Borçalı üzərindən “Şimal oyunları”

Bu düşməni ona Kreml təqdim edir, hətta “mücahidləri” də.

Seymur Həzi, Foto:: Meydan TV


Təsadüf yoxsa, təxribat?..

Ötən günlərdə Gürcüstanda svanlarla azərbaycanlılar arasında yaşanan qarşıdurma bu ölkədəki soydaşlarımızın problemlərini yenidən gündəmə gətirdi. Ona görə də bu mövzuda xeyli suallar ortaya çıxıb:


  1. Bu sıradan bir məişət hadisəsidirmi?

  2. Qəsdən törədilmiş təxribatdırmı?

  3. Olayı kimlər planlaya bilər?

  4. Olayın arxasında Rusiyanın durduğu nə qədər əsaslıdır?

  5. Gürcüstan hökuməti niyə lazım olan reaksiyanı vermədi, ləng və tərəfli göründü?

  6. Azərbaycan dövləti özünü olaylara adekvat apara bildimi?


Buna məişət davası demək olarmı?

Olaylardan paylaşılan foto və videolardan aydın görünür ki, azərbaycanlılara qarşı svanların içərisində bir təşkilatlanma var. Bu təşkilatlanmanın elementlərini biz onların qadınlı- kişili, cavanlı-qocalı silahlanmasında görürük. Bu sanki bir dükan davasına reaksiya yox, cihad çağırışına yürüməkdir. Əlbəttə, bir çoxları olayın xırda, çoxdan təkrarlanan provakasiyalardan qəfil qızışdığını deyə, bunu məişət olayı kimi təqdim edə bilər. Biz də tam opponentlik etmək üçün eyni prosesi təşkil olunmuş hesab edirik. Bu çaxmaq daşından od almaq məntiqidir, yəni alov əldə edənə kimi qığılcımlı daşları bir-birinə sürtmək. Əlbəttə, bu versiya da yanlış ola bilər, amma istənilən halda görüntülər bizim üçün xeyli versiyanı gözdən keçirməyə əsas yaradıb.


Pərdənin arxasında kim var?

Gürcüstan azərbaycanlıları arasındakı vətəndaş cəmiyyətinin bəzi fəallarının da hadisə ilə bağlı müxtəlif qənaətləri var. Məsələn, belə bir versiya da var ki, olayın arxasında kilsə dayanır. Arxasında dedikdə biz təşkilatçılığı deyil, təşkil edilmiş hadisənin dəstəklənməsini nəzərdə tuturuq. Biz olayın sakitləşdirilməsində rol oynayan iki mühüm faktoru gözdən keçirək: bunlardan biri kilsə, digəri müsəlman din xadimləridir. Buradan aydın görünür ki, hadisələr dini zəmində qızışdırılır (buna qətiyyən yol vermək olmaz). Belə olmasaydı, tərəflər dini liderləri dinləməzdilər. Bu hazırda Ermənistan və Azərbaycan arasındadı sülhyaratma işinə çox oxşayır. Yəni dirijor çubuğunu kim qaldırmışdısa, o da endirdi. Bəs o çubuğu qaldırmağı kim tapşıra bilərdi? Burada biz Gürcüstan hökumətini axtara bilmərik. Çünki onlar belə bir qarşıdurmanının qalxmasına qətiyyən maraq göstərməzlər. Bir çox həvəskar şərhçilər hadisənin Gürcüstan tərəfindən Azərbaycana təzyiq məqsədi ilə törədildiyini desələr də, bu elə də əsaslı versiya deyil. Çünki Tibilisi bunun necə risk olduğunu yaxşı bilir. Təbii ki, keçmiş sovet ölkələrində bu cür marjinal quruplar daima Moskvanın təsirində olublar. Rusiyanın buradakı marağı Kilsənin daxildəki marağı ilə üst-üstə düşür. Kreml istəyir ki, azərbaycanlılara qarşı hərəkətlər Azərbaycanda daxili ictimai rəyi Gürcüstana qarşı təşkilatlandırsın və bununla da rəsmi Bakını bundan sonrakı infrastruktur layihələrində Ermənistan üzərindən planlar qurmaq üçün rahat yola gətirə bilsin. Kilsə isə özünün mənəvi hakimiyyətini gücləndirmək üçün mütləq daxildə bir düşmən yaratmalıdır. Bu düşməni ona Kreml təqdim edir, hətta "mücahidləri" də. Belə halda, Kremlə sonda xeyir-dua vermək qalır.


Gürcüstan hökuməti niyə ləng tərpənir?

Əslində, belə fikirlər var ki, Gürcüstanda azərbaycanlılara milli azlıq kimi münasibət daima ehtiyyatlı siyasi xətt üzərindən aparılıb. Ən dinc dövürlərdə belə azərbaycanlı faktoru Azərbaycanla münasibətdə təsir amili kimi nəzərə alınıb. Amma burada ciddi bir məsələ var: Gürcüstan bu amilə özünün qapalı otaqlarında təhlükə perespektivi kimi baxırsa, deməli, onun qızışmasını istəməz. Bəs elə isə niyə polis silahlanmış svanlara daha loyal yanaşır? Onlarla birlikdə kolonlarla azərbaycanlılara doğru addımlayır? Belə izahlar var ki, bu görüntülərdə polislərin sayı əlidəyənəkli svanların sayından az olduğu üçün müdaxilə etməyiblər. Amma biz düşünürük ki, ən yaxşı halda gürcü hökuməti qarşıdan gələn seçkilərdə səs itirməmək üçün gürcülərin də dəstəklədiyi xristian svanlarla lazımi qaydada davranmayıblar.


Azərbaycan "sindromu"

Azərbaycan baş vermiş olaya münasibətdə xeyli xoşagəlməz davrandı. İlk növbədə olayı operativ araşdırmaq üçün Gürcüstan hökumətinə çağırış səfir səviyyəsində olmamalı idi. Bunu ən azı xarici işlər naziri və ya onun müavinlərindən biri, ya da prezidentin köməkçilərindən biri etməli idi. Üstəlik, Diaspora Komitəsinin bölgəyə gedən heyətinin hadisə yerinə gedib çıxmadan Heydər Əliyevin abidəsini ziyarətə yollanması o demək idi ki, onlar hadisənin ciddiyyətinin fərqində deyillər və soydalarımızın da başına gələnlər onları elə də maraqlandırmır. Hələ səfirin və müvafiq komitənin nümayəndələrinin olay yerinə gedib çıxa bilməməsi belə hadisələrə son qoyulması üçün lazımı işlərin getdiyinə dair fikirləri sual altına alır…

Ana səhifəXəbərlərBorçalı üzərindən “Şimal oyunları”