Zərdüşt Əlizadə
Ölkəmizdə gur inkişaf edən sahə məmurluqdur
Pul adamın gözünü tutur, göz önündə olanı görəmmir. Azərbaycan dövlətini idarə edən hakim siyasi sinfin pulu həddən artıq çoxdur deyə, nə ayaqlarının altını, nə də yer üstündə olanları heç cür görmürlər.
Sizin həqir bəndəniz belə qəziyyə ilə həyatında bir neçə dəfə rastlaşıb. Yaşlı nəsilə yaxşı tanış olan bir qəziyyəni yada salmaq istərdim. Sovet alimləri Sovet İttifaqı Kommunist Partiyasının rəhbərlərinə palaz-palaz məktublar göndərib sovet quruluşunun dərin böhran içində olduğunu, sistemin çökmə ərəfəsində çabaladığını demişdilər. Yaxşı halda onlara “gedin ağlınıza dua yazın” demişdilər, pis halda işdən qovmuşdular, həbsə atmışdılar. Məne-biçarə hərdən özlərindən hədsiz razı Mərkəzi Komitə işçilərini görəndə heyrətə gəlirdim ki, onlar bu əhval ilə necə öz gönlərinə sığmağı bacarırlar. Müxtəsər, vəziyyət o qədər qəlizləşdi ki, dünyanın qüdrətinə görə ikinci dövləti gurultu ilə çökəsi oldu. SSRİ-ni xilas etmək işində gönlərinə sığmayan minlərlə sovet rəhbərlərindən heç biri görünmədi.
İkinci qəziyyə sizin həqir bəndənizin bilavasitə iştirakı ilə vaqe oldu. 1989-cu ildə 3 (üç) dəfə AXC İdarə Heyətinə məruzə etdim ki, sovet rəhbərliyinin məlum bir fəndi var, müxalifət təşkilatına saldıqları KQB casuslarının dili ilə cahil kütləyə zahirən ədalətli, əslində qanunsuz bir tələb naminə sona qədər dirənəcəklərinə and içdirirlər. Sonra isə ordu gəlib silahsız xalqı əzir, müxalifətə inam sarsılıb dağılır, hakimiyyət qalır elə həmin hakim zümrənin əlində. Hər mənim məruzəmdən sonra öz qabiliyyətlərini 30 il ərzində artıq əməlləri ilə əhalimizə və dünyaya sübut etmiş AXC üzvləri üstümə qabarıb deyirdilər ki, “yava-yava danışma, ordu xalqa güllə atmaz, hakimiyyət bizdən qorxur”.
1990-cı ilin yanvar ayının 20-də baş vermişlər kimin haqlı olduğunu sübut etdi.
Di gəl ibrət götürdülərmi? Adət etdikləri və bacardıqları minvalla xalqı sürüyüb-sürüyüb indiki möhnətə saldılar. Necə möhnətdir, daha deməyəcəyəm, hamıya bəllidir. Xalqın bütün hüquqları ayaq altındadır.
İndi də sizin həqir bəndəniz dövlətin əhvalına baxıb görür ki, böhran əlamətləri qəlizləşir. Baxıb görür ki, hakimiyyət maralları pulun çoxluğundan sərməst olub dünyanı görmür və anlamır. Bu yandan da tarixi Qarabağ zəfəri cəmiyyətin əksəriyyətinin onsuz da yaxşı görməyən gözünü tutub, hamı durmadan şadyanalıq edir və elə bilir ki, bu səbətin dibindən gilas daima töküləcək.
Müftə təbii sərvət gəlirlərinə uymuş və milli istehsalı inkişaf etdirmək kimi ağıl, zəhmət və qabiliyyət tələb edən vəzifədən könüllü imtina etmiş dövlət rəhbərləri onların könlünü oxşayan şəxsi varlanmaq işi ilə məşğul olduqlarından burunlarının ucundan uzağa baxa bilmirlər və ölkəni gözləyən qaçılmaz böhranı anlamırlar. Sizin həqir bəndəniz yüz kərə yazıb, yenə yazıb deyir ki, əgər xalqımız indiki hakimiyyətin qabiliyyətinə ümid edib elə indiki kimi yaşasa, artıq nəvələrimiz yox, elə balalarımız ciddi təhlükə ilə üz-üzə qalacaq. Neft hasilatı azala-azala gedir, dünya alternativ enerji mənbələrini inkişaf etdirir. Azalan neft ucuzlaşsa, Azərbaycanın tədiyə balansı mənfiyə enəcək və indi mənasız beynəlxalq tədbirlərə və şəxsi ciblərə sovrulan Neft Fondu 2-3 ilə tükənəcək.
