üçün problemi mütləq həll etmək lazımdır. İctimai fikir də ölkə rəhbərliyindən qəti addımlar tələb edir. Buna görə də Karter xilasetmə əməliyyatına meyl etməyə başlayır.

1976-cı ildə Fələstin və Qərbi Almaniyanın solçu terrorçuları İsrailə məxsus sərnişin təyyarəsini ələ keçirərək Uqandanın Entebbe şəhərində endirmişdilər. O vaxt İsrailin xüsusi təyinatlı Sayeret Matkal qrupu təyyarələrlə 3500 km məsafəni qət edərək girovları azad edə bildilər. İndi İran ətrafında aviadaşıyıcı gəmiləri və qonşu ölkələrdə hərbi bazası olan ABŞ bunu niyə bacarmasın?

Podaqra xəstəliyindən əziyyət çəkən dövlət katibi Sayrus Vens aprelin 10-da, cümə axşamı Floridaya üçgünlük istirahətə yollanır. Ertəsi gün isə ondan xəbərsiz Milli Təhlükəsizlik Şurası toplanır, Vensin müavini Uorren Kristofer bu barədə öz şefini məlumatlandırmır. Şura xilasetmə əməliyyatına başlamaq barədə qərar verir.

Qərardan gec xəbər tutan Sayrus Vens əməliyyatın məxfiliyinə xətər toxunmasın deyə yekununu gözləyəcəyini, lakin bu yekunun necə olmasından asılı olmayaraq vəzifəsindən istefa verəcəyini bildirir.

***

"Qartal caynağı" adı verilən əməliyyatda plana görə 6 ədəd "Lockheed C-130 Hercules" və 8 ədəd "Sikorsky CH-53 Sea Stallion" helikopterləri iştirak edəcəkdilər. Omanın Masira adasından qalxacaq təyyarələrin üçündə (MC-130E modifikasiyalı) Delta qrupunun əsgərləri, üçündə isə (EC-130Es) yanacaq ehtiyatı daşınacaqdı.

Helikopterlər isə Oman körfəzində növbə çəkən "Nimitz" aviadaşıyıcı gəmisindən qalxacaqdılar. Onlar təyyarələrlə birlikdə cənub-şərq tərəfdən İran ərazisinə daxil olacaq və gecənin qaranlığında Tehrandan təxminən 400 km cənub-şərqdə "Səhra-1" şərti adı verilən nöqtədə yerə enəcəkdilər. Əməliyyatın həyata keçməsi üçün minimum 6 helikopterin işlək olması lazım idi.

Bu ərazini hələ martın 31-də kəşfiyyat uçuşu ilə mayor Con Karni müəyyən etmişdi. O, torpaq örtüyünü yoxlayaraq ağır təyyarələrin enə biləcəyi qənaətinə gəldi. Karni eniş üçün yararlı olan ərazinin əvvəlində sağ və solda 4, sonunda isə 1 olmaqla cəmi 5 uzaqdan idarəolunan infraqırmızı mayaklar yerləşdirdi. Eniş zolağını göstərən bu mayakların işiğını yalnız gecəgörmə cihazları ilə baxdıqda görmək mümkün idi.

"Səhra-1"-də helikopterlər C-130 təyyarəsində olan ehtiyat yanacaqla doldurulacaqdılar və 118 Delta xüsusi təyinatlısını götürərək Tehrandan 84 km-lik məsafədə yerləşən şərti adı "Səhra-2" olan növbəti nöqtəyə uçacaqdılar. Bu vaxta qədər hava artıq işıqlanacağından qrup həmin nöqtədə gizlənib yenidən qaranlığın düşməsini gözləyəcəkdi. Növbəti gecə isə Tehranda fəaliyyət göstərən MKİ agentlərinin gətirdikləri yük avtomobilləri vasitəsilə xüsusi təyinatlılar paytaxta doğru hərəkət edəcəkdilər.

Girovlardan 50 nəfər ABŞ səfirliyində, 3 nəfər isə İran xarici işlər nazirliyinin binasında saxlanılırdılar (sonuncular səfirlik tutulan zaman XİN-də idilər). Delta xüsusi təyinatlılarından 93 nəfəri səfirliyə, 13 nəfərin isə XİN-ə hücum etməsi planlaşdırırlırdı. Daha 12 nəfər isə Tehrandan 50 km məsafədəki Mənzəriyə aviabazasını ələ keçirəcəkdi.

