Biz niyə Şuşaya qayıtmırıq?

Dekabrın 13-də saytlarda gedən bir xəbər diqqətimi çəkdi.

Mənbə: Meydan TV


Yaxud Xocalı polisinin repetitor əməliyyatı

Rus "sülhməramlıları" erməniləri Qarabağa daşımaqda davam edir. Təkcə onları daşımır, eyni zamanda ermənilər üçün Rusiyadan yük də daşıyır, ya Yerevan, ya da Azərbaycan vasitəsilə. "Sülhməramlı" missiyasına dəxli olmayan tikinti materialları, texnika, silah-sursat da daşınır Qarabağa.

Razılaşmada belə nəzərdə tutulmuşdu ki, rus kontingentinin Qarabağa gəlişiylə paralel olaraq Ermənistan qoşunları da münaqişə zonasından çıxarılacaq. Rus qoşunu gəlir, ancaq Ermənistan ordusu çıxmır, çıxmaq istəmir. Son günlər baş verənlər də, əsgərlərimizin öldürülməsi də bunun sübutudur. Erməni qoşunlarını Azərbaycan ərazisindən çıxarmaq missiyası ilə gecəykən Qarabağa soxulan ruslar yenə erməninin tərəfindədir. Azərbaycanın antiterror əməliyyatına müdaxilə edib erməni terrorçularını qorumaqla yetərlənməyib xəritə dəyişikliyi edir və ordumuzun təmizlədiyi ərazidə qanunsuz olaraq post qurur. Bizsə susuruq. Heç bir addım atmırıq. Ermənilərin rusun nəzarətiylə, bizim bayrağımızın altından (nəzarətimizdən) keçmədən Qarabağa daşınmasına seyrçi qalırıq.

Bəs biz niyə Qarabağa qayıtmırıq? Başqa yerlərlə aydındır, evləri salamat olan Laçına bizi buraxmırlar, ancaq rəsmilərimiz Şuşanın bizdə olduğunu deyir axı, əsgərlərimiz də ordan tez-tez şəkil, video paylaşır. Şəhərdə dağıntı az olub, ermənilər qayıdıb Xankəndidə yaşadığı kimi, biz də qayıdıb Şuşada yaşamalıyıq. Ermənilər Şuşada 5 min nəfərin yaşadığını deyirdi. Deməli, ən azı 5 min şuşalı – qalalı evinə qayıda bilər. Bu işdə bizə erməniləri Qarabağa köçürməkdə təcrübə qazanmış rus “sülhməramlıları” yardımçı ola bilər, uzaq yol da düşünməyə gərək yox, elə bu gün də işlək olan köhnə yolla – Ağdam-Şuşa yoluyla qayıda bilər qaçqınlarımız, ermənilər Xankəndiyə qayıtdığı kimi. Ermənilərə yükləri də Gəncədən və Bərdədən ruslar həmin yolla daşıdılar. Təhlükəsiz yol olduğu bilindi, yəni minalardan təmizlənib. Qalır adamların köçürülməsi. Bilmirəm, Şuşaya qayıtmaq istəməyən qalalı varmı? İnanmıram. Neçə illərdir qaçqınlarımızdan eşidirik: “Torpaq alınsın, ora ayaqyalın, başaçıq, dizin-dizin sürünə-sürünə gedərəm!”

Nə qədər qaçqınımız torpaq həsrətiylə vaxtsız öldü, təəssüf ki, o vaxtsız ölümlər bu gün də davam edir. Bəlkə, onları yurdlarına qaytarmaqla bu vaxtsız ölümlərin də qarşısını ala bilərik. Niyə bu addımı atmırıq, kimi gözləyirik? Daha çox dağılmış Xankəndidə məğlub ermənilər həyatı bir neçə günə bərpa etdisə, iqtisadi qüdrəti Ermənistandan qat-qat güclü olduğu deyilən qalib Azərbaycan nədən Şuşada həyatı qısa zamanda bərpa edə bilməsin? İşıq var, su var, yəqin, qaz da var. Ötürücü stansiyaların belə quraşdırıldığı deyilir. AzTV-lər də göstərəcək. Çörək sexi də işləyir, mağazaları da işə salmaq bir günlük zaman tələb edə bilər. Siz adamların qayıtmağını gerçəkləşdirin, qalanını özləri həll edəcək, illərdir həsrətini çəkdikləri həyatı quracaqlar, bu işdə qarabağlıların bacarığına kimsənin şübhəsi yoxdur…

Dağılmış, viran qoyulmuş rayonlar aydındır, evlər tikilməli, infrastruktur bərpa olunmalıdır. Şuşada var axı bunlar. Həm də bu qayıdış ordumuza da dayaqdır…

***

Dekabrın 13-də saytlarda gedən bir xəbər diqqətimi çəkdi. Çəkici başlığı vardı: “Goranboyda gizli fəaliyyət göstərən repetitor kursu aşkarlanıb”.

“Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində inzibati ərazilərində xidmət aparan zamanı Goranboy rayon Yenikənd kənd sakini Xalid Əmirova məxsus fərdi yaşayış evində gizli şəkildə fəaliyyət göstərən repetitor kursu aşkarlayıb”. İlahi, nə uğurlu əməliyyat!

Qarabağın bir hissəsi işğaldan azad edilib, bu gün Xocalı rayonunun polis əməkdaşlarının əməliyyat meydanı oradır, – Qarabağdır, Xocalının özü də olmasa, kəndləridir. Goranboyda bir müəllimin uşaqlara dərs keçməsi, onlara savad verməsi (gizli olsa belə) cinayət deyil. Cinayətlər (həm də aşkar cinayətlər) 28 ildir həsrətində olduğumuz, bu gün müzəffər ordumuzun işğaldan qurtardığı Xocalıda baş verir, bizə orda ehtiyac var. Repetitorlarla gənc təhsil naziri Emin Əmrullayev özü məşğuldur, polisin əməliyyatına gərək yoxdur…

Ana səhifəXəbərlərBiz niyə Şuşaya qayıtmırıq?