Azərbaycan klassik tüfeyli dövlətdir, öz istehsalının hesabına deyil, təbii sərvətdən gələn gəlir hesabına yaşayır. İldə əhalinin istehlak etdiyi 20 milyardlıq xaricdən alınan malın hesabı neft-qaz pulu ilə ödənir. Bu pul kəsilsə, heç kəs Azərbaycana müftə ərzaq və sənaye malları verməyəcək.
Müftə gəlir olmasa, əhali tumançaqmı gəzməlidir? Əhali acındanmı ölməlidir?
Cavab sadədir: əhali özü istehsal etməlidir! Xalqımız istedadlı və zəhmətkeşdir, işləmək və halal zəhməti ilə yaşamaq istəyir.
Hakimiyyət qoyur ki?! Məmur təbəqəsi əhalini hörümçək toru kimi qadağalar və “dinmə-ver”lərlə bürüyüb işləməyə, qazanmağa qoymur. İstənilən gəlir gələn yerə məmur təbəqəsi əlini və burnunu soxub mane olur.
Uzağa getməyək, rəvan işləyən və əhaliyə rahatlıq gətirən taksi məsələsinə saxta bəhanələrlə müdaxilə etmiş hakimiyyət ona nail oldu ki, qiymətlər ikiqat qalxdı.
Ölkədəki kənd təsərrüfatına yararlı torpaqların 12%-i hakimiyyətə məxsus “aqropark”ların əlindədir. 12% torpaqda bizim hakimiyyət mənsubları nə qədər məhsul istehsal edir? Ölkədəki məhsulun 2%-ni. Qabiliyyətləri yalnız buna çatır.
Azərbaycana sovetdən qalmış sənaye müəssisələrini ya xaraba qoydular, ya da məlum bölgədən gətirilmiş qohum-əqrəbaya peşkəş etdilər. Nəticədə sənaye demək olar ki, yoxdur.
Sovet Azərbaycanı dünyanın 67 ölkəsinə cihaz və dəzgah ixrac edirdi. İndi biz enmişik Liviyanın səviyyəsinə, pomidor-xiyar-badımcanı saymasaq, karbohidrogen satırıq.
Ölkəmizdə gur inkişaf edən sahə məmurluqdur. Sovet vaxtı məmurlar yalnız rus dilini bilirdilər, indiki məmurlar üstəgəl ingilis dilini, bəziləri üstəgəl fransız dilni bilir. Xarici dil bilir, lakin xalqın dilini bilmir, xalqın azadlıq, sərbəstlik, ləyaqət, əmin-amanlıq istəyini heç cür başa düşmür. Xalq deyir, danışır, yazır, onu eşidən yoxdur. Küçəyə çıxıb bağırmağa başlayanda hakimiyyət tərçüməçi kimi əli zopalı DİN kadrolarını çağırır. Ardı məlum.
Camaatın istəyini yazan jurnalistlər şərlənib məhbəsə atılıblar, yarım ildir onlara iş tikirlər. Rüşvətdən yağlanmış məmurlar yarıac-yarıtox yaşayan jurnalistlərə xaricdən ölkəyə qaçaqçılıq yolu ilə bir neçə min avro gətirmək ittihamı tikirlər.
Sizin həqir bəndəniz sovet vaxtı belə-belə işləri çox görüb. Həqiqəti deyənləri şərləyib tuturdular. Elçibəy, üstəgəl əhalinin siyasi cəhaləti olmasaydı, belə biabırçı işlər Azərbaycanda dəxi təkrar olunmazdı. Lakin, Eynşteyn demişkən, Kainatın hüdudu, ola bilsin ki, var, fəqət insan səfehliyinin hüdudu yoxdur. Məhz belə səfehliyin ucbatından Azərbaycan dərin böhran ərəfəsindədir, lakin mediaya baxsaq, elə bilərik bir nömrəli vəzifə Ermənistanı öz Konstitusiyasını dəyişdirməyə məcbur etməkdir, iki nömrəli vəzifə kimin öz vücudunu Milli Məclisə saldırmaq uğrunda gedən itələşmədə zirək çıxmasıdır.
Mən nikbinəm. Əhali və dövlət olmasa da, hansısa məxəzlərdə dünyada Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Mİrzə Ələkbər Sabir, Mirzə Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyov, Cəfər Cabbarlı, Səməd Vurğun, Qara Qarayev kimi insanların bu dünyada yaşayıb-yaratdıqları barədə məlumat qalacaq.