Helikopterlər isə "Səhra-2"-dən səfirliyin qonşuluğunda yerləşən stadiona uçaraq gözləyəcək, əməliyyat bitdikdə girovları və xüsusi təyinatlıları götürərək Mənzəriyəyə uçacaqdılar. Burada onları "Lockheed C-141 Starlifter" təyyarələri gözləyəcəkdi. Uçuşdan öncə isə helikopterlər məhv edilməli idilər.

Xilasetmə əməliyyatının planı bundan ibarət idi. Onu səthi nəzərdən keçirmək yetərlidir ki, Entebbe əməliyyatından xeyli fərqli cəhətlərinin olmasını anlayasan. Ən əsas fərqlər ondan ibarət idi ki, birincisi, Entebbedə əməliyyat təyyarələrin bilavasitə endiyi və qalxdığı hava limanında həyata keçirilmişdi, İranda isə bir neçə nöqtədə eniş-uçuş həyata keçirmək lazım idi. İkincisi, girovları mühafizə edənlər Entebbedəkindən daha çox idilər.

***

"Qartal caynağı"nı həyata keçirəcək Birləşmiş hədəf qrupunun komandanı general Ceyms B. Vo təyin olundu. O, əməliyyata Misirdən rəhbərlik edəcəkdi və birbaşa ABŞ prezidentinə tabe idi. Əməliyyatın uçuş hissəsinə polkovnik Ceyms Kayl, yerüstü əməliyyata isə polkovnik Çarli Bekvit bilavasitə rəhbərlik edəcəkdilər.

Aprelin 24-də yerli vaxtla saat 18.05-də altı C-130 təyyarəsi Masira adasından havaya qalxdı. Onlardan 400 km şimalda, Oman körfəzindəki Nimitz gəmisində olan helikopterlər isə düz bir saat sonra, 19.05-də havalandılar. Onlar Çabahar şəhərindən 100 km qərbdə İran sərhədini keçdilər.

Şah dövründə ABŞ İran ordusunun əsas təchizatçısı idi. Buna görə də onun güclü və zəif tərəflərini yaxşı bilirlər. İran radarları barədə yüksək fikirdə deyillər, əvəzində dinləmə qurğularından çəkinirlər. Buna görə tam radiosusqunluq içində uçurlar. Sürətləri daha çox olan təyyarələr artıq xeyli irəlidədirlər.

Hava şəraiti idealdır. Gecə olmasına baxmayaraq, bədirlənmiş ay sayəsində görüntü əladır. Hava sakitdir. Uçuş üçün bundan yaxşı şərait arzu etmək olmaz. Lakin ilk uğursuzluq özünü çox gözlətmir. İran ərazisinə keçəndən az sonra helikopterlərdən birinin (sıra nömrəsi – 7) aparıcı vintinin pərində problem yaranır və yerə enməli olur. Onun heyətini digərləri götürür və yeddi helikopter uçuşu davam etdirir.

İrəlidə gedən təyyarələr isə qəfildən sanki qatı dumana girirlər. Ətrafda hər şey görünməz olur. Pilotlar nə baş verdiyini anlamayıb polkovnik Kaylı köməyə çağırırlar. O, isə bu coğrafiyaya yaxşı bələd olan Con Karnidən nə baş verdiyini soruşur. İllüminatordan baxan mayor Karni "Bu habubdur" deyir. Habub sözü isə nə Kayla, nə pilotlara bir söz demir.

Ərəbcə "əsən qəzəb" mənasını verən habub qum və toz fıtınasına deyilir. Soyuq hava kütləsinin səhranın qum örtüyünə təsiri nəticəsində yaranan habubun sürəti bəzən 100 km/saat-a çatır. Toz divarını xatırladan habubun eni onkilometrlərlə uzana, hündürlüyü və dərinliyi isə bir neçə kilometrə çata bilər.

Əməliyyat öncəsi əlbəttə ki, hərbi sinoptiklərdən hava proqnozu alınmışdı. Lakin o zaman amerikalılar yalnız 12 saatdan bir peykdən görüntü alırdılar. Habub isə bir neçə saatın içində yarana və yoxa çıxa bilər. Onu proqnozlaşdırmaq çətindir. Əməliyyat öncəsi sinoptiklərdən son məlumat 16.30-da alınmışdı və İran üzərində aydın hava proqnozlaşdırılırdı.

Kayl radiosusqunluğu pozaraq helikopterlərə habub barədə xəbərdarlıq edilməsini və uçuşa davam etmək barədə göstəriş göndərilməsini tapşırır. Lakin məlum olur ki, radistin kod dəftərində "toz tufanı"nı əvəzləyəcək söz yoxdur. Açıq mətnlə göndərmək isə təhlükəli ola bilər.

Saat 21.30-da ilk təyyarə "Səhra-1"-ə yaxınlaşır. Con Karni uzaqdan idarəolunan infraqırmızı mayakları yandırır. Təyyarələr bir-bir enməyə başlayırlar. MC-130E təyyarələrindən ikisi darısqallıq yaratmamaq üçün əsgərləri endirdikdən dərhal sonra geri qayıdır. Az sonra isə amerikalılar ilk gözlənilməzliklə üzləşirlər.

***

"Səhra-1"in yaxınlığından avtomobil yolunun keçdiyi amerikalılara məlum idi. Amma onlar nədənsə bu yolun işlək olmadığını, xüsusən də gecə vaxtı buradan kimsənin keçməyəcəyini düşünürdülər. Enişdən az sonra isə həmin yolda böyük bir sərnişin avtobusunun keçdiyini gördülər. Sərnişinlər də onları görürlər. Seçim yox idi, amerikalılar avtobusun qarşısını kəsib saxladılar, biri sürücü olmaqla 44 nəfəri nəzarət altına aldılar.

Bu zaman helikopterlər habub ilə yenicə üzləşirlər. İndiyə qədər paralel cüt-cüt uçan helikopterlər bir-birlərini itirdilər. Görmə qabiliyyəti sıfıra endi, maşınlar yalnız cihazların göstəriciləri əsasında idarə olunur. Belə bir vəziyyətdə helikopterlərdən birinin (sıra nömrəsi – 5) cihazları sıradan çıxdı və pilot geriyə qayıtmağı qərara aldı. Nəticədə əməliyyat üçün lazım olan minimum sayda, altı helikopter qaldı.

Habub təkcə görmə qabiliyyətini ənglləmir, helikopterlərin mühərriklərinin işinə də təsir edir, sürət aşağı düşür. Helikopterlər qrafikdən 1 saatdan çox geri qalırlar.

"Səhra-1"-də olanlar isə yeni sürprizlə üzləşirlər. Avtomobil yolu ilə benzin daşıyan bir avtosistern və onu müşayiət edən minik maşını keçir. Onları saxlaya bilməyən əsgərlər bazukadan atəş açırlar. Avtosistern partlayır, alov bir neçə kilometr radiusda görünür. Sərnişin yerində oturan həlak olur, sürücü isə müşayiətçi maşına minərək aradan çıxır.

Nəhayət, helikopterlər "Səhra-1"-ə çatmağa başlayırlar. Bu işdə onlara yanan avtosistern də mayak kimi kömək edir. Saat təxminən 1.00-da sonuncu helikopter (sıra nömrəsi – 2) yerə enir. Hərbçilərdə yaranan yüngüllük tezliklə pərişanlıqla əvəz olunur. Məlum olur ki, habub 2 saylı helikopterin hidravlik sisteminə ciddi xəsarət yetirib və pilot onunla uçmaqdan imtina edir.

Belə olduqda işlək helikopterlərin sayı beşə enirdi ki, bu da minimum saydan az idi. Xüsusi təyinatlıların komandiri Çarli Bekvit hər bir əsgərin ona lazım olduğunu söyləyərək onların və helikopterlərə qaldırılacaq silah-sursatın sayını azaltmaqdan imtina edir.

Ceyms Kayl general Vo ilə əlaqə saxlayaraq əməliyyatı dayandırmağı təklif edir. Vo isə prezidentə məruzə edəcəyini bildirir. İki saat yarımdan sonra prezidentdən cavab gəlir: "Qartal caynağı" əməliyyatı dayandırılır. Lakin bu hələ sadəcə uğursuzluq idi, əsl fəlakət hələ qabaqda idi.

***

Geri qayıtmaq üçün helikopterlərə yanacaq doldurulmalı idi. Sıra nömrəsi 3 olan helikopter havaya qalxdıqda pərlərinin qaldırdı toz yenə görüntü imkanlarını məhdudlaşdırdı. Pilotun yanlış manevrləri nəticəsində helikopter yerdə dayanan təyyarələrdən biri ilə toqquşdu. Baş verən güclü partlayışdan sonra hər iki maşın yanmağa başladı. Helikopterdə 3, təyyarədə 5 olmaqla 8 hərbçi həlak oldu, bir neçə nəfər ağır yaralandı.

ABŞ hərbçilərinin bir hissəsində hücuma məruz qaldıqları və helikopterin vurulması təəssüratı yaranır. Onlar bir müddət ətrafa nizamsız atəş açırlar. Daha sonra isə təlaş içində təyyarələrə oturub ərazidən uzaqlaşırlar. Bu zaman hətta helikopterləri və oradakı məxfi sənədləri məhv etmək əmri belə yerinə yetirilmir.

İran tərəfi hadisədən yalnız ertəsi gün xəbər tutur. Hadisə yerində onlar 8 ABŞ hərbçisinin (amerikalılar cəsədləri belə götürməmişdilər) və 1 iranlının cəsədlərini, 5 helikopter və onların içində İrandakı MKİ agentlərini ifşa etmək üçün ipucu olan sənədlər əldə etdilər.

Prezident Karter ertəsi gün günorta saatlarında televiziya ilə çıxışında girovları azad etmək üçün xilaseymə əməliyyatının uğursuz olması barədə məlumat verir: "Döyüş olmadı, atışma olmadı. Amma çox təəssüf ki, toqquşan iki maşının səkkiz ekipaj üzvü həlak olub".

Böyük bir dəstənin İran tərəfdən bir güllə belə atılmadan məğlubiyyətə uğraması İranda böyük ajiotaj və dini entuziazm yaratdı. Hadisə Allahın özünün İranı müdafiə etməsinin sübutu kimi qəbul olunurdu. Xomeyni amerikalıların mələklər tərəfindən dayandırıldığını iddia edir: "Ağayi Karterin maşınlarını kim əzdi? Qumlar əzdi! Onlar Allahın mələkləri idilər. Külək – Allahın mələkləri idi". Yəqin ki, haqqında Quranda bəhs edilən "Fil vaqeəsi" ilə və əbabil quşları da xatırlandı.

Amerikalılar isə dinsiz olmasalar da, Tanrının onlarla İran arasındakı insidentə müdaxilə etdiyinə inanmayaraq uğursuzluğu təhlil etməyə başladılar. Əməliyyatda iştirak edən helikopter pilotlarının tələblərə cavab vermədiyi qənaətinə gəlinərək analoji əməliyyatlar üçün 160 saylı xüsusi təyinatlı aviasiya alayı yaradıldı. Alayın pilotları müxtəlif uçuş aparatları ilə ən mürəkkəb meteoroloji şəraitdə, günün istənilən saatlarında, aşağı hündürlükdə uçmaq hazırlığı keçirlər.

"Qartal caynağı" əməliyyatından sonra hərbi xidmətdən istefa verən Çarli Bekvitin tövsiyəsi əsasında 1981-ci ildə Xüsusi Əməliyyatların Birgə Komandanlığı ( Joint Special Operations Command, JSOC) yaradıldı.

Uğursuzluğun Senat tərəfindən hərtərəfli tədqiqindən sonra isə 1987-ci ildə ABŞ hərbi qüvvələrinin bütün növlərindəki (Quru qoşunları, Hərbi Hava və Hərbi Dəniz qüvvələri) xüsusi təyinatlı dəstələrə vahid operativ rəhbərliyi həyata keçirən Xüsusi Əməliyyatlar Komandanlığı (United States Special Operations Command; USSOCOM) yaradıldı.

"Qartal caynağı" əməliyyatı ABŞ-a 150 milyon dollara, Cimmi Karterə isə prezident kürsüsü bahasına başa gəldi. Altı ay sonra keçirilən prezident seçkilərində Ronald Reyqan əzici üstünlüklə qalib gəldi. Bu isə 1980-ci illərdə dünyada gedən prosseslərdə önəmli rol oynadı. Beləliklə, Dəşti-Kəvir səhrasında qalxan habub tarixin gedişatına təsir etdi.

Girovlar isə Reyqanın andiçmə mərasimindən bir neçə dəqiqə sonra, Cimmi Karter artıq prezident olmadıqda azad edildilər.

Ana səhifəXəbərlərBoşa çıxan ”Qartal caynağı”