BMT Suriyanın şimal-qərbində qətliam olacağından ehtiyat edir

Tərəflər atəşkəsə dəvət ediliblər

Source:


Tərəflər atəşkəsə dəvət ediliblər

Birləşmiş Millətlər Təşkilatı cümə günü Suriyanın şimal-qərbindəki döyüşlərin “qətliama” səbəb ola biləcəyi barədə xəbərdarlıq edərək, yenidən tərəfləri atəşkəsə çağırıb.

“Reuters” xəbər verir ki, Rusiya tərəfi, onun dəstəklədiyi Suriya hökumətinin hücumlarından sonra əhalinin kütləvi şəkildə Suriyanı tərk etməsiylə bağlı məruzələri təkzib edib. Rusiyanın hərbi-hava qüvvələrinin dəstəyi ilə Suriya qoşunları dekabr ayından bəri bölgədəki üsyançıların son istehkamlarını yıxmağa çalışır. İndiyədək təxminən 400 min suriyalı öldürülüb, milyonlarla insan didərgin düşüb və ölkənin böyük hissəsi xarabalığa çevirilib.

Hələb və İdlibin şimal-qərb bölgələrində baş verən son hücum nəticəsində isə təxminən 1 milyona yaxın insan, əksəriyyəti qadın və uşaq olmaqla, evlərini tərk etmək məcburiyyətində qalıb. Hazırda 3,7 milyon suriyalı qaçqına sıınacaq verən Türkiyə yeni bir axınının öhdəsindən gələ bilməyəcəyini deyib. Rəsmi Ankara bəyan edib ki, Suriyanın İdlibdəki irəliləməsini dəf etmək və bölgədəki humanitar böhranı azaltmaq üçün hərbi gücdən istifadə edə bilər.

Rusiya Müdafiə Nazirliyi İdlibdən Türkiyə sərhədinə doğru qaçan yüz minlərlə suriyalı haqda xəbərlərin yalan olduğunu deyib və Ankaranı İdlib sakinlərinin Suriyanın digər bölgələrinə girməsinə imkan yaratmasını istəyib. Türkiyə və Rusiya Suriya münaqişəsindəki bir-birinə qarşı olan tərəfləri müdafiə edir və siyasi həll yolunda əməkdaşlıq edirlər. Suriya prezidenti Bəşər Əsədin şimal-qərbdəki hücumu Ankara ilə Moskvanın bir-birini bölgədəki deeskalasiya sazişlərini pozmaqda ittiham etməsinə səbəb olub və aralarındakı kövrək əməkdaşlığı pozub.

Ana səhifəDünyaBMT Suriyanın şimal-qərbində qətliam olacağından ehtiyat